Sosial şəbəkələrdə ÖRDƏK SİNDROMU

Sosial şəbəkələrdə ÖRDƏK SİNDROMU

Sosial şəbəkələrdə sanki hamı xoşbəxtdir. Birdən adama elə gəlir ki, bu dünyada hamıdan arxada qalan təkcə özüdür və ya hamı həyatdan maksimum zövq alır və o, necə yaşamaq lazım olduğunu belə bilmir. Hamı hər zaman gözəldir, hamı hər zaman təbəsssümlüdür və hamı sevdikləri ilə birlikdə mehribandır. Telefonu əlimizə alıb sosial şəbəkələrdən birinə daxil olmaq kifayət edir ki, bütün bu qeyd edilənlərin şahidi olasan. Öz gözəlliyindən zərrə qədər şikayəti olan, sosial-iqtisadi problemlər səbəbi ilə üzündən təbəssümü azalan, ailədə və sevdikləri ilə aralarında olan mehribanlıq körpüləri zədələnmiş insanlar da gördüklərinin şokundan öz dərdlərini unudub gördüklərinin dərdinə düşürlər.

Əslində isə hər bir insanın xoşbəxtlik haqqında münasibəti fərqlidir. Bəziləri xoşbəxtliyi doya-doya yaşamaq və hiss etmək istəyir, bəziləri isə virtual mühitlərdə əslində olmayan xoşbəxtliklərini bölüşmək və başqalarına nümayiş etdirmək arzusu ilə yaşayırlar. Araşdırmalar göstərir ki, əslində xoşbəxt olmayıb xoşbəxt olduğunu göstərmək istəyənlərin sayı günü-gündən çoxalır. Texnologiyanın, xüsusən də internetin inkişafı ilə virtual xoşbəxtlik də artıb. İnsanlar özlərini gözəl, varlı və məsud kimi göstərərək qısa müddətlik xoşbəxt olmağa çalışırlar. Bu situasiya hər nə qədər bəziləri üçün yaşadıqları həyatda maraqlı bir zəmin yaratsa da, ətraflarındakı insanların psixologiyasına mənfi mənada təsir edir.

Yuxarıda qeyd etdiklərimə nümunə olaraq bir ailə modeli düşünün. Bəy və xanım əvvəlcədən həftə sonu kinoteatrda film izləməyi planlayırlar. Filmin nümayiş olunacağı gün evdən çıxıb kinoteatra gedəcəkləri zaman evin bəyi həyat yoldaşına gec hazırlandığı üçün əsəbiləşir. Evdən çıxarkən mübahisələri başlayır. Liftin güzgüsündə də bəzənməyə davam edən xanımla bəyin mübahisəsi davam edir. Yolda maşınları tıxaca düşür. Adam bir tərəfdən ətrafındakı maşınların sürücülərinə əsəbiləşir, bir tərəfdən də gecikmələrinə səbəb olan həyat yoldaşına ən ağır ifadələri işlədir. Gəldikləri məkanda maşını park etmək üçün yer tapa bilmədikləri üçün bir neçə dəfə eyni məkanı dövr edirlər və bu zaman əsəblər daha da gərginləşir. İzlədikləri film isə heç xoşlarına gəlmir. Filmin sonunda evin xanımı bərbad bir film seçdiyi üçün öz həyat yoldaşını günahlandırır. Mübahisə edə-edə evə qayıdırlar. İstirahət etmək üçün getdikləri məkandan yorulmuş vəziyyətdə qayıtdıqları üçün bütün günləri bərbad olur. Üzlərində nə bir təbəssüm, nə də ki, əhvallarında xoşbəxtlikdən əsər-əlamət qalır.

İndi gələk bu hadisənin sosial şəbəkələrdəki vəziyyətinə. Düşünün ki, bu cütlük sizin dostunuz və ya yaxın qohumlarınızdan biridir. Eyni zamanda sosial şəbəkələrdə bir-birinizi izləyirsiniz. Bütün bu hadisələr baş verən gün siz öz evinizdə rahat ev paltarınızda  xoşbəxt və stresdən uzaq bir gün keçirirsiniz. Bu əsnada whatsapp durumunuzu və ya  instagram səhifənizi həmin dostlarınızın şəkilləri bəzəyir. İki gülümsəyən üz, əllərində böyük bir qabda popkorn və arxa fonda da izlədikləri filmin posteri.  Rəsmin altında belə yazılıb: “Gözəl bir yaz axşamı, mükəmməl bir film, isti popkorn və eşqim”. Cümlənin sonunda da qırmızı bir qəlb.

Bu “mehriban və xoşbəxt” cütlüyün şəkillərini izlədikdən sonra bütün əhvalınız pozulur. “Mən evdə ev paltarında oturmuşam, sadə çay içirəm, millət isə necə də əylənir!” deyib özünüzü çox məyus hiss edirsiniz. Əgər bütün bu olanları evdə həyat yoldaşınız da izləyirsə, sizin işiniz daha da çətinləşir.  Elə sosial şəbəkələrin illüziyası da budur. Hər kəs ucu-bucağı olmayan podiumlarda poz verir və izləyicilər də bu böyük müqayisə oyununu təqlid edirlər.  

Sosial şəbəkələrdə xoşbəxt görünmək üçün kifayət qədər cəhd edilir. Ancaq ekranda bu cəhd görünmür. Stanford Universitetində qeyd etdiyimiz mövzu ilə əlaqəli araşdırma aparan tədqiqatçılar bu vəziyyət üçün bir termin ortaya qoyublar. Bu terminin adı The Duck Syndrome - “Ördək sindromu”dur. Ördəklər də suda üzərkən sanki heç bir əziyyət çəkmədən rahat və sakit bir şəkildə üzürmüş kimi görünürlər. Halbuki suyun altında qalan ayaqları bir mexaniki alət kimi dayanmadan çalışır, əziyyət çəkir. Kənardan baxıldığı zaman bu hərəkətlilik heç bir şəkildə hiss edilmir. Bu hadisədə nə qədər əziyyət çəkdiyini sadəcə ördəyin özü bilir. Sosial şəbəkələrdə suyun altında qalan hissələr də ekranda görünsə, inanın ki, heç kim başqalarına baxıb əhvalını korlamaz. Hər kəs anlayar ki, insanlar sosial şəbəkələrdə xoşbəxt görünmək üçün nə qədər bədbəxt bir həyat yaşayırlar.  

Odur ki, insanlar xoşbəxt görünməkdən daha çox xoşbəxt olmağa üstünlük verməlidirlər. Sosial mediada paylaşılanlar isə sadəcə şəkildir.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz