Qurbanı qurban verməyək

Qurbanı qurban verməyək

Bəzi məsələlər var ki, hər il yenidən gündəmə gətirilir, bayat yemək kimi təkrar-təkrar isidilib servis edilir. Əlbəttə, burada məqsədyönlü qaranlıq iradənin milli-mənəvi dəyərlərimizi, ailə bütövlüyümüzü, əxlaqi məziyyətlərimizi hədəf aldığı bəllidir. Bunun üçün biz də hər il eyni məkrli iddialar qarşısında həqiqət pəncərəsindən süzülən aydınlıq haləsinin parıltılarını səhifələrimizdə əks etdirməyə çalışırıq, əlimizdən gəldiyi, dilimizin döndüyü və məhdud səhifə kənarlarının icazə verdiyi qədər.

Qurban bayramı ərəfəsində yenidən müsəlmanlara dil uzadaraq qınaq topları ilə atəş açanlar olacaq: “Nahaq yerə bu qədər heyanı tələf edirlər”, “Heyvanların da yaşamaq haqqı var”, “Bura xərclənən pul kasıblara verilsəydi, dünyada kasıb qalmazdı” və s. Madam ki burada dilimə bu üç cümlə gəldi, elə bu üç iddiaya bizi düşündürməli olan suallar işığında qısaca cavab verməyə çalışım. Ən tutarlı cavablar təfəkkür qapısının ardında gizlidir.

Uca Rəbbimiz yer üzünü sayını bilmədiyimiz milyonlarla canlılarla bəzəyərkən Rəzzaq ismi-şərifi ilə hər birinin ruzisini, nə ilə qidalanacağını təyin etmiş, heç birini ac qoymamışdır. Aralarında bir qismi ot-ələflə qidalansa da, böyük əksəriyyəti canlı orqanizmlərin qida kimi qəbul edilməsi sayəsində həyatını davam etdirir. Bu qida zəncirinə balinadan ilana, qağayıdan ağ ayıya kimi bütün canlılar daxildir. Zəncirin bir halqası qırılarsa, bunun zərəri növbəti halqa ilə məhdud qalmır, digər halqaları da qidadan məhrum qoyaraq ekosistemi laxladır. Odur ki, hansısa bir heyvan növünün qida kimi qəbul edilməsi onun tələf edilməsi, məhv edilməsi demək deyil. Əgər işin içində zövq üçün öldürmək, israf etmək yoxdursa, bu, qida zəncirinin, yəni digər canlıların həyat fəaliyyətinin davam etməsinə xidmət edən bir prosesdir. Digər canlılar üçün bu belədirsə, bəs yaxşı, canlı həyatın, qida zəncirinin ən əsas halqalardan biri olan insanın sağlam və müvafiq qidalanmaq hüququ yoxdurmu?!

O ki qaldı hevyanların yaşamaq haqqına, buna cavab mahiyyətində bir neçə sual vermək istəyirəm. Sizcə, təmizliyinə riayət edilməyən evlərin künclərini bəzəyən hörümçəklər heyvan deyilmi? Yaxud milçəklər, ağcaqanadlar heyvan deyilmi? Bəs taxtabiti, yaxud birə necə? Əqrəbləri, ilanları demirəm, onlar da gəlib aramızda sərbəst yaşaya bilərmi? Niyə bu “etirazçılar” təkcə qoyunların, inəklərin hüququnu qorumaq üçün bu cür canfəşanlıq edirlər? Heyvanları zərərli-zərərsiz, yeməli-yeməməli, ağ-qara, böyük-balaca deyə ayırmaq haqsızlıq deyilmi? Daha bahalı kürk geyinib modanı təqib edərkən, suşiləri, xərçəngləri, canlı balığın yarısını bişirib digər yarısını doğrayanları demirəm. Onların məhv etdiyi heyvanlar heyvan deyilmi? Elə isə “yaşamaq haqqı” deyərək dini ayinlərimizə dil uzatmaq cahillikdən başqa bir şey deyil. Zövq üçün keçini hündür binadan atmaqla festival keçirənlər, matador yarışlarında qanına qəltan olmuş heyvanlara tamaşa edərək əylənənlər isə təkcə cahil deyil, həm də canidirlər.

Bir də ibadət üçün xərclənən pulun kasıblar üçün xərclənməsini təklif edənlər var. Halbuki insanları kasıblara yardım etməyə, acları doyurmağa, miskinə yiyə durmağa, paltarsızı geyindirməyə təşviq edən elə dinin özüdür. Qurandan bir misal verim; bir vaxtlar Saleh peyğəmbərin halal-haram haqqında dediklərini qəbul etmək istəməyən, ağılları kəsməyən, niyə özləri kimi dünyaya dalmadığını dərk etməyənlər ona belə sual vermişdilər: “Sənə bunu namazın əmr edir?” (Hud, 87). Yəni insanı halal qazanmağa, tərəzidə düzgün olmağa, zülm etməməyə, qarşılıq gözləmədən yardım etməyə təşviq edən məhz namazdır, dindir, insanın Rəbbinə olan etiqadıdır. Elə isə “bu pullar din yoluna sərf edilməsəydi, dünya güllük-gülüstanlıq olardı” demək sadəlövhlükdür. Qalaq-qalaq pul yığdığı halda yardım üçün xərcləməyən, xəzinələrinin, seyflərinin açarlarının sayını itirən Qarun kimi insanlar çoxdur. Onların arasından kasıba xərcləmək üçün pay ayıranları bu işə təşviq edən məhz inancları, Allahın rəhmətinə olan ümidləridir. Həcc və onun bir parçası olan Qurban da məhz insanları ağ-qara, böyük-balaca deyib ayırmamağa, varlı-kasıb demədən bir-biri ilə yardımlaşmağa, bir-birini tanıyıb başa düşməyə sövq edir. Qurban ətinin paylanması, kasıblara, imkansızlara çatdırılması xüsusu bu ibadətin heç də heyvanların tələf edilməsindən ibarət olmadığını göstərir. Bunu da unutmayaq ki, dinimizin bir çox ibadətləri – qurban, sədəqə, kəffarə, zəkat, fitrə - məhz zənginlərin kasıblara yardım etməsi ilə icra edilməkdədir.

Bir xüsusu da vurğulayım ki, dinimizdə qurban kəsilərkən heyvana qayğı göstərilməsi, əziyyət verilməməsi, bıçağın iti olması, heyvanın gözlərinin bağlanması, israf edilməməsi, sənin ehtiyacın yoxdursa ehtiyacı olana verilməsi kimi bir çox incəliklər var ki, bunun bənzəri heç bir adət-ənənədə, yaxud restoranda, festivalda yoxdur. Odur ki, belə zərif bir paylaşma mühitini özündə əks etdirən və bəndəni Allaha yaxınlığa vasil edən Qurbanı hansısa qərəzli fikirlərə qurban verməməliyik.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz