Bir Hədis
عَنْ خَالِدِ بْنِ الوَلِيدِ ، قَالَ: قَالَ النَّبِيُّ صلى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ أَشَدَّ النَّاسِ عَذَابًا يَوْمَ الْقِيَامَةِ أَشَدُّ النَّاسِ عَذَابًا لِلنَّاسِ فِي الدُّنْيَا
Xalid ibn Vəlidin rəvayət etdiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Qiyamət günü ən şiddətli əzab görəcək kəslər dünyada insanlara ən çox işgəncə edənlərdir". (Müsnəd, IV, 90)
Hədisi-şəriflərdə zülm (işgəncə) etmək ifadəsi haqsız davranışları ifadə etmək mənasında işlədilmişdir. Bir qüdsi hədisdə Uca Allah belə buyurmuşdur: "Ey qullarım! Mən zülmü özümə haram qıldım və onu sizin aranızda da qadağan etdim. Bir-birinizə əsla zülm etməyin". (Müslim, Birr, 55) Həzrət Peyğəmbər (s.ə.s): "Allahım! Kasıblıqdan, qıtlıqdan, zillətə düşməkdən, zülm etməkdən və zülmə məruz qalmaqdan Sənə sığınıram", - deyərək dua etmişdir. (Müsnəd, II, 540).
Hədislərdən anlaşıldığı kimi, insanlara zülm və işgəncə vermək, haqlarını tapdalamaq və mal-mülklərini qəsb etmək axirətdə qarşılığı çox şiddətli bir əzab olan davranışlardır. Bir ayədə zülm və işgəncə etməyin qarşılığı belə açıqlanmışdır: "Şübhəsiz, mömin kişi və qadınlara işgəncə verib sonra da tövbə etməyənlər üçün cəhənnəm və onun yandırıb-yaxan əzabı vardır". (əl-Buruc, 85/10)
Zülm ədalətin ziddidir. Ədalət fəzilətdir, zülm isə zillətdir. İslamın hədəfi Yer üzündə ədaləti bərpa etmək, zülmün hər növünü ortadan qaldırmaq və insanların birinin digərinə zülm etməsinin qarşısını almaqdır. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurmuşdur: "Zülm etməkdən çəkinin, çünki zülm etməyin qarşılığı qiyamət günü zülmət qaranlıqdır". (Müslim, Birr, 56) Zülmün qiyamət günü qaranlıq olması zalımın o gün zülmət içində qalaraq yolunu azması, zülmün cəzasının şiddətli və dəhşətli olacağı mənasına gəlir. Zalımlar dünyada zülm etdikləri insanların həyatını qaraldaraq dünyalarını zindana çevirdikləri kimi, axirətdə də onların həyatı zindana çevriləcəkdir.
Qiyamət günü haqların öz sahiblərinə verilməsi dünya həyatında insanlara zülm edənlərlə başqalarının haqlarını qəsb edənlərin cəzalandırılması, eyni zamanda məzlum və günahsızların isə mükafatlandırılması yoluyla gerçəkləşəcəkdir. Bu, Uca Allahın mütləq ədalət sahibi olmasının təbii bir nəticəsidir. Bu ədalət hesab günündə mütləq təcəlli edəcəkdir. Zülm edən zülm, yaxşılıq edən isə yaxşılıq görəcəkdir. Qurani-Kərimdə Uca Allah belə buyurmuşdur: "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zilzal, 99/7-8)
Nəticə olaraq, haqsız yerə qan tökmək, insanların canlarına və mallarına göz dikmək ən böyük zülmdür. Bu davranışlar kafirlərə məxsusdur. Elə isə kafirlərə bənzəməmək və zülm etməklə küfrə dönməmək üçün insanın ədalətli və mərhəmətli olması lazımdır. Küfr nemətə qarşı nankorluq etmək, zülm içində yaşamaq və zalım olaraq ölmək deməkdir. Axirətdəki qarşılığı isə əbədi əzabdır.
ŞƏRHLƏR