BİRLİYİN ZƏFƏRİ

BİRLİYİN ZƏFƏRİ

Düz iki il bundan əvvəl noyabr ayı bizim üçün xüsusi sevinc günlərini yaşadığımız bir zamana çevrildi. Hər biri bir əsrə bərabər olan illər ərzində gözlədiyimiz ən xoş xəbərin müjdəsini almaq məhz bu noyabr ayında nəsib olmuşdu. Ömür payımızda bu günləri görmək də varmış. İllərdən bəri itirə-itirə gəldiyimiz savaşlardan sonra artıq qələbə sevinci yaşamağın vaxtı çatmışdı. Dədə-baba torpaqlarımıza soxulan və 30 il ərzində bütün beynəlxalq normlara qarşı çıxaraq, eləcə də qəbul edilən qətnamələri heçə sayaraq işğalçılıq siyasətini davam etdirən erməni birləşmələrinə qarşı sentyabr ayının 27-də başlayan genişmiqyaslı antiterror əməliyyatı öz nəticəsini vermişdi. 44 gün sürən müharibə ərzində hər gün cəbhədən gələn xoş xəbərlərlə sevincimiz daha da artır və həlledici zəfər gününün intizarını çəkirdik. Hər axşam Ali Baş Komandanın çıxışını səbirsizliklə gözləyir, onun dilindən eşitdiyimiz “dəmir yumruq”, “nə oldu Paşinyan”, “biz onları iti qovan kimi qovuruq” ifadələri üzümüzdə yeni təbəssümə çevrilir, çıxışın sonunda işğaldan azad edilən ərazilərin adını eşitmək üçün həyəcandan yerimizdə dura bilmirdik. İşğaldan azad olunaraq Ana Vətənə qovuşan kənd və rayonların sayı gündən-günə artırdı. Bütün sosial şəbəkələrdə, bütün xəbər saytlarında, sadə vətəndaşların belə telefonlarında, durumlarında yalnız bir ortaq cəhət vardı: Qarabağ. Hər kəs zəfərə köklənmişdi. Ağbirçək anaların duası Qarabağ üçün, Azərbaycan əsgəri üçün idi. Cəsur Azərbaycan əsgərinin ayağına dəyən daş cəbhə arxasındakı 10 milyonluq xalqın qəlbini yaralayırdı. Gələn şəhid cənazələri hansısa evə gəlmirdi, bütün kənd, rayon, şəhər, hətta bütöv Azərbaycan qarşılayırdı hər bir şəhidi. Nəşlərinin dəfn olunduğu Fəxri Xiyaban, eləcə də ölkənin bütün şəhər və rayonlarındakı Şəhidlər Xiyabanı torpaqlarımızın bütövlüyü uğrunda torpağa düşən Vətən övladlarını son mənzilə yola salmağa gələnlərlə dolub daşırdı. Nəhayət, Azərbaycan əsgərinin şücaəti nəticəsində noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə düşmən alçaldıcı şəkildə təslimiyyəti qəbul edərək bütün ərazilərimizdən çəkilməyə məcbur oldu. Müharibənin gedişatında həlledici rol oynayan Şuşa zəfərinin yaşandığı tarix cənab Prezidentimizin fərmanına əsasən “Zəfər Günü” kimi qeyd olundu. Artıq hər il noyabr ayının gəlişi bütün dünya azərbaycanlılarının ovqatında zəfər ab-havası yaradır və biz 8 Noyabrı zəfər bayramı kimi qeyd edirik.

Zəfər bayramının qeyd olunduğu ərəfədə İkinci Qarabağ müharibəsinin qısa və xülasə təhlilini bir daha yada salmalı və bu gerçəyi əsla unutmamalıyıq. Müharibəni qazanmamızda başlıca amillər nələr idi? Qələbəmizdə həlledici rol nədən ibarət idi, biz bu müharibədə nələrə şahid olduq?

Hər şeydən əvvəl Ali Baş Komandanın qətiyyətinə şahid olduq. Ordumuza hücum əmri verməsi və gedən prosesi ən xırda detallarına qədər sona kimi izləməsi müharibə aparan bir dövlət üçün belə bir rəhbərin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut etdi. Dünyanın müxtəlif ölkələri tərəfindən edilən bütün təzyiqlərə baxmayaraq sərgilədiyi dik duruş cəbhədə vuruşan əsgərimizə dayaq oldu. Həmçinin bütün siyasi simaların iqtidar-müxalifət fərqi qoymadan bu müharibədə Ali Baş Komandanın iradəsinə tabe olması bu kimi hallarda birlik və bərabərliyin hansı nəticələr doğurduğunu açıq-aydın göstərdi.

Biz bu müharibədə Azərbaycan əsgərinin şücaətini bütün dünyaya göstərdik. Müharibənin gedişatında istifadə etdiyimiz texniki imkanlarla yanaşı, əsgərimizin sərgilədiyi cəsarət və şücaət həlledici məqamda öz rolunu oynadı. Belə ki, texniki imkanların tükəndiyi və ya əlçatmaz olduğu məqamlarda dişini, dırnağını silah edib düşməni məhv edən Azərbaycan əsgəri bu müharibədə öz sözünü dedi.

Dostumuzu və düşmənimizi tanıdıq. Ən əsası, Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmləndiyinə şahid olduq. Bütün beynəlxalq siyasi arenalarda Türkiyə prezidentinin Azərbaycanın yanında olduğunu vurğulaması, eləcə də qardaş ölkənin diplomatları tərəfindən səsləndirilənlər bizi daha da ürəkləndirdi. Qardaş ölkənin hərbi sənaye sahəsində əldə etdiyi uğurun nəticəsi olan son model texniki imkanlarını Azərbaycandan əsirgəməməsi və bütün dünyanı qarşısına alaraq belə bir dəstəyi sona qədər davam etdirməsi yalnız və yalnız birlik və bərabərliyimizin nə qədər səmimi olduğunu göstərdi.

Düşmənlərimizi tanıdığımız bu müharibədə bir sıra qabaqcıl dünya ölkələrinin ikili standartlara əsaslanan çıxışlarının da şahidi olduq. Bəzi humanizm, insan haqları carçılarının əsl iç üzünü görmüş olduq.                

Qarşımızdakı düşmənin nə qədər insanlıqdan uzaq olduğunu gördük. Cəbhədə gücsüz qalıb sivil insanlara bomba yağdırmağı vəhşilik və vicdansızlıqdan başqa nə ilə izah etmək olar? Gəncəni, Tərtəri, Mingəçeviri hədəf alan raketlər əslində insanlıqdan nə qədər uzaq qaldıqlarının açıq nümayişi idi.

Ən əhəmiyyətlisi isə ondan ibarətdir ki, bu müharibədə verdiyimiz şəhidlərlə, itkilərlə yolumuzdan dönmədik. Heç bir gücün bizi qorxutmadığını, heç bir itki ilə məyusluğa düşməyən yenilməz xalq olduğumuzu bütün dünyaya sübut etdik. Allah şəhidlərimizə rəhmət etsin! Qazilərimizə eşq olsun! Yaşasın bütöv Azərbaycan!       

      

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz