HƏR ŞEY ONDANDIR

HƏR ŞEY ONDANDIR

Tez-tez əvvəlki qövmlərdən və peyğəmbər qissələrindən bəhs edən Qurani-Kərimdə İbrahim peyğəmbərin atası və qövmü ilə tövhid mücadiləsindən söz açılır. Şüəra surəsinin müvafiq ayələrində Hz. İbrahim tövhid inancını bütpərəstlərə belə izah edir: “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!” (əş-Şüəra, 78-82)

Bu ayələr həyatını iman üzrə yaşayan hər bir müsəlmanın baş verən hadisələrə baxış tərzini ortaya qoyur. Müsəlman qədərə iman edən kəsdir. Biz qəlbən təsdiqləyib dilimizlə iqrar etdiyimiz iman əsaslarında xeyir və şərin Allahdan gəldiyinə iman gətirdiyimizi ifadə edirik. Qurani-Kərim Onun izni olmadan bir yarpağın belə düşməyəcəyini bildirir. (əl-Ənam, 59) Belə olan təqdirdə “inandım” deyən bir insanın düşüncə tərzində, qəlbinin dərinliklərində 13 rəqəminin nəhs gətirəcəyindən, önündən keçən qara pişiyin bədbəxtliyə səbəb olacağından, evinin damına qonan bayquşun oranı xarabaya çevirəcəyindən və bu kimi batil inanclardan heç bir əsər-əlamət qalmaz. Çünki xurafat adlandırdığımız bu kimi batil düşüncələr imansızlığın acı nəticəsidir. İmandan məhrum qalan bir qəlbdəki boşluqların bu kimi batil inanclarla dolması iman cövhəri üçün yaradılmış ürəyin bu dünyada israf edilməsindən başqa bir şey deyil.

“İslamda uğursuz saymaq, pis yerə yozmaq yoxdur, ən yaxşısı xeyrə yozmaqdır” (Buxari, Tibb, 54) buyuran Hz. Muhamməd (s.ə.s) şəxsən bu xüsusda bizim üçün ən gözəl nümunədir. Bununla bağlı yaşanmış bir hadisə belədir:

Hicrət əsnasında Rəsulullah və Əbu Bəkr (r.a) Səhm oğulları yurduna yaxın yerdən keçərkən yolları Büreydə ibn Huseyb və adamları tərəfindən kəsilir. Bu zaman özünü itirməyən Peyğəmbər (s.ə.s) Büreydədən soruşur:

- Kimsən?

- Büreydə, - cavabını alan Rəsuli-Əkrəm Hz. Əbu Bəkrə: “Ey Əbu Bəkr, işimiz sərinlədi (ərəb dilində büreydə sərin deməkdir) və düzəldi”, - deyir. Sonra Rəsulullah soruşur:

- Kimlərdənsən?

- Əsləm qəbiləsindən, - cavabını aldıqda da “Ey Əbu Bəkr, salamatdayıq (əsləm salamatlıq deməkdir)”, - buyurur.

Bu səfər Rəsulullah:

- Əsləmin hansı qolundansan? – deyə soruşur.

Büreydə:

- Səhm oğullarındanam, - cavabını verir. Allah Rəsulu təkrar Hz. Əbu Bəkrə:

“Oxun çəkildi, (ərəb dilində səhm oxa deyilir. “Xarəcə səhmuk”, yəni “oxun çəkildi” deyimi bir insanın müvəffəq olduğunu ifadə edirdi) ya Əbu Bəkr”, - buyurur.

Bu zaman Rəsuli-Əkrəmin (s.ə.s) mətanətinə və vüqarlı duruşuna heyran olan Büreydə:

- Bəs sən kimsən? – deyə soruşur. Allah Rəsulu:

- Mən Əbdülmüttəlib oğlu Abdullahın oğlu Muhammədəm və Allahın Rəsuluyam, - buyuraraq onu İslama dəvət edir və Büreydə İslamla şərəflənir.

Gördüyümüz kimi Hz. Peyğəmbər ən çətin anlarda belə, ətrafını müşriklərin əhatə etdiyi və can güvənliyinin olmadığı bir məqamda da Allaha təslimiyyətinin gərəyi olaraq yalnız müsbət düşünür və hadisələrin yaxşı nəticələnəcəyinə inanırdı. Çünki O, bütün hadisələrə Allahın nuru ilə baxaraq hər şeyin Yaradandan gəldiyinə iman etmişdi. İnsanın dünya və axirət səadəti də baş verən yaxşı və pis hadisələri məhz bu baxış bucağından izləməsindən keçir.

 Bunun bir başqa misalını da Hüdeybiyyə sülhü əsnasında görürük. Müşriklərin sülh bağlamaq üçün müsəlman düşərgəsinə Süheyli göndərdiyini görən Peyğəmbər (s.ə.s) səhabələrinə: “Süheyl gəldi, işiniz asanlaşdı”, - buyuraraq müjdəli xəbəri verir. Burada da Peyğəmbərin ərəb dilində asanlıq mənasına gələn  “süheyl” sözünü xeyrə yozmasını, beləliklə, onun nə qədər pozitiv olduğunu və hər şeyi Allaha həvalə etdikdən sonrakı hüzurlu halını müşahidə edirik.

Digər tərəfdən, xurafat qəbilindən olan əməllərin ardınca düşənlərin də Allahın nəzərindən uzaq olduğunu Hz. Peyğəmbər hədisi-şərifində belə bildirir: “Hər kim düyün edər, sonra ona üfürərsə, sehr etmiş olar. Sehr edən (Allaha) şərik qoşmuş sayılar. Hər kim (özünü qorumaq üçün nəzər muncuğu və bu kimi) üstündən nə isə asarsa, asdığına həvalə edilər”. (Nəsai, Müharəbə, 19)   

Hz. Peyğəmbərin səhabədən Abdullah bin Abbasa (r.anhumə) etdiyi bu nəsihət Allaha inanan və Ona təvəkkül edən hər bir insanın həyat düsturu olmalıdır:

“…Bir şey istədiyin zaman Allahdan istə. Yardım istəyəndə də Allahdan istə. Bilmiş ol ki, bütün insanlar sənə fayda vermək üçün bir yerə yığışsa, Allahın sənə təqdir etdiyindən artığını verə bilməzlər. Sənə zərər vermək məqsədi ilə bir yerə yığışsalar, Allahın sənin haqqında təqdir etdiyindən artığını verə bilməzlər. (Qədəri yazan) Qələmlər qaldırılmış, səhifələr qurumuşdur”. (Tirmizi, Qiyamə, 59)

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz