Qurban ədəbi

Qurban ədəbi

Allah-Təala hər bir insanın içinə ülvi və süfli olmaqla ən üst və ən alt səviyyədə xarakter qabiliyyəti yerləşdirmişdir. İmtahanımız da elə bu proses üzərindən gerçəkləşir. Rəbbimiz yoxlayır; qulum yolumda nələri fəda edəcək, nələrdən üz döndərəcək, haqq istiqamətini, yoxsa batil istiqamətini öz yolu qəbul edəcək?

 Az bir ömür yaşayaraq imtahan olunan insan oğlu uzun müddət qəbrində hesab günündəki aqibətini gözləməkdədir. Əgər vaxtında Rəbbinə doğru yaxınlaşmağı seçsə, həyat hekayəsini bu çərçivədə qursa idi, gözlədiyi bərzəx aləmi belə onun üçün sevimli bir yurd olardı. Bəli, əsas düşüncəmiz “Allaha nə qədər yaxın ola bilirik, Onu nə qədər məmnun edə bilirik?” olmalıdır.

Allaha yaxınlığın müxtəlif formaları var ki, qurban da kəlmə etibarı ilə qürbiyyəti, yəni Allaha yaxınlığı ifadə edir. Hazırda Həcc mövsümü və onunla birgə yaşanan Qurban bayramı yaxınlaşır. Belə bir yaxınlıq imkanını hər bir mömin könüldən arzu edərək fürsət bilir. Qurban ilə Allaha yaxınlığı nəzərdə tutanlar onunla bağlı ədəb qaydalarına riayət etməyi də özlərinə borc bilməlidirlər. Çünki Allahın qəbul etməyəcəyi üsullar ilə Ona yaxınlaşmağa çalışmaq dini həssaslığı və ya dini bilgisi az olan kimsələrin mənimsəyəcəyi bir düşüncədir.

İlahi mükafatı istəyən mömin zilhiccə ayının girişindən o gözəl günlərin mənəvi ab-havasına bürünər; qurban kəsəcəksə, mümkün qədər hazır olmağa çalışar. Hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s): “Saleh əməllərin Allaha ən çox sevimli olduğu günlər zilhiccənin ilk on günüdür”, - buyurur.

Qurban kəsəcək olan həssas könüllü möminlər ehramlı hacılara bənzəmək, onlarla eyni hissləri yaşamaq üçün zilhiccə ayının girməsi ilə saç-saqqalını qırxmaz, azaltmaz, dırnaqlarını kəsməzlər. Belə edərək hacılar ilə həmhal olar, o mübarək məkanlara getməsələr də, o anın duyğularını yaşamağa çalışarlar. Qurban bayramı günü bayram namazının ardından dərhal Allah üçün hazırlanmış olan qurbanların kəsiminə başlayarlar.

Qurbanlıq heyvan alan kəs mümkün qədər yaxşısından seçər, xına yaxar, yaxşı bəsləyər, ona qarşı Allah üçün gözəl davranar. Çünki o heyvan, sahibinin Allaha yaxınlaşmasına vəsilə olacaqdır. Nə qədər çətin olsa da, kəsim işini bacararaq özü kəssə daha yaxşı olar. Peyğəmbərimiz (s.ə.s) qurbanlıq qoçları və dəvələri əksər hallarda özü kəsərdi. Hər kəsə də öz qurbanını mümkün mərtəbə özünün kəsməsinin daha fəzilətli və bol savablı olduğunu öyrədərdi.

Qurbanlıq heyvanı kəsim yerinə gətirərkən diqqət etmək, şəfqət və mərhəmətlə, Allahın nişanəsinin fərqində olaraq gətirmək, kəsim alətlərini, əvvəldən kəsilmiş heyvanları və qanlarını görməməsi üçün çalışmaq lazımdır. Ya gözləri bağlanar, yaxud da fərqli məkanda kəsilər. Kəsən şəxs bıçağın iti olmasına, qurbanlığın ayaqlarının düzgün bağlanmasına diqqət etməlidir. Kəsmədən “Bismillahi Allahu əkbər” deyərək, Allahın adı ilə kəsər. Ya özü, ya da vəkalətini verən adamın dualar və niyazlar edərək kəsim anının fəzilətli zamanını dəyərləndirməsi faydalı olar. Belə bir anın günahların əfv edilməsinə, qurban əməlinin Allah-Təala tərəfindən qəbul olunmasına vəsilə olduğu unudulmamalıdır. Hədisi-şərifdə buyurulur: “Adəm oğlu qurban günü Allah qatında qurban kəsməkdən daha xoş olan əməl işləməz. Qurban qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə gələr. Qurbanın qanı axmadan Allah onu qəbul edər. Bu səbəblə kəsdiyiniz qurbanlar ilə nəfsinizi təmizləyin”. (Tirmizi, Ədaha, 1) Hədisi-şərif bizə qurbanın sadə bir heyvan kəsimindən, ətinin paylanmasından çox, fədakarlıq nümunəsi bir davranış olduğunu, Allaha xas bir qulluq ilə təmiz bir ibadət olduğunu vurğulayır. Bu ibadət şüuru ilə qul Allah yolunda nələri fəda edə biləcəyini, dünyanın fani ləzzətlərini tərk edib, Allahın xas qullarından ola biləcəyini sübut edir.

Saleh zatlar qurbanlıq heyvanlara qarşı çox mərhəmətlə davranar, qurban vəzifələrini ibadət şüuru ilə əda edərlər. Məsələn, möhtərəm O.N.Topbaş əfəndi Haqq dostlarının qurban barəsindəki həssasiyyətlərini anladarkən deyir: “Mərhum Sami əfəndi həzrətləri, atam Musa əfəndi həzrətləri qurban kəsdirəcəkləri zaman oturmaları üçün stul gətirərdilər, oturmaz, ayaq üstə gözləyərdilər. Heyvanın gözünü bağlatdırardılar. Hevyana su içirdərdilər. Heyvanın itələnərək, əziyyətlə gətirilməsinə razı olmazdılar. Hətta heyvan balacadırsa, qucaqda gətirilməsindən xoşlanardılar. Çünki bunun bir ibadət olduğunun şüurunda idilər. İşlədiləcək bıçağın kəskin olmasına diqqət edərdilər. Axan qan dərhal təmizlənərdi. Bir çuxura iki qurban kəsdirməzdilər. Əgər başqa yer yoxdursa, birincinin qanı tamamilə təmizləndikdən sonra digər qurbana keçərdilər. Qurban işi bitənə qədər oturmazdılar. Çünki bu təzim Haqq-Təalanın lütfünə təzim idi. Çünki bu, Haqq-Təalaya təzim idi...”

Qurban ətinin paylanması zamanı da bu ibadətin davamı olaraq payların gözəl hazırlanması, ehtiyac sahiblərinə onları incitməyəcək tərzdə, gözəl bir dil ilə təqdim olunması lazımdır. Belə davranış daha çox xeyir-dua alınmasına səbəb olar.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz