QƏLB İSTİQAMƏTİMİZ KİMƏDİR?

QƏLB İSTİQAMƏTİMİZ KİMƏDİR?

İnsan təbiətinə xas olan mühüm amillərdən biri də, şübhəsiz ki, onun başqalarından nümunə götürmək vəsfi ilə təchiz olunmasıdır. Dünyaya göz açan insan ətrafı yavaş-yavaş dərk etməyə başladığı andan etibarən böyüklərdə müşahidə etdiyi davranışları eynilə təqlid etməyə çalışır. Hamımız ailə mühitində atası kimi yeriməyə çalışan, anası kimi gülən, saçını böyük qardaşı və ya bacısı kimi darayan azyaşlı uşaqlar görmüşük. Bu kimi təqlidçi davranışlar tədricən çevrənin genişləməsi ilə qonşular, məktəbdəkilər və digər insanlarla zənginləşməyə başlayır. Oxunan roman qəhrəmanları, tarixdə ad qoymuş məşhurlar xəyali kumirə çevrilərək xüsusilə gənclik dövrünün örnək simaları olurlar. Bir insan kimi formalaşmamızda gördüklərimizin, oxuduqlarımızın, yaşadıqlarımızın, birbaşa və ya dolayı yolla ünsiyyətdə olduqlarımızın mühüm rolu var. Məşhur atalar sözümüzdə “dünya gör-götür dünyasıdır” deyilir. Bəli, biz gördüklərimizi götürə-götürə gəlirik. Bu gör-götür prosesində diqqət etməli olduğumuz əsas məsələ ondan ibarətdir ki, insan oğlu yaxşını da götürür, pisi də. İnsanın hər hansı bir insanı, şəxsiyyəti, yaxud da davranışı bu xüsusda özündən üstün görüb sevməsi kifayətdir. Axı “könül sevən göyçək olar” deyib atalarımız. Elə isə gözümüzün önündəkilərə, kimlərlə oturub-duracağımıza ciddi mənada diqqət etməliyik. Çünki iradəsi olmayan yeganə üzvümüz qəlbdir ki, ətrafdakılardan təsirlənərək onlara meyil salır. Bunun da nəticəsində qəlbimizə sevgisi hakim olanların hal və davranışlarından təsirlənməyə başlayırıq.

İnsanın örnək alma ehtiyacını özündən də yaxşı bilən Uca Yaradan bəşəriyyətə peyğəmbərlər göndərərək onları ən gözəl insan nümunələri kimi təqdim edir. İnsani-kamil olan hər bir peyğəmbər yaşadığı dövrün və sonrakı çağların inananlarına müstəsna nümunəvi davranışlar sərgiləyiblər. Qurani-Kərimi oxuduqca Hz. Adəmin tövbə həssasiyyəti, Hz. Nuhun mücadilə əzmi, Hz. Yaqubun səbri, zinaya dəvət qarşısında Hz. Yusufun təqvası, mal, can və övlad imtahanında Hz. İbrahimin təslimiyyəti, var-dövlət və səltənət qarşısında Hz. Davud və Süleymanın təvazökarlıq və qənaət şüuru ilə yaxından tanış oluruq. Əlbəttə ki, bütün bu ali keyfiyyətləri özündə cəm edən Həzrət Muhamməd Mustafa da bizim üçün üsveyi-həsənə, yəni ən gözəl örnək kimi təqdim edilir. Rəbbimiz bizdən onları örnək almağımızı istəyir. Fitrətimizdə var olan örnək ehtiyacımızı onların vasitəsilə təmin etməliyik ki, nəticədə dünyamız bərbad, axirətimiz fəlakət olmasın.

Bu gün yaşadığımız dünyada bizə müxtəlif örnəklər təqdim edilir. Gənclərin əxlaqını pozaraq cəmiyyətin ruhunu kirlətməyə çalışanlar bütün vasitələrə əl ataraq insanlığın fəsadı üçün var gücləri ilə çalışırlar. Yağışdan sonra artan göbələklər kimi hər gün televiziya ekranlarında bir yenisi peyda olan serial “qəhrəman”larını gənclərimizə örnək göstərirlər. Bir çox baş rol oyunçusunun mədəniyyətimizə və əxlaqımıza zidd vərdişlər sərgiləməsi, eşcinsəl davranışlarla ön plana çıxması məhz bu cür insan tiplərini gənclərimizə sevdirməyi hədəfləyən planın bir parçasıdır. Yəqin ki, Bakı sakinlərinin əksəriyyəti son günlərdə saçını eynilə bir serialın “qəhrəman”ı kimi sarı rəngə boyayıb, kənarlarını dibindən qırxmış gənc oğlanlarla qaşılaşmamış olmaz. Burada əsas məsələ sadəcə toplumun qəbul etdiyi ümumi geyim və saç düzümünə müxalifət deyil. Əlbəttə, o da özlüyündə başlı-başına bir problemdir, amma əsas məsələ özünü həmin “qəhrəman”la eyniləşdirən gənclərin sadəcə zahiri deyil, eyni zamanda mənəvi bərabərlik sərgiləmiş olmasıdır. Özünü sözügedən “qəhrəman”a bənzətməyə çalışanlar, əlbəttə ki, serial boyu onun işlədiyi qanuna zidd əməllərini də xoş görüb bir ərdəm sayacaqlar. Bu gün beləcə müxtəlif virtual platformalarda “vizyon”a girən bir-birindən cazibədar filmlər vasitəsilə qızıl qədəhdə zəhər təqdim edilir nəsillərə. Nəticədə böyüklərə hörmətsizliyi cəsarət, ətrafımızda yaşayanları saymamağı sərbəstlik, ictimai qınağa əhəmiyyət verməməyi azadlıq bilən; zehni və qəlbi keyfiyyətlərdən yoxsul gənclər yetişir. Bir an əvvəl nəsillərimizi hədələyən əxlaqsızlıq fəsadından xilas etməyin yollarını axtarmalıyıq. Hər şeydən əvvəl onları doğru örnəklərlə tanış edib, əsl rol modelin kim olduğunu dərk etdirməliyik. Bizə azyaşlı qızların namusunu ləkələyən inqilabçı rol modellər, səhərə qədər qumar masasında vaxt itirən əyyaşlar, bədəni əcaib döymələrlə bəzənmiş idmançı nümunəsi lazım deyil. Bizi işıqlı gələcəyə çıxaracaq olanlar yalnız səlim ağıl sahibi, ilahi nizama boyun əyən rol modellərdir. Peyğəmbərlər və onların varisləridir.               

Həzrət Mövlana bəşəriyyətə belə səslənir: “Ey insan, dünyadan bir-birinə zidd iki səs gəlir. Sənin qəlb qulağın hansını eşitməyə qadirdir? O səslərdən biri Allaha yaxınlaşanların, digəri isə aldananların halıdır. Bu səslərdən birinə qulaq verdinmi, artıq digərini eşitmək mümkün deyil. Çünki sevən kəs sevdiyinin ziddi olanlara qarşı kor və kar olar”. Bəli, bu gün əsas məsələmiz bundan ibarətdir: hansı səsə qulaq veririk? 

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz