İSRAFA SON

İSRAFA SON

İnsan oğlu tarixin heç bir dönəmində bu gün əldə etdiyi imkanlara çatmamış, hədsiz istehlak anlayışının zirvəyə çıxdığı bir dövrü yaşamamışdır. Bununla birlikdə, günümüz insanının xoşbəxt və problemsiz həyat yaşadığını heç kəs iddia edə bilməz. Belə ki, yaşanmaqda olan bir çox maddi və mənəvi böhranlar fərdləri və toplumları əhatəsinə  almışdır. Modern həyatın gətirdiyi ən böyük çıxılmaz vəziyyətlərdən biri olan hədsiz xərcləmə və istehlak çılğınlığı da israfın pik nöqtəyə yüksəlməsinə və orta yollu bir həyat anlayışının tamamilə  tərk edilməsinə gətirib çıxartmışdır. Ancaq bu vəziyyətin nə qədər fərqindəyik? Hər birimiz azdan-çoxdan bu israfdan məlumatlıyıq. Bəs bundan qurtulmaq üçün nə edək?  Nəsə etməli olduğumuzu bilirik, amma nə etməliyik, buna qərar vermək lazımdır. Çünki hər kəsin etdiyi bir şeyi eyni şəkildə təkrarlamağın bir faydası olmayacaq.

Hər kəsin ehtiyac duyduğu, amma hər kəsin etmədiyi bir şey etməliyik ki, çox sayda insanı  sıxıntıdan qurtarıb ehtiyacını qarşılaya bilək. Ümumiyyətlə, hər kəs vəziyyətin pis olduğunu deyir. Amma heç kəs nələrisə dəyişdirməyi düşünmür. Gəlin israf statistikalarına baxaq görək vəziyyət nə yerdədir. Ümumdünya Səhiyyə  Təşkilatının (ÜST) statistikalarına görə, hər gün, hər dəqiqə hədsiz yoxsulluğa görə 12 uşaq həyatını itirir. Siz bu anda bu yazını oxuyarkən bir neçə uşaq həyatını itirir. Həm də təmiz suyu olmadığı üçün, yeyəcək yeməkləri olmadığı üçün. Bu, qorxunc bir şey deyilmi?  Amma bundan daha da qorxunc bir şey var. Bu uşaqları xilas etmək mümkündür və bu, çox asandır. Bir çox uşaq yatağına bir neçə manatlıq ağcaqanad  örtüyü ala bilmədiyi üçün bağırsaq xəstəlikləri səbəbilə, dəyəri bir manat belə olmayan adi dərmanları ala bilmədiyi üçün həyatını itirir. Yenə bir çoxumuzun süfrələrindəki artıq qalan yeməkləri yeyə bilmədikləri üçün...

Bəli, artıq qalan yeməklər və son yeri zibil qutusu olan qidalar. Halbuki bu qidaya möhtac olan insanlar var. BM statistikasına  görə, dünyada hər il 1.3 milyard ton qida zibilliyə gedir və israf olur. Bunun pul ilə dəyəri 1 trilyon dolları keçir. Bu qidalardan dörddə biri zibilliyə atılmazsa dünyadakı 821 milyon ac insan doyuzdurula bilər. Nəsə etmək lazımdır. Fikrimcə hər birimiz bunun üçün cəhd göstərməliyik. Ən azından ətrafımızda, demək olar ki, hər gün bu israfçılıqla qarşılaşırıq. Biz bu israfçılığı, demək olar ki, artıq adi bir hal kimi qəbul edirik.

Sizə bir nəfərdən yazmaq istəyirəm. Ümid edirəm ki, bəhs etdiyim bu şəxsin etdikləri bizim üçün bir motivasiya olar. Bu şəxs bizim kimi bu hallara şahid olan şəxsdir. Lakin o, bu hallara qarşı laqeyd qala bilmir, səssizcə müşahidə etməyə dözə bilmir. O əhatəsində və dünyada yaşayan insanların problemlərini görür və bu problemləri həll etmək üçün canla-başla gecə-gündüz baş sındırır. Çünki bir yandan milyonlarla insanın aclıq çəkdiyinə, digər yandan da milyonlarla ton yeməyin zibilliyə atıldığına şahid olurdu.

Bu şəxsin adı Ronni  Kanndır. Kann 2016-ci ildə ilin avstraliyalısı seçilib. O Cənubi Afrikada doğulmuş, 17 yaşında İsrailə köçmüş və 37 yaşından sonra Avstraliyaya köçərək orada yaşamışdır. Kann bir çox yollarla bu israfçılığın qarşısının alınmasına çalışır. Nəhayət, 2004-cü ildə “Oz-Harvest” adında şirkəti təsis  edir. Və beləcə restoranlar, kafelər, şirniyyat mağazaları, ziyafət yerləri,  çörəkxanalar və s. müəssisələrlə əməkdaşlıq edərək ertəsi gün xarab olacağından və ya köhnələcəyindən zibilliyə atılacaq yeməkləri toplayıb onları aclıq çəkən şəxslərə çatdırmağa başlayır.

Bu fəaliyyətin nəticəsində sağlam qidaya qovuşan insanların sayına, zibilliyə atılıb israf edilməkdən qurtulan yeməklərin neçə tondan ibarət olduğuna, bu fəaliyyətin insan və cəmiyyət sağlamlığına və ətraf mühitə nə qədər xeyirli olduğuna dair statistik göstəricilər və tədqiqatlar haqqında danışmayacağam, amma rəqəmlər təxminlərin çox üzərindədir. Orta yaşlı bir qadının öz ətrafından başlayaraq ölkəsini necə dəyişdirdiyini gördükdə düşünürəm ki, bizim də bu gördüklərimizə biganə qalmamağımız lazımdır. Araşdırmalar qida israfının ən çox evlərdə baş verdiyini göstərir. İsraf bir xəstəlikdir. Bu xəstəlik malı, canı və ruhu çöküntüyə aparır, toplum həyatımızı məhv edir. Bir an əvvəl bu qəflət yuxusundan oyanmaq lazımdır. İmkanlarımız əlimizdəykən israfa çox diqqət edək, çünki Uca Yaradan israf edənləri sevməz. Onun sevdiyi kimi bir qul ola bilmək diləyi ilə israfsız günlər arzu edirəm.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz