Bir Hədis

Bir Hədis

عَنْ أَنَسِ بْنِ مَالِك قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ فَارَقَ الدُّنْيَا عَلَى الْإِخْلَاصِ للهِ وَحْدَهُ وَعِبَادَتِهِ لَا شَرِيكَ لَهُ وَإِقَامِ الصَّلَاةِ وِإِيتَاءِ الزكَاةِ مَاتَ وَاللهُ عَنْهُ رَاض

            Ənəs ibn Malikdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim heç bir şəriki olmayan, tək olan Allaha ixlasla ibadət edərək, namazı dosdoğru qılaraq və zəkatını verərək dünyadan getsə, Allahın ondan razı olduğu halda ölmüş olar”. (İbn Macə, Sünnə, 9)

            Dinin mahiyyəti ixlas və səmimiyyətdir. Buna görə də səmimiyyətin olmadığı yerdə dindən və dindarlıqdan söhbət gedə bilməz. Allah Rəsulu (s.ə.s) dinin səmimiyyətdən ibarət olduğunu “Din səmimiyyətdir” sözü ilə ifadə etmiş, bununla nəyi nəzərdə tutduğunu açıq bir şəkildə bildirməsi üçün: “Kimə qarşı (səmimiyyət?)”, - deyə soruşulanda səmimiyyətin “Allaha, Onun kitabına, Rəsuluna, müsəlmanları idarə edənlərə və bütün müsəlmanlara qarşı” göstərilməli olduğunu qeyd etmişdir. (Müslim, İman, 95)

            Beləcə, inanan insan Allaha iman və qulluq, Qurana tabe olmaq, Həzrət Peyğəmbəri örnək almaq, idarəçilərin qarşısında həqiqəti demək, ictimai vəzifələrini yerinə yetirmək, sinif və status fərqinə diqqət yetirmədən bütün müsəlmanların, hətta bütün insanların haqlarına riayət etmək kimi mövzularda ciddi bir səmimiyyət sınağına çəkilir. Bu sınağın çətinliyini yaxşı bilən Allah Rəsulu (s.ə.s) namazlarının ardından “Allahım, Ey Rəbbimiz və hər şeyin Rəbbi! Məni və ailəmi dünya və axirətdə hər an Sənə qarşı ixlaslı et!” duası ilə Allaha müraciət etmişdir. (Əbu Davud, Vitr, 25).

            Əqidə, ibadət və saleh əməllərin Allah qatında dəyər qazanması, yəni insanın həqiqi mənada “bəndə” olması ixlas və səmimiyyətə bağlıdır. Səmimi olmayan əməllər, zahiri bər-bəzəkli, batini isə bomboş olan davranışlar insanın həm Allah qatında, həm də insanların gözündə dəyərinin itməsinə səbəb olar. Hər mövzuya düzgün və səmimi münasibət göstərmək möminliyin ən səciyyəvi xüsusiyyəti, riyakarlıq və ikiüzlülük isə imana uyğun olmayan hallardır. Bir sözlə, ixlas Allaha istər gizli, istərsə də açıq, heç bir şeyi şərik qoşmadan edilən səmimi bir imandır. İxlas dünyəvi bir qarşılıq gözləmədən sırf Allah rizası üçün edilən bir qulluqdur. İxlas həm Allaha, həm də insanlara və canlı-cansız bütün varlıqlara qarşı göstərilən səmimiyyətdir. İxlas nifaq və ikiüzlülükdən uzaq olan bir qəlb təmizliyidir. İxlas, olduğu kimi görünmək, göründüyü kimi olmaqdır. Nəhayət, Allahın əzabından yalnız Onun ixlaslı qulları xilas olacaq.

            Nəticə olaraq, Allahın özündən razı qalmasını istəyən hər bir möminin ixlaslı olması, ibadət və saleh əməllərini ixlas və səmimiyyətlə yerinə yetirməsi lazımdır. Çünki qurtuluşun yolu səmimiyyətdən keçir.

           

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz