HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 24
Hüdayi həzrətləri buyurur:
Nütfeyi-nacizi[1] insan eylədin,
Həmdü-minnət Sənə, ey Rəbbi-Kərim!
Əhli-İslam, əhli-iman eylədin,
Həmdü-minnət Sənə, ey Rəbbi-Kərim!
Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı ələqdən (aşılanmış yumurtadan) yaratdı”. (əl-Ələq, 1-2)
“İnsan nədən yaradıldığına bir nəzər salsın! O, atılan bir sudan yaradılmışdır”. (ət-Tariq, 5-6)
Bununla insanın öz yaradılışını təfəkkür etməsini istəyir. Həmçinin insanın keçmişini, yəni sanki yox hökmündə olan bir damla sudan yaradıldığını düşünməsini istəyir ki, insan “əbdi-aciz” olduğunu unutmasın.
Keçmişdə dərgahların divarını bəzəyən hüsnü-xətt lövhələrindən birinə “هيچ / heç” yazılardı. Bu ifadənin təlqin etdiyi mühüm həqiqətlərdən biri də ilahi sirlərdən nəsib almaq istəyən insanın hər şeydən əvvəl Haqq-Təalanın qüdrət və əzəməti qarşısında öz heçliyini dərk etməsinin vacibliyidir.
Həqiqətən insan yoxdan var edildiyini, dünyaya gələrkən sərmayəsinin “heç” olduğunu unutmamalıdır ki;
- Təkəbbürə qapılmasın.
- Heç bir zaman varlıq və mənlik xülyasına düşməsin.
- Daima, “Ya Rəbb, Sənin lütfün, Sənin ehsanın, Sənin ikramındır, Sənə şükürlər olsun!” deyib qulluq ədəbi ilə yaşasın.
Rəbbimiz ayeyi-kərimədə sual edir:
“İnsanın xatırlanmağa layiq olmadığı uzun bir müddət ötüb-keçmədimi?!” (əl-İnsan, 1)
Həqiqətən, bir zamanlar cismimiz olmadığı kimi “insan” kimi anılan bir varlığın heç adı da yox idi.
Düşünsək görərik ki, heç bir qarşılıq ödəmədiyimiz halda sırf ilahi lütflə yoxluqdan varlığa çıxarıldıq.
Kainatdakı saysız-hesabsız varlıq arasında, məsələn, daş-torpaq, ot-ələf olaraq deyil, məxluqatın ən şərəflisi olan və əhsəni-təqvim / ən gözəl biçimdə yaradılan bir insan olaraq dünyaya göndərildik.
İnsanlar arasından əhli-iman; əhli-iman arasından da 124 min peyğəmbərin imamı, Allahın Həbibi, axırzaman peyğəmbəri Həzrət Muhamməd Mustafa r-in ümmətindən olmaqla şərəfləndik.
Həqiqətən bu gün yer üzündə 8 milyard insan var və bunun 2 milyarda yaxını müsəlmandır. Biz də bəşəriyyətin yalnız müəyyən bir hissəsinə nəsib olan yeganə haqq din İslamla şərəflənmişik.
Bütün bunlar Haqq-Təalanın bizə bəxş etdiyi həddən artıq böyük və müstəsna lütfüdür.
Bizə bir stəkan su verən adama təşəkkür etməyi özümüzə borc bilirik. Belə olan təqdirdə bizi yoxdan var edən, göndərdiyi kitab və peyğəmbərlərlə varlığından xəbərdar edən, könüllərimizə hidayət nuru bəxş edən, layiq olmadığımız halda saysız nemətləri ilə təchiz edən Haqq-Təalaya nə qədər şükür etməliyik?..
Allah-Təalaya həmd, şükür və minnət vəzifəmizi yerinə yetirmək üçün ömrümüzün sonuna qədər başımızı şükür səcdəsindən qaldırmasaq, görəsən, bu borcumuzun nə qədərini ödəyə bilərik?..
Bu səbəblə mömin olan kəs əldə edə bilmədiyi nemətlərə görə kədərlənib məyus olmaq yerinə, daima, əlindəki nemətlərin qədir-qiymətini bilib Allaha şükür etməlidir.
Milyonları olan zəngin bir adam yolda gedərkən on manat salıb itirsə, buna görə kədərlənərmi? Əlbəttə ki, yox.
Mömin də sahib olduğu saysız-hesabsız nemətlərin müqabilində həyatda qarşılaşdığı azacıq məhrumiyyətə və itgiyə görə hüznlənməməlidir. Daima stəkanın dolu tərəfini görüb Allaha həmd, şükür və riza halını mühafizə etməli və şikayəti unutmalıdır.
Haqq-Təala əsl şükür əhlindən ola bilməyin çətinliyinə işarə edərək belə buyurur:
“…Qullarımdan şükür edənlər azdır”. (əs-Seba, 13) Mömin də az, lakin keyfiyyətli qullardan olmağa çalışmalıdır.
Hüdayi həzrətləri buyurur:
Şəklin insan eylədi,
Əhli-iman eylədi,
Bunca ehsan eylədi,
Ehsanı bilmək gərək…
Bu qissə necə də mənalıdır:
Bəyazid Bəstami həzrətləri bir gün müridləri ilə birlikdə dar bir yolla gedərkən, qarşılarına bir köpək çıxır. Ariflər sultanı geri çəkilir və köpəyə yol verir. Müridlərindən biri ürəyindən:
“Allah-Təala insanı mükərrəm (üstün) yaratdığı halda Bəyazid g müridlərini geri çəkib köpəyə yol verdi. Necə də qəribədir!” deyə keçirir.
Həzrət onun keçirdiyi hisslərdən agah olaraq belə izah edir:
“Qəlbimdən elə hisslər keçdi ki, sanki o köpək hal dili ilə mənə “Günahım nə idi ki, mənə əzəldə köpəklik dərisi geyindirdilər. Sən nə etdin ki, sənə ariflər sultanı xələtini geyindirdilər? Bu halın sirri nədir?” – dedi. Mən də ona görə köpəyə yol verdim”.[2]
Deməli, Allahın yaratdığı hər hansı məxluqu gördükdə öz-özümüzə “Mən onun yerində, o da mənim yerimdə ola bilərdi”, - deyə düşünüb, Allahın verdiyi bu möhtəşəm nemətə qarşı şükrümüzü artırmalıyıq.
Lakin hər nemətin şükrü öz cinsindən olar. Şükür sadəcə dillə “Ya Rəbb, Sənə şükürlər olsun” deməkdən ibarət deyil. Haqq dostlarının tərifi ilə şükür;
“Bütün nemətlərin Allahdan olduğunu bilib, Onu həmd ilə təsbih etmək, minnət və şükran duyğuları ilə zikr etməkdir”.
Həmçinin şükür;
“Lütf etdiyi nemətləri günah və üsyanın sərmayəsinə çevirməmək, əksinə, o nemətlərdən Allah-Təalanın razı olduğu kimi istifadə etməkdir”.
Yəni həm dilimiz şükür etməli, həm də Rəbbimizə itaət edərək əməlimizlə də şükrümüzü ispat etməliyik.
Məsələn, bədənimizin hər bir üzvü üçün xüsusi şükür etmək lazımdır. Bişri Xafi həzrətləri bu şükrün necə yerinə yetiriləcəyini belə izah edir:
“Əzaları arasında yalnız dili ilə şükür edənin şükrü az olar.
Çünki gözün şükrü bir xeyirlə qarşılaşdığı zaman onun hikmətini görmək və təfəkkürü artırmaqdır. Şər gördükdə isə oddan qaçan adam kimi ondan qaçmaqdır.
Qulağın şükrü bir xeyir eşitdiyi zaman onu əzbərləmək, şər eşitdikdə də unutmaqdır.
Əllərin şükrü insanın haqqı olandan başqa heç nəyə əl uzatmamasıdır.
Mədənin şükrü halalla qidalanmaqdır.
Ayaqların şükrü isə xeyir-həsənatdan başqa istiqamətə getməməkdir.
Hər kim buna riayət edərsə, həqiqətən şükür edənlərdən olar”.
Deməli, üzvlərimizin, qabiliyyətlərimizin və bütün imkanlarımızın şükrünü əda etmək üçün onlardan Haqq-Təalanın razı qalacağı kimi istifadə etmək şərtdir.
Məsələn;
İslam və iman nemətinin şükrü necə olmalıdır?
İslam və imanı eşqlə yaşayıb halımız və sözümüzlə təbliğ və təmsil edərək…
Əshabi-kiram bu nemətin şükür borcunu ödəyə bilmək üçün usanmadan və yorulmadan dünyanın dörd bir yanına səfər etdi, qısa müddət ərzində hidayət nurunu qitələrə daşıdı.
Allah-Təalanın insan oğluna imandan sonra bəxş etdiyi ən böyük hədiyyəsi bəlkə də ağıl nemətidir. Bəs bu nemətin şükrü necə olmalıdır?
Bütün nemətlər kimi ağıl da ikiuclu bıçaq kimidir. Xeyrə də, şərə də istifadə etmək olar…
Ağlımızı Quran və Sünnənin göstərdiyi istiqamətdə işlətməliyik ki, həm dünyada faydasını görək, həm də o neməti bizə lütf edən Rəbbimizə şükrümüzü yerinə yetirə bilək, eyni zamanda axirətdə səadət içində yaşayaq.
Qəlbimizin şükrü necə olmalıdır?
Verdiyi nemətləri daima təfəkkür etmək surəti ilə Allah-Təalanı heç vaxt unutmamalıyıq. Kainat kitabındakı hər şeyi Yaradanı xatırladan kövni ayə olaraq oxumalıyıq. Haqq-Təala ilə qəlbi bərabərlik iqlimində, yəni daimi zikr halında yaşamağa çalışmalıyıq.
Malımızın şükrü necə olmalıdır?
Mülkün həqiqi sahibinin Allah olduğunu unutmamalıyıq. Malımızı Allahın haram qıldığı faiz, inhisarçılıq, qul haqqı yemək kimi yanlış yolla əldə etməkdən və lüks, göstəriş, marka hərisliyi, israf, xəsislik kimi yanlış şəkildə xərcləməkdən uzaq olmalıyıq. Daima halaldan qazanıb halala xərcləməliyik. Özümüz üçün xərcləyərkən də kifayət miqdarına qane olub ehtiyacımızdan artığını infaq etməyə çalışmalıyıq.
Bədən gücünün, sağlıq və afiyətin şükrü necə olmalıdır?
Allahın verdiyi güc-qüvvəti Onun razı olduğu yolda istifadə etməliyik. Gücümüz çatdığı qədər Allah üçün hər bir xidmətə can atmalıyıq.
Gözümüzün şükrü necə olmalıdır?
“Gözünü ver, bütün dünya sənin olsun!” desələr, kim verər?
Bu qədər bahabiçilməz nemətin əməli şkrünü etmək üçün onu haramlardan, yəni nəfsani ekranlardan və şeytani vitrinləri seyr etməkdən, bir sözlə, mənəvi mənada “çirkin mənzərə”lərdən qorumalıyıq. Gözlərimizi daima ruhani vitrinlərə çevirməliyik.
Qulağımızın şükrü necə olmalıdır?
Qeybət və dedi-qodu kimi bizi Allahdan uzaqlaşdıran lüzumsuz sözlərə qulaq verməməliyik. Qulağımızı Qurani-Kərim tilavəti, mənəvi söhbətlər, gözəl sözlər, azan, nət və ilahi kimi ruhani sədalara çevirməliyik.
Dilimizin şükrü necə olmalıdır?
Rəsulullah r -in buyurduğu kimi “ya xeyir söyləməli, yaxud susmalıyıq”.[3] Susduğumuz zaman da təfəkkürü artırmalıyıq. Necə ki, Rəsuli-Əkrəm r -in sükutu təfəkkür idi. Səmaya baxar, təfəkkür edər, yerə baxar təfəkkür edərdi.
Rəbbimiz də:
اِقْرَاْ وَرَبُّكَ الْاَكْرَمُ
“Oxu! Rəbbin ən böyük kərəm sahibidir”. (əl-Ələq, 3) buyuraraq bizim üçün bu kainat kitabında sərgilədiyi saysız ikram və ehsan təcəllilərinin təfəkküründə dərinləşməmizi istəyir.
Başqa bir ayeyi-kərimədə də belə buyurulur:
“O, göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, düşünüb öyüd alanlar üçün bunda (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır”. (əl-Casiyə, 13)
Fikirləşməliyik ki;
- Yerdən çıxan müxtəlif mədənlər,
- Yerlə göy arasında daimi qaydada durmadan həssas filtrdən keçərək istifadəyə hazır hala gətirilən su,
- Torpaqdan çıxarılan müxtəlif nəbatat kimin üçündür?
- Böyük və kiçik baş heyvanlar, arı, quş, kəpənək, bütün heyvanat kimə xidmət edir?
- Günəş, Ay və ulduzlar kimin üçün durmadan səmada dövr edir?
- Nəfəs aldığımız havanın 21 faizi oksigen, 77 faizi azot tərkibi ilə kimin üçün xüsusi tarazlıqda saxlanır?..
Bilirik ki, arı bal vermək üçün yaşayır. Qoyun bütün ömrünü ət, süd, yun və bala vemək üçün yaşayır. İt-pişik də insanın xidmətinə verilib… Allah-Təalanın cəlal sifətlərinin təcəllisi olan ilan, əqrəb kimi insana soyuq və vahiməli gələn məxluqat belə ilahi əzabı xatırlatması və təbiətdəki bir çox vəzifələri səbəbi ilə insan üçün lütf edilən nemətlərdəndir.
Bu siyahını sonsuzadək uzatmaq olar. Daş, torpaq, ağaç, bulud, dağ, ova, bir sözlə, hər şey insan üçün hazırlanmışdır.
Ayeyi-kərimədə bu barədə belə buyurulur:
“O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz…” (İbrahim, 34)
Hüdayi həzrətləri buyurur:
Haqqa qul olmaq istərsən,
Ədəb gözlə, ədəb gözlə!
Muradın bulmaq istərsən,
Ədəb gözlə, ədəb gözlə!..
Allah-Təalanın bizə verdiyi, fərqində olduğumuz və ya olmadığımız saysız-hesabsız nemətinə şükür etmək yerinə qəflət və üsyana düşərək nankorluq etmək ən böyük ədəbsizlikdir.
Qafil insanların bu halı ayeyi-kərimədə belə təsvir olunur:
“O, insanı nütfədən (bir damcı sudan) yaratdı. Ancaq bir də görürsən ki, o (insan) açıq-aşkar bir düşmənə çevrilib”. (ən-Nəhl, 4)
İnsanın keçmişinin nəcis sayılan nütfə, sonunun da torpağa basdırılacaq cansız cəsəd olduğunu unudaraq qürrələnib lovğalıq etməsi qədər böyük bir nadanlıq ola bilməz.
Lakin dünya kimin Rəbbinə şükür edib itaət göstərəcəyinin, kimin də şikayət, üsyan və nankorluq edəcəyinin sınağa çəkildiyi imtahan yeridir.
Məhz buna görə Rəbbimiz ayeyi-kərimələrdə belə buyurur:
“Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun”. (əl-İnsan, 3)
“…Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!..” (İbrahim, 7)
Ağlı başında olan bir insan ona bu qədər nemət bəxş edən Rəbbinə qarşı heç vaxt nankor ola bilməz. Çünki bu hərəkətin həm nemətlərin əlindən çıxmasına, həm də əzaba səbəb olacağını bilir.
Bu məsələ ilə bağlı Fəridəddin Əttar g çox ibrətli bir qissə nəql edir:
Bir padşahın çox sevdiyi ov iti vardı. Ovçuluqda həddən artıq mahir olan itinə hədsiz dərəcədə dəyər verir və hər dəfə ova çıxanda onu özü ilə aparırdı. Xaltasını ləl-cəvahiratla bəzəmiş, ayaqlarına qızıl və gümüş halqalar taxdırmışdı. Belinə də atlas çul salınmışdı.
Bir gün yenə padşah onu da götürüb saray əyanları ilə ova çıxmışdı. Xaltanın ipək ipi əlində, at üstündə vüqarla irəliləyən sultanın sevincinin həddi-hüdudu yox idi. Lakin birdən üzündəki təbəssüm ifadəsi yox oldu. Çox sevdiyi köpəyi sahibini unutmuş halda başqa bir işlə məşğul idi. Padşah əvvəlcə hüznlə əlindəki ipi çəksə də köpək dirəndi, qarşısındakı sümüyü gəmirməyə davam etdi. Bu hal qarşısında padşah heyrət və hiddətlə qışqırdı:
“Hüzurumda məni unudaraq başqa işlə məşğul olmaq! Bu nə haldır?”.
Bu mənzərədən məyus olmuşdu. Köpəyin nankorluğu, vəfasızlıq və hörmətsizliyi ona bərk toxunmuşdu. Köpək də olsa etdiyi hərəkəti üzrlü sayıb bağışlamağı düşünmədi. O qədər izzət, ehsan və lütf müqabilində köpəyinin bir anda, üstəlik sümük parçası üçün onu unutması bağışlanacaq qəbildən deyildi. Qəzəblə:
“Bu ədəbsizə yol verin!” - dedi.
Qafil köpək bu hiddətin nə demək olduğunu dərk etdiyi zaman iş işdən keçmiş, başqa çarə qalmamışdı. Hətta yanındakılar padşaha:
- Sultanım, üstündəki ləl-cəvahirat, gümüş nə varsa çıxaraq, elə qovaq”, - desələr də padşahın cavabı belə oldu:
- Yox, qoy elə getsin, və əlavə etdi:
- Elə getsin ki, ucsuz-bucaqsız səhralarda ac-susuz qalanda onlara baxaraq itirdiyi ehsan və lütflərin acısını yaşasın!..”
Bu qissədən götürəcəyimiz ən böyük ibrət odur ki, Allahın ən çox qəzəbini cəlb edən xüsus;
- Uca Zatına qulluq üçün yaratdığı insanın qulları üçün yaratmış olduğu fani varlıqlara könül verərək Rəbbindən üz çevirməsidir.
- Ruziyə bağlanıb Rəzzaqı unutmasıdır.
- Səbəblərə bağlanıb Müsəbbibul-Əsbabı (səbəbləri yaradanı) gözməzdən gəlməsidir.
Qısacası, insanın Yaradanını, Mövlasını, əsl sahibini və Rəzzaqını unudub başqa qapılardan mədəd umması böyük bir vəfasızlıq və ədəbsizlikdir.
Haqq-Təala saysız nemətləri müqabilində qulunun belə bir nadanlıq və laqeydliyə düçar olmasını istəmir. Bu barədə belə bir sərt xəbərdarlıq edir:
“Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi”. (əl-İnfitar, 6-8)
Belə bir qəflətə düçar olmamaq üçün Haqq dostları daima özlərini ilahi müşahidə altında hiss edirlər. Ona görə də xüsusilə bu ayeyi-kərimələrin təfəkküründə dərinləşirlər:
“…Harada olursanız olun, O sizinlə birlikdədir...” (əl-Hədid, 4)
“…Biz ona şah damarından daha yaxınıq”. (Qaf, 16)
“Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam…” (əl-Bəqərə, 186)
“…Bilin ki, Allah insanla onun qəlbi arasına girər…” (əl-Ənfal, 24)
Həqiqətən insanın qəlbindən keçən hiss və düşüncələr özündən başqa bütün varlıqlar üçün sirdir, yalnız Allah-Təala bundan agahdır. Ona görə insan bilməlidir ki, açıq və gizli heç bir hal və davranışı Allah-Təalaya gizli qalmaz.
Bu səbəblə də ən çox ədəbə riayət etməli olduğumuz varlıq Allah-Təaladır. Rəbbimiz zaman və məkandan münəzzəh olmaqla birlikdə sonsuz elm və qüdrəti ilə hər zaman və məkanda qulları ilə bərabər olduğunu bildirir.
Ayeyi-kərimədə belə buyurur:
“Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir”. (əl-Mücadilə, 7)
“Sizdən sözünü gizlədən də, onu açıqdan deyən də, gecə gizlənən də, gündüz gəzib dolaşan da (Allah üçün) eynidir”. (ər-Raʻd, 10)
Elə isə hər an ilahi kameraların nəzarətində olduğunu dərk edən bir mömin Allaha üsyan edə bilməz, daimi qulluq ədəbi içində ömür sürər. İnsanların gözü qarşısında işləyə bilmədiyi xəta və qüsurlardan nəfsi ilə baş-başa qaldığı zamanlarda da uzaq durar. Bu cür saleh qulları haqqında Allah-Təala ayeyi-kərimədə belə buyurur:
“O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxarlar…” (əl-Ənbiya, 49)
Xülasə, üstümüzdəki ən böyük haqq Xaliqimiz, Raziqimiz və Mövlamız olan, hüzurundan gəlib hüzuruna qayıdacağımız Allah-Təalanın haqqıdır. Ona görə ən böyük ədəb də Allaha qarşı göstərilməlidir.
Allaha ədəbdən sonra riayət etməli olduğumuz ən böyük ədəbsə Rəsulullah r -ə olan ədəbdir. Çünki hədisi-şəriflərin birində belə buyurulur:
“Həyatım sizin üçün xeyirlidir. Başınıza gələn bəzi hadisələrə görə sizə ilahi vəhy və hökmlər nazil olar. Vəfatım da sizin üçün xeyirlidir. Əməlləriniz mənə ərz olunar. Gözəl bir əməl gördüyüm zaman Allaha həmd edərəm, pis bir əməlinizi gördükdə də sizin üçün Allahdan bağışlanma diləyərəm”. (Heysəmi, IX, 24)
Həmçinin Hz. Peyğəmbər r Vida Xütbəsində:
“Əsla (günah işləyərək) üzümü qara çıxarmayın!” buyurur.[4]
Demək ki, ümməti-Muhamməd olaraq işlədiyimiz əməllər Həzrət Peyğəmbərə ərz olunur.
Ona görə Alvarlı Muhamməd Lütfi Əfəndinin:
Fələkdə hasili-insan isən bir canı incitmə,
Günahkar olma, Fəxri-Aləmi-Zişanı incitmə!
- misralarında ifadə edildiyi kimi biz də ümmətinə qarşı həddən artıq şəfqətli və mərhəmətli olan Peyğəmbərimizin gül üzünü soldurub Onu hüznə qərq edəcək yanlış əməllərdən həssaslıqla çəkinməliyik.
Hər zaman bu fikirdə olmalıyıq:
“İndi Rəsulullah r mənim yanımda olsaydı və ibadət həyatıma, əxlaqıma, evimə, işimə, övlad yetişdirmə tərzimə baxsaydı, təbəssüm edərdimi? Yoxsa Onun əziz və lətif qəlbini kədərləndirərdim?..”
Məhz bu düşüncə ilə Peyğəmbərimizin bizdə görməkdən xoşlanmayacağı şeylərdən uzaqlaşıb, bəyənəcəyi hal və davranışlar sərgiləmək Ona qarşı riayət edəcəyimiz ən gözəl ədəbdir.
Allah-Təala hər birimizi bu dünya həyatında yanlışlardan uzaqlaşaraq sabahkı məhşər günündə xəcalətdən qurtulan bəxtiyar qullarından etsin.
Amin!..
Son spot
Həzrət Peyğəmbər r:
Nailiyyət əldə edəndə də, məhrumiyyət yaşayanda da, sevincli və kədərli anında, səadət və fəlakətdə də daima:
ƏRƏBCƏ
“Allahım, əsas həyat axirət həyatıdır” – deyə dua edərdi. (Bax. Buxari, Riqaq, 1)
Beləliklə də ümmətinə yaşanacaq çətinlik qarşısında bədbinliyə və üsyana düşməkdən, rahatlıq içində olanda da qəflətə qapılmaqdan uzaq durmalarını təlqin edirdi.
[1] Nütfeyi-naciz: Yox hökmündə olan dəyərsiz bir damla su.
[2] Attar, Tezkiretüʼl-Evliya, s. 54-55, Erkam Yayınları, İstanbul 1984.
[3] Bax. Müslim, İman, 77.
[4] Bax. Heysəmi, III, 271; Həmidullah, əl-Vəsaiq, s. 367.
ŞƏRHLƏR