Zəlzələ
Türkiyədə baş verən, bəlkə də, əsrin fəlakəti deyə biləcəyimiz o dəhşətli zəlzələ sadəcə bölgədə yaşayan insanları təsiri altına almadı. Bu böyük fəlakət həm maddi, həm də psixoloji baxımdan, əlbəttə, ilk növbədə orada yaşayan insanlara təsir etdi. Bununla birlikdə, bu dəhşətli hadisə bölgədən kənarda yaşadığı halda ürəyi oradakılarla birgə döyünənləri də az sarsıtmadı. Hər bir vicdan sahibini dərin üzüntüyə qərq etdi. Eyni zamanda baş verən hadisədən dərs çıxartmağa sövq etdi. Həmçinin müsəlman bir cəmiyyət olaraq “Zilzal” yəni “Zəlzələ” surəsini zehnimizdə bir də canlandırdı.
Qurani-Kərimin hər surəsi, hər bir ayəsi insanların fərdi, ailəvi, ictimai yöndən tərbiyə olunması yönündə böyük əhəmiyyət daşıyır; o cümlədən “Zəlzələ” surəsi də. Bu surənin bizə bağışladığı ən böyük təsir aldığımız hər nəfəsin hesabını verməli olacağımız günün dəhşətini iliklərimizə qədər hiss etdirməsidir. O böyük zəlzələnin baş verəcəyi həmin gün dünya sona çatacaq, hər kəs bu fani dünyada gördüyü kiçik-böyük, nə qədər yaxşı və pis əməlləri varsa hamısının hesabını verəcək.
İlk ayə belə başlayır: “Yer şiddətlə titrəyəcəyi zaman”. Yerin titrəməsinin dəhşətini yəqin bu gün Türkiyədə zəlzələnin olduğu bölgənin insanları daha yaxşı anlayar. Halbuki dünyada bu günə qədər baş vermis heç bir zəlzələ qiyamətin qopacağı gün baş verəcək zəlzələ ilə müqayisə olunmaz. Bunun dəhşətini Allah-Taəla belə ifadə edir: “Həmin vaxt yer elə bir şəkildə sarsılar ki, dağlar parçalanıb ovxalanaraq səpələnmiş toz kimi olar”. (əl-Vaqiə, 56/4-6)
İkinci ayədə: “Yer öz yükünü çıxardacağı zaman”, - buyurulur. Yerin öz yükü deyildikdə təfsir alimləri bu yükün yerin altındakı mədənlər və qəbirlərdə olan insanlar olduğunu bildirirlər. Bununla bağlı Hz. Peyğəmbər (s.ə.s) belə buyurur: “Yer üzü içindəki xəzinələri qızıl və gümüşdən sütunlar olaraq çölə atacaq. Bundan sonra qatil gəlib: “Bax, mən bunlar üçün adam öldürdüm”, - deyəcək. Qohumları ilə əlaqəsini kəsən gəlib: “Bax, mən bunların uğruna qohumlarımla əlaqəmi kəsdim”, - deyəcək. Oğru gəlib: “Mənim əlim bunlardan ötrü kəsildi”, - deyəcək. Onlar bu qızıl və gümüşdən heç bir şey almadan olduğu kimi orada qoyub gedəcəklər”. (Müslim, Zəkat, 62)
Dəhşətə düşürən bu hadisəni görən insan, surənin üçüncü ayəsində buyurulduğu kimi, belə deyəcək: “Və İnsan: “Ona nə oldu?” - deyəcəyi zaman!” Çünki o gün daha əvvəl görmədiyi, xəyalına gətirmədiyi dəhşətli mənzərələrə şahid olacaq. Həmin günün mənzərəsi Həcc surəsinin 2-ci ayəsində belə anladılır: “Onu gördüyü gün hər bir əmzikli qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın uşağını salar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görərsən. Ancaq Allahın əzabı çox şiddətlidir”.
Sonrakı ayələrdə: “O gün yer şahid olduğu hər şeyi xəbər verəcək. Çünki bunu Rəbbin ona vəhy etmişdir”, - buyurulmaqdadır. Üstündə baş vermis mənfi və müsbət hadisələrə şahid olan yer hər şeyi bir-bir anladacaq. Beləliklə, “O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (məhşər yerindən) ayrılacaqlar”. İnsanlar dəstə-dəstə getdikləri yerdə əməlləri ilə tanış olacaq və “Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək, kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcək”.
Türkiyədə baş verən zəlzələdə yaşanılan hadisələr işığında “Zəlzələ” surəsindən çıxaracağımız dərslərdən bəzilərini belə sadalamaq olar:
- Heç bir şeyin əbədi olmadığına əyani olaraq şahid olduq. Türkiyədəki zəlzələ bir daha bizə göstərdi ki, 40-50 saniyə içində hər şey, bütün var-dövlət, mal-mülk bir anda yox olub gedə bilər.
- Allahdan başqa heç kimə güvənməməliyik. O gün nə ata, nə ana, nə qardaş, nə də başqasından kömək ala bilməyəciyimizin bənzərinə şahid olduq.
- İnsan, şeytanın Allahın mərhəmətinə arxayın salaraq qurduğu tələyə düşməməlidir. Unutmamaq lazımdır ki, Allahın mərhəmətli olması onun qəzəbinin olmadığı mənasını daşımır.
- Hər kəs öz işini, ona tapşırılan vəzifəni düzgün yerinə yetirməlidir. Nöqsanlı işə görə on minlərlə insanın ölümünə, ocaqlarının sönməsinə, yüz minlərlə insanın yetim, şikəst, çöldə-bayırda səfalət içində qalmasına şahid olduq.
- İnsan gərək yoxluqda və ya çətin anlarında belə şükür halında olsun. Çünki betərin də betəri varmış.
- Anamızın, atamızın, övladlarımızın, qonum-qonşumuzun, dost-tanışımızın qədrini bilmək lazımdır.
- Hər an yox olub gedəcək dünyalıqlar üçün insanların bir-birilərinin həsədini çəkmələri, dedi-qodu etmələri, üzmələri, haqqını yemələri nə qədər mənasızmış.
- Müsibət, yoxluq, çarəsizlik və məşəqqətin insanları bir-birinə daha çox yaxınlaşdırdığını gördük.
Elə isə sahib olduğumuz mal-mülk, keçici dünya sərvəti, müvəqqəti həzlər bizi insanlıqdan uzaqlaşdırmamalı, bir-birimizə yadlaşdırmamalıdır. “Çətin gün”ün öhdəsindən gələ bilmək üçün səylərimizi birləşdirməliyik.
ŞƏRHLƏR