MƏSULİYYƏTİMİZ DÜNYA BOYDADIR

MƏSULİYYƏTİMİZ DÜNYA BOYDADIR

Biz fərd olaraq doğulur, kiçik ailə cəmiyyətində böyüyüb tədricən böyük cəmiyyətin bir üzvünə çevrilirik. Fərdin müsbət keyfiyyətlərə yiyələnməsi onun cəmiyyətlə münasibətlərinə birbaşa təsir edən amillərdəndir. İnsanın cəmiyyətlə münasibəti, ətrafdakılarla rəftarı onun şəxsiyyətinin necəliyindən xəbər verən mühüm amillərdəndir. Əlbəttə ki, bir insanın ətrafındakı bütün varlıqlara fayda verərək xoşbəxt cəmiyyət quruluşuna öz töhfələrini verməsi onun kamillik dərəcəsini göstərir. Dinimiz bu məsələ üzərində həssaslıqla dayanmış və müsəlmanları bu xüsusda məsul görmüşdür. 

Quranın “Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz...” (Ali-İmran, 110) ayəsi biz müsəlmanlara yer üzündə əmin-amanlığı bərqərar etmək kimi bir vəzifəmiz olduğundan xəbər verir. Yəni Allaha iman gətirmiş hər bir kəs Onun yer üzündəki xəlifəsi olduğunun fərqinə vararaq ilahi əmrlər istiqamətində ömür sürmək surəti ilə dünyadakı asayişi bərqərar etməli olduğunu bilən insandır. Böyük İslam mütəfəkkirlərindən mərhum Muhamməd İqbalın “Dünyanın gedişatından müsəlman məsuldur” sözü nə qədər də yerində deyilmiş bir sözdür. Allah-Təala bizdən məhz bu məsuliyyət şüuruna sahib olmağımızı istəyir. Bir cəmiyyətdə asayişin və əmin-amanlığın təminatı ilk növbədə o cəmiyyətin fərdlərinin bir-birinə qarşı sosial vəzifələrindən xəbərdar olmasından başlayır. Qurani-Kərim bizə acları doyurmağı, sədəqə və zəkat verməyi, infaq edərkən rəncidə etməməyi, imkansızları evləndirməyi, yetimlərə sahib çıxmağı, mirası varislər arasında düzgün qaydada bölməyi, müharibə şəraitində həddi aşmamağı və ictimai həyatda mühüm rol oynayan bu kimi bir çox fəzilətli əməlləri əmr edir. Bunun əksinə, cəmiyyətin fəsadına səbəb olacaq bütün pis davranışları da qadağan edir.  

İnsan və cəmiyyət əlaqələrini düzgün səciyyələndirən Hz. Peyğəmbər (s.ə.s): “Mömin o kəsdir ki, müsəlmanlar əlindən və dilindən əmin ola” buyuraraq iman etmiş bir insanın ətrafına zərərsiz olduğunu xəbər verir. Bəşəriyyəti ilahi vəhylə yenidən tərbiyələndirən o Uca Peyğəmbər eyni zamanda ümmətini cəmiyyətin faydasına olan xeyir əməllərə sövq edir. Ümumilikdə Qurani-Kərim ayələri və hədisi-şəriflər müsəlmanın müsəlman üzərində bir sıra haqlarının olduğunu bildirərək bizi qarşılıqlı yardımlaşmaya və bunun nəticəsində də sağlam cəmiyyət qurmağa səsləyir. Həzrət Peyğəmbər (s.ə.s) hədislərin birində belə buyurur: “Hər kim bir möminin bir müşkülünü həll edərsə, Allah da qiyamət günü onun çətinliklərindən birini həll edər. Hər kim çətin vəziyyətdə olanın işini asanlaşdırsa, Allah da dünyada və axirətdə ona asanlıq verər. Hər kim bir müsəlmanın eybini örtərsə, Allah da dünyada və axirətdə onun eyiblərini örtər. İnsan qardaşına yardım etdiyi təqdirdə Allah da ona yardım edər”. Əlbəttə ki, bu və bu kimi həyati düsturlar müsəlmana sosial mükəlləfiyyətlər yükləyərək ona ətrafındakı hər şeydən məsul olduğunu aşılayır. İlahi əmrlər və Nəbəvi tövsiyələr istiqamətində həyat sürən möminlər də tarixin bütün mərhələlərində insanlığa, hətta ətrafda var olan bütün məxluqata şəfqət və mərhəmət qanadı açaraq gördükləri nöqsanları düzəltmiş, cəmiyyətdəki problemlərin həllinə çalışmışlar. Bununla da vəqflər, aş evləri, karvansaraylar, darüşşəfalar və bu kimi saysız xeyir qurumları təsis edərək İslam mədəniyyətinin gülər üzünü bütün dünyaya tanıtmışlar.

Bu gün kapitalizmin dünyanı fəsada sürüklədiyi bir dövrdə insanlıq İslamın təlqin etdiyi sosial məsuliyyət şüuruna hər zamankından daha çox möhtacdır. Ailə fərdlərimizdən başlayaraq cəmiyyətin bütün təbəqələrini əhatə edən bəşəri münasibətlərdən məsul olduğumuzu unutmamalıyıq. İşsizlik ucbatından maddi çətinliyə düşən qonşularımıza, bir tikə çörəyə möhtac yoxsullara, təhsil haqqını verə bilmədiyi üçün oxumaqdan məhrum olanlara, evsiz-eşiksiz qalıb küçədə gecələyən qəriblərə, yetimlərə və əlil olduğu üçün heç bir işə yaramadığını düşünən biçarə insanlara qucaq açmaq hər bir müsəlmanın insanlıq borcudur.  “Yer üzündə üşüyən insanlar varkən isinməyə haqqımız yoxdur”.

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz