İSLAM ALİMLƏRİNİN ELM TƏHSİLİNDƏKİ ƏHVALLARI

İSLAM ALİMLƏRİNİN ELM TƏHSİLİNDƏKİ ƏHVALLARI

  İslam dini elm təhsilinə çox önəm vermişdir. Çünki Allah-Təala Qurani-Kərimdə belə buyurur: “De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?!” (əz-Zumər, 9) Eyni şəkildə Allah Rəsulu (s.ə.s) belə buyurur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir”. (İbn Macə, 224)

  Bundan dolayı İslam alimləri elm tələb etməkdə çox həris olmuşlar. İslam alimlərinin həyatı haqqında yazılmış “Təbəqat” kitablarına nəzər salan hər bir oxucu çox təsirli və inanılmaz hadisələrlə qarşılaşır. Bunların bəzilərini alimlərin kəraməti babından da ələ ala bilərik. Çünki biz öz ağlımızla bu hadisələri təhlil etmək istədiyimiz zaman bəzən ağlımız bunu rədd etmək istəyir. Amma bu hadisələrin çoxunda bizim üçün böyük nümunələr vardır.

Şüca bin Məxləd belə deyir: “Əbu Yusifin belə dediyini eşitdim: “Bir oğlum vəfat etdi. Təchiz və kəfənə sarımaq işində iştirak etmədim. Bu işləri qonşularıma və qohumlarıma həvalə etdim. Bunun da səbəbi peşmanlığımın əsla məndən getməyəcəyi bir şeyi (mühüm bir elmi məlumatı) Əbu Hənifədən eşidə bilməmə təlaşı idi”. (əl-Müvəffəq əl-Məkki, s.1/472, Mənaqibül-İmam Əbi Hənifə, Darül-Kitabil-Ərəbiyyə, Beyrut, 1401)

İmam Əbu Hənifənin böyük tələbələrindən olan İmam Muhamməd gecələri yatmazdı. Ondan niyə yatmadığı soruşulduğu zaman belə cavab verərdi: “Möminlərin gözləri bizlərə inanaraq yatarkən və onlar “bir problemlə qarşılaşarıqsa ona ərz edərik, o problemi həll edib bizə cavabını verər” deyərkən mən necə yatım? Mən də yatsam, bu, dini hədər etmək olar”. ( Hafizüddin əl-Kərdəri, Mənaqibül-İmam Əbi Hənifə, s.2/435, Darül-Kitabil-Ərəbiyyə, Beyrut, 1401)

İmam Şafeinin (Allah ona rəhmət etsin) tələbəsi Rəbi bin Süleyman əl-Müradi deyir: “İmam Şafei gecəni üç qismə bölərdi. İlk üçdəbirində yazar, ikincisində namaz qılar, üçüncüsündə də yatardı”. (Qazı İyaz, əl-İlma ila Üsulir-Rivayə və Təqyidis-Səmai, s.234, Mühəqqiq: Seyyid Əhməd Səqər, Darüt-Türas, Qahirə, 1389)

Əmmar bin Rəca belə deyir: “Übeyd bin Yəişi belə deyərkən eşitdim: “Otuz il gecələr öz əllərimlə bir şey yemədim. Mən hədis yazarkən bacım ağzıma loğma qoyardı”. (İmam Zəhəbi, Siyərü Əaləmün-Nübəla, s.11/459, ər-Risalətül-Aləmiyyə, Beyrut, on üçüncü nəşr: 1440/2109)

İmam Əbu Hilal əl-Əskəri "əl-Həss ala Tələbil-Elm vəl-İctihad fi Cəmih" adlı əsərində belə deyir: "İmam Əbu Bəkr ibn əl-Xəyyat ən-Nəhvi hər zaman elmlə məşğul olardı, yolda belə. Ehtimal edilir ki, ya uçurumdan düşdü, ya da bir heyvan onu tapdaladı". (Abdulfəttah Əbu Ğüddə, Qiymətüz-Zəman indəl-Üləma, s.82, Darül-Bəşairil-İslamiyyə, Beyrut, on altıncı nəşr: 2014/1435)

“Tarixü Bağdad “ əsərində Əbu Cəfər Muhəmməd ibn əl-Münadinin tərcümeyi-halında özünün belə dediyi rəvayət edilir: “Bir cənazəyə gəldim. Ətrafımda olanlara bu hədisi dedim. Arxamdan bir adam mənə səsləndi. Dönüb baxdığım zaman  Yəhya bin Məini gördüm. Ona salam verdim. Mənə belə dedi: “Əbu Cəfər! Mənə bu hədisin Əbu Nədrdən eşitdiyin təriqini deyə bilərsənmi? Çünki mən bunu ondan yaza bilmədim”. Əbu Zəkəriyyəyə (Yəhya bin Məinə) olan böyük hörmətimdən  dolayı bundan çəkindim. Ancaq məni buraxmadı. Sonunda yolun bir kənarına məni oturtdu və yanında olan lövhələrə məndən bu hədisi yazdı”. (Xətib əl-Bağdadi, Tarixü Bağdad, s.2/327, Mətbəətüs-Səadə, Misir, 1349)

Əbul-Həsən Əttar belə deyir: “Şeyximiz İmam Nəvəvi (Allah ona rəhmət etsin) nə gecə, nə də gündüz vaxtını heç vaxt zaye etmədiyini, davamlı şəkildə elmlə məşğul olduğunu, yolda olsa belə öyrəndiyi şeyləri təkrar edib mütaliə etdiyini demişdir. O, bu hal üzərə altı il davam etmişdir. Daha sonra əsər yazmağa, bildiklərini nəql etməyə, vəz verib insanlara həqiqətləri çatdırmağa başlamışdır. İmam sadəcə yatsı namazından sonra gündə bir dəfə yemək yeyərdi və yalnız bir dəfə sahur vaxtında su içərdi. Meyvə və xiyar yeməzdi. Buna səbəb olaraq belə deyərdi: “Bədənimin suyunu artırıb yuxumun gəlməsindən qorxuram”. Şeyximiz heç bir zaman evlənmədi”. (Abdulfəttah Əbu Ğüddə, Qiymətüz-Zəman indəl-Üləma, s.128-129, Darül-Bəşairil-İslamiyyə, Beyrut, on altıncı nəşr: 2014/1435)

Əbu Muhamməd ibn Əbu Hatim ər-Razi belə deyir: “Ölüm döşəyində olan atama Üqbə bin Abdulğafirin səhabə olub-olmaması haqqında soruşdum. Qüvvətsiz və əldən düşmüş bir səslə “xeyr” cavabını verdi”.

Ustad Abdulfəttah Əbu Ğüddə bu möhtəşəm hal haqqında belə deyir: “Oğlunun elm öyrənmək və atanın da elm öyrətmək istəyinə bir baxın. Ölüm döşəyində oğlu bir ravinin halını soruşur, o da sanki ölmüş kimi, qüvvətsiz bir səslə cavab verir. Atasının ölüm döşəyində olması oğlunun sual soruşmasına, zamanı dəyərləndirməsinə və atasından elm tələb etməsinə əngəl olmadı. Atası da dünyadan ayrılmaq üzrə, son nəfəsini verməkdə ikən raviylə bağlı sual soruşmasından dolayı pis olmadı və əsəbiləşmədi. Hər ikisinə də halal olsun! Vaxt və elmin hər ikisi qatında nə qədər də çox dəyəri var imiş”. (Abdulfəttah Əbu Ğüddə, Qiymətüz-Zəman indəl-Üləma, s.75, Darül-Bəşairil-İslamiyyə, Beyrut, on altıncı nəşr: 2014/1435)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz