İKİ DAMLA YAŞ

İKİ DAMLA YAŞ

 Evlərimizə iftar sevinci gətirən, könüllərimizə Quran ziyafəti verən mübarək Ramazani-Şərifi iki ay əvvəl arxada qoyduq. Artıq bütünlüklə Allaha təslim olmağın nişanələrini özündə cəm edən Qurban bayramı ərəfəsindəyik. Bəli, heyvan bazarında həyəcanla qurban axtarışlarının başladığı günlərdəyik. Yenə bayram səhəri əlindəki bir tutam otu qorxu və sevinc qarışıq hisslərlə həyətdə bağlanan qoça uzadan uşaqların maraqlı baxışları sevincimizə sevinc qatacaq. Bayram namazına yetişməyin təlaşı ilə axşamdan hazırlanan ən gözəl paltarlarımızı geyinə-geyinə zümzümə etdiyimiz təşrik təkbirləri indidən qulaqlarımızda səslənir sanki: Allahu əkbər, Allahu əkbər, Lə iləhə illəllahu vallahu əkbər. Allahu əkbər və lilləhil hamd… Fərdi və toplu qurbanların kəsiləcəyi, yoxsulları sevindirmək üçün kəsilən ətlərin bir an əvvəl bölünərək evlərə çatdırılma həyəcanının yaşanacağı günlərə lap az qaldı. Ailəliklə səfərbər olduğumuz kəsim, bölgü və çatdırılma işlərini bitirib Qurban ətindən bişirilən qovurma süfrəsi arxasında oturub xoş anları yaşamağın özünəxas sevincini indidən hiss etmək olur. Artıq bu bayramda bizimlə eyni süfrəyə otura bilməyən yaxınlarımızı rəhmətlə anaraq keçmiş günlərin xatirəsi ilə hüznqarışıq xoş xatirələr canlanır gözlərdə. Bu günə qədər yaşadığımız bayramları gözümüzün önünə gətirdikcə süfrəmizə yeni qatılanlar, daha sonra həyatla vidalaşıb süfrədən qalxanlar gəlir gözümüzün önünə. Və bəlkə də sual edirik, görəsən, neçə bayram qaldı?.. Bayram günlərini layiq olduğu kimi keçirməyin, qurbanı layiqincə kəsməyin sirri də məhz bu sualı dərk etməkdə gizlidir, əslində.

Qurban kəsərkən oxunması müstəhəb olan dualardan biri belədir: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür”. Ənam surəsinin 162-ci ayəsi olan bu dua cümləsi Hz. Peyğəmbərə və onun timsalında bütün möminlərə Allah tərəfindən edilən bir təlqindir. Bu ayə ilə Rəbbimiz namazımızı, ibadətimizi kimin üçün etdiyimizi, həyatımızı kimin üçün yaşadığımızı bizə xatırladır. Beləliklə, xatırladığımız bu gerçəyi bir daha dilimizlə iqrar, qəlbimizlə təsdiq etməmizi istəyir. Əslində, İslamda əmr edilən bütün ibadətlərin mahiyyəti məhz insana qulluq şüuru qazandırmaqdan ibarətdir. Biz zəkat, sədəqə, fitrə kimi mali ibadətlərimizlə sahib olduğumuz sərvətimizin Yaradandan olduğunu təsdiq edib, hal lisanımızla bütün varımızı Ona qurban etməkdən şərəf duyduğumuzu söyləmiş oluruq. Namaz və oruc kimi bədəni ibadətlərimizlə də hər zaman Onun yolunda canımızı fəda etməyə hazır olduğumuzu, həyatımızı Onun üçün davam etdirdiyimizi əyani şəkildə yaşamış oluruq. Hər il kəsdiyimiz qurban da bu mənada özünəxas hikmətlər və simvolik mənalar daşıyır. Əslində fərqində olaraq kəsə bilsək, qurban bizim üçün təslimiyyət mənasına gələn İslamı xülasə edən bir əməldir. Çünki qurban təslimiyyət abidəsi Hz. İbrahimin oğlu İsmayılı Haqqa qurban edişinin bir simvoludur.  

Qurban təslimiyyətdir. Hər nə qədər ayağımızın altındakı heyvanı qurban etsək də, əslində bütün dünyəvi arzularımızın, Allahın əzəməti qarşısındakı varlıq iddiamızın boğazına çəkərik bıçağı. O an bütün dünyanın ağcaqanadın bir qanadı qədər dəyərsiz olduğu andır bizim üçün.   

Qurban yaxınlaşmaqdır. Zənginin yoxsula yaxınlaşması, Allahın yaxın olduğu məzlum və ehtiyac sahiblərinə, dolayısı ilə Allaha yaxınlaşmasıdır. Ən yaxşısından verərək əlçatmaz zirvə olan “birr”ə yaxınlaşmaqdır. Yetimə, kimsəsizə yaxınlıq, dolayısı ilə Həbibullahın yaxınında qərar tutmaqdır.

Qurban təbəssümdür. Evinə bazarlıq edə bilməyən ailə başçısının səhərin erkən saatlarında məhzun duyğularla ayrıldığı ailəsinə gülər üzlə qayıdışıdır. İsti yeməyi unudan azyaşlılar üçün bir boşqaba sığan doyumsuz ləzzətdir. Dünyanın ən ləziz təamı, ürəkdən edilən ən xoş təbəssümdür.

Qurban ümiddir. Kəsə bilənlər üçün sirat körpüsündən keçiş, yoxsullar üçünsə qaynayan qazana sığan yaşamaq ümididir.

Qurban fədakarlıqdır. Bayram günlərini tətil etməyib qapı-qapı gəzərək ətrafdakı yoxsulların dərdinə dərman olmaq, ən xoş anları Allah üçün bu amala fəda etməkdir.

Qurban mərhəmətdir. Yer üzündə üşüyən varlıqlara şəfqət libası, biçarələrə mərhəmət qalasıdır.

Qurban həsr etməkdir. Niyyəti, əməli, həyatı və ölümü yalnız Allaha həsr etmək, “Sənin üçün” deyə bilməkdir.

Qurban gözdən axan iki damla yaşdır. Birində sevinc, digərində şəfqət gizlidir. Birində keçmişə həsrət, digərində gələcəyə inam…    

 

       

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz