Ağsaqqal Nəsihəti

Çap

Yazan redaktor 17.05.13 12:46

Share

 

Saysız tələbə yetişdirən müəllim – Nəbi Abdullayev:

İKİ MƏSƏLƏDƏ DƏQİQ VƏ DOĞRU SEÇİM EDİLMƏLİDİR!

İrfan: Nəbi müəllim, ilk növbədə özünüz haqda məlumat verin zəhmət olmasa.

Nəbi Abdullayev: 1936-cı ildə Zaqatalanın Zəyəm gəndində dünyaya göz açmışam. Dörd yaşım olanda atam müharibəyə gedib, bir daha qayıtmayıb. Ailədə dörd uşaq olmuşuq. Bizi nənəm bğyüdüb. 1954-cü ildə orta məktəbi qurtarıb sənədlərimi ali məktəbə vermişəm, elə həmin il də instituta daxil olmuşam. 1959-cu ildə Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər  İnstitutunun ingilis dili fakültəsini bitirmişəm. İlk tədris fəaliyyətimə rayonumuzun Qımır kəndində başlamışam. Qımır, Gözbarxa, Çobankol kəndlərində işləmişəm. 1960-cı ildən isə Çardaxlar və Muxax kədnində müəllimlik etmişəm. 14 il müəllim işlədikdən sonra Zəyəm kəndində yerləşən səkkizillik məktəbə direktor təyin olunmuşam. 1995-ci ilə qədər, 23 il həmin məktəbin direktoru olmuşam. Keçən il yaşımla əlaqədar olaraq işdən ayrılmışam. Dörd övladım var; üç oğlan, bir qız. Hamısı ailə qurublar, yeddi nəvəm var.

İrfan: Uşaqlıq illəriniz çətinliklə keçib. O illərdən hansı təsirli hadisələr qalıb yadınızda?

Nəbi Abdullayev: Çox çətin dövr yaşamışıq. 1941-ci ildən 50-ci illərə qədər iqtisadi cəhətdən həddən artıq çətin idi vəziyyət. Biçilmiş sahələrdən sünbül yığırdıq yemək üçün. Hamı çətinliklə dolanırdı, xüsusilə yetim olanlar... Hər şey cəbhəyə göndərilirdi. Ali məktəbdə oxuyanda dövlətin verdiyi tələbə təqaüdü ilə dolanırdıq bir təhər.

İrfan: Nəbi müəllim, uzun ömür yaşamısınızış Allah daha da uzun etsin! Ömür yollarına boylananda həyatı necə görürsünüz? Həyat nədən ibarətdir? Necə başa düşülməlidir?

Nəbi Abdullayev: Yetmiş yeddi yaşıma çatmışam, çevrilib arxaya baxıram, heç nə görmürəm. İnsan ömrü çox qısadır, həyatsa şirin. İnsan dünyadan doymur. Amma Allahın hərəyə verdiyi bir ömür payı var. Mən əlli bundan əvvəl dünyanı bugünkü kimi dərk edə bilsəydim, bəlkə də yaşaya bilməzdim. İnsan hər yaş dövründə dünyanı bir cür dərk edir. Artıq bu yaşda ölüm təlaşı hər an yada düşür. İnsan nə qədər yaşasa, yenə yaşamaq istəyir. Dünyanı dərk edə-edə gəlmişəm, yaxşını da, pisi də görmüşəm. Dünya uzaqdan qırmızı almaya bənzəyir, yanına gələndə görürsən ki, çürükdür. Allahın yaratdığı hər insan bir ömür yolu keçir. Bir meyvəyə bənzədək. Əvvəlcə ağacda göy olur, sonra yavaş-yavaş yetişir, gözəlləşir. Vaxtında dərməsən başlayır bürüşməyə, saralıb-solur. İnsan da elədir. Müəyyən yaş dövrü var. Qırx yaşa kimi cavan qalır, sonra qocalmağa başlayır. Bir şeirimdə də yazmışam:

Dünya bir meydandır, insan fırfıra

Fırlada-fırlada aparır gora.

İrfan: Bildiyimizə görə namaz da qılırsınız. Nə vaxtdan başlamısınız namaza?

Nəbi Abdullayev: Namaz qılmağa 1990-cı ildən başlamışam. Yeri gəlmişkən deyim ki, Seovet ittifaqı bizi dinsizləşdirirdi. Mən 30 il kommunist olmuşam. Şükür ki, o rejim dəyişdi və bu gün dinimiz azaddır. Hər kəs istədiyi kimi yaşaya bilir. Mən də namazımı qılıram, oruclarımı tuturam. Ölüm gəlmədən tövbəyə tələsmək lazımdır. Allah tövbələri qəbul edəndir.

İrfan: Namaza başladıqdan sonra sizdə nə dəyişiklik oldu?

Nəbi Abdullayev: İnsan namaza aşlayandan sonra dünyanı tam mənasıyla dərk edir. Allahı dərk edir, o biri dünyanı dərk edir. O insan xoşbəxtdir ki, dünyanı dərk edir və Allah onun qəlbinə nurunu salır ki, tövbə edib düz yola qayıtsın. Dünyaya gələndə Allah bizə iki yol göstərir: öz yolu və şeytanın yolu. Kim hansına istəsə gedə bilər.

İrfan: Namaza gəlməyinizə nə səbəb oldu?

Nəbi Abdullayev: 20 yanvar qırğını. Bütün ölkə matəmə bürünmüşdü, duyğulu anlar yaşanırdı. Mən onda dərk elədim ki, bizim obiri dünyamız da var, bu dünyadakı hər şey fanidir. İbadət etmək zəruridir.

İrfan: İnsanlar dünya malı üçün bir-birini qırırlar. Sizcə dəyər buna?

Nəbi Abdullayev: Allah-Təala insan bildirir ki, dünya malına çox həris olma. Onsuzda özgəsinə qalacaq. Şəxsən mənim gözümdə dünya malının bir qəpik də qiyməti yoxdur. Bir tikə çörəyim varsa, şükür. İnsanın ehtiyacı olan miqdar zəruridir, ondan artığı isə dünya malıdır. Yaxşı ki, müəllim olmuşam. Allahın verdiyi sağlam can hər şeydən artıqdır mənim üçün. Heç vaxt başqasının malında gözüm olmayıb. Rəhmətlik nənəm qıtlıq illərində deyərdi ki, oğurluq etməyin, günahdır. Qonşunun yumurtasını gətirsən, gözümə görünmə. Çox təmiz, əliaçıq insan idi. Bizi də elə olmağa çağırırdı. Pis yola düşmədik, şükürlər olsun!

İrfan: Nəbi müəllim, dediyiniz kimi həyatın hər üzünü görmüsünüz. Bu yaxınlarda dəhşətli zəlzələni də yaşadınız. Bizə maraqlıdır, hansı hissləri keçrdiniz?

Nəbi Abdullayev: Mən universitetdə Fuad müəllimlə otaqa oturmuşduq. Bir də gördük ki, yer-göy lərzəyə gəlir, qaçdıq çölə. Allah bizi bununla imtahan etdi deyərdim. Bəlkə də ikinci belə zəlzələ olmayıb ki, bir nəfər də olsa daşın, dağıntının altında qalmasın. Allah qorudu. Şəxsən mənim evimin hər tərəfindən daş töküldü, amma uçmadı. Mən düşünürəm ki, bu, Allahın imtahanı idi. Camaatı ayıltdı.

İrfan: Xanımınız evdə idi yəqin ki. Bəs onun sarıdan hansı hissləri keçirdiniz?

Nəbi Abdullayev: Dərhal telefonu götürdüm evə zəng etməyə, gördüm işləmir. Başqa operatorla zəng etməyə çalışdım, o da işləmədi. Ürəyim evdə idi. Tez bir maşın tutub özümü evə yetirdim. Görəndə ki, salamatçılıqdı, elə bil dünyanı mənə verdilər. Dedim, Allah sənə şükür. Şükürlər olsun ki, yoldaşım sağdır, qalan hər şey düzələr. Elə də oldu. Dövlətimiz dəstək oldu, dağılan evlərin yerində yeni evlər tikdi. Gördüyünüz kimi hər cür şəraitlə təmin etdilər. Yeri gəlmişkən prezidentimizə minnətdarlığımı bildirirəm.

İrfan: Nəbi müəllim, belə nəticəyə gəlirik ki, ailədə qarşılıqlı sevgi və hörmətiniz ilk gün olduğu kimidir. Keçən illər sizi bir-birinizdən soyutmayıb. Amma zəmanəmizdə qurulan ailələrə baxırsan ki, tezliklə soyumalar, bir-birindən uzaqlaşmalar və boşanmalar artıb. Niyə belədir, görəsən?

Nəbi Abdullayev: Ailə bir dövlətdir. Onun xarici siyasəti də var, daxili siyasəti də. Ailə insanın həyatıdır, taleyidir. Dünyaya gələn övladı quşa bənzətsək, onun bir qanadı atadır, obiri qanadı ana. Biri olmasa uça bilməz. Uşaqların xoşbəxtliyi ata-analarının olmasına bağlıdır. Bir ağsaqqal kimi gənclərə tövsiyəm odur ki, seçərkən doğru seçsinlər. Peşə və ailə seçimi çox mühümdür. Elə seçmək lazımdır ki, ailəni axıra kimi davam etdirə  biləsən. Bir dəfə məktəbdə oxuyan uşaqlardan birinin çox qəmgin olduğunu gördüm. Səbəbini araşdıranda bildim ki, atası ilə anası boşanma həddindədir, hətta qadın atası evindədir. Uşağın atası ilə danışdım, sağ olsun nəsihətimi dinlədi, barışdılar. Ondan sonra uşağın üzü güldü. Bax bu gülüşü heç nəyə dəyişmək olmaz. Uşaq üçün ən böyük nemət ata-anadır, ata-ana üçünsə övlad.

İrfan: Bəs övladlara nə tövsiyə edirsiniz?

Nəbi Abdullayev: Bu dəqiqə narkomaniyanın yayıldığını müşahidə edirik. İlk növbədə içkidən və narkotik maddələrdən uzaq olmalarını tövsiyə edirəm. Sonra yalandan və ata-anaya hörmətsizlikdən uzaq olsunlar. Ata-anaya hörmət edin. Sabahkı günü düşünün. Haramdan qaçın. Həyatı tam mənada dərk edə-edə yaşayın, valideynlərin qədrini bilin.

İrfan: Uzun illər təhsillə məşğul olmusunuz. Bir pedoqoq kimi indiki təhsilin səviyyəsi sizi qane edirmi?

Nəbi Abdullayev: Düzü, Sovet təhsil sistemi pis deyildi. Mən o təhsil sistemi ilə bugünkünü müqayisə edə bilmərəm, amma orta məktəb proqramı çox ağırdır. Uşaqların yaşına görə çox ağırlaşdırıblar. Uşağı bu qədər yükləmək düzgün deyil. Əvvəlki illərdə uşaqlar daha savadlı yetişirdilər.

İrfan: Nəbi müəllim, bizə vaxt ayırdığınıza görə təşəkkür edirik. Həm də ona görə təşəkkür edirik ki, gözəl tələbələr ytişdirmisiniz.

Nəbi Abdullayev: Çox sağ olun. Tələbələrimin həyatda yüksək mövqe tutduqlarını görəndə çox sevinirəm. Onlar bizim yetişdirdiyimiz meyvələrdir. Bir müəllim kimi həmişə çalışmışam ki, ilk növbədə həyatda düzgün mövqe tutsunlar, həyatı tam mənası ilə dərk etsinlər, arzum o olub ki, övladlarını özləri böyütsünlər.   

Tecox component by www.teglo.info