REDAKTORDAN
Əziz Oxucu!
İrfan jurnalı yeni bir mövsümün astanasında mərhəba deyir sizlərə. Bəli, yeni mövsümün astanasındayıq. Yaxınlaşmaqda olan həcc mövsümü bütün müsəlman dünyasında zəvvarların yol hazırlıqlarına başlaması ilə yadda qalır. Bütün dünya müsəlmanlarının qibləsi olan Kəbənin və Peyğəmbərlər Sultanının məzarının olduğu müqəddəs məkanlara səfər hazırlıqları həyəcanlı hisslərlə özünü göstərir. Vaxtilə yetmiş illik Sovetlər dönəmində dədə-babalarımızın həsrət qaldığı o mübarək bölgələrə bu gün şükürlər olsun ki, rahatlıqla getmək fürsəti var. Bunun üçün nə qədər şükür etsək, yenə azdır. Hər il yüzlərlər, minlərlə zəvvarlarımızı yola salırıq. İrfan jurnalı hər il bu mövzulara kifayət qədər yer ayırır. Bu dəfə isə jurnalımızın demək olar ki, tamamını yol üstə olan həcc namizədlərimizi hazırlayacaq yazılara həsr etdik. Yenə bir-birindən maraqlı yazılarla görüşünüzə gəldik.
Əziz Oxucu!
Bu sayımızda “Rənglərin qardaşlığı” başlıqlı yazıda Kəbənin müsəlmanları birləşdirən tərəflərini, sirlərlə dolu həcc ibadətinin hikmətlərini oxuyacaqsınız. “Yenidən doğulmaq” yazısı həcc ibadətinin insanı günahlardan necə təmizlədiyindən bəhs edir. Şeyx Şibli həzrətlərinin həclə bağlı nəfsi ilə olan söhbətini xüsusi səhifə olaraq hazırlayıb sizə təqdim edirik. Həmçinin bu xüsusda daha təcrübəli mütəxəssislərdən olan, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Eldar Mikayıl-zadə ilə, tanınmış müğənni Hacı Nadir Bayramlı ilə, Gəncliyə Yardım Fondunun əməkdaşı Hacı Zəki Şahin ilə qısa reportajlarımız oldu. Onları da sizə təqdim edirik. Möhtərəm yazar və könül insanın qələmə almış olduğu “Həcci-Məbrur və Ümrə” yazısı isə əminik ki, bütün həcc səfərinə hazırlaşanlara rəhbər olacaqdır. Əminik ki, yazarlarımızın “Qətiyyət İmtahanını Keç”, “Özünüzü cəhənnəm atəşindən qoruyun”, “Tövbə”, “Zəiflərin Yardımı”, “Yetkin Duyğular” və digəg məqalələr hər biriniz tərəfindən bəyəniləcək.
Əziz Oxucu!
İrfan jurnalı müqəddəs səfərə hazırlaşan bütün zəvvarlarımızı indidən bu gözəl yolçuluğa uğurlayır, hacı adını alaraq sağ-salamat vətənə qayıtmalarını arzulayır!
|