Allaha Yaxinlaşma Ehtiyaci Olan Heyvandir, Yoxsa... / Elşən RZAYEV

      Share

      İnsan əlində olanı mülkiyyəti bildiyi zaman ondan vaz keçə bilməz, əlində olanı əmanət bildiyi zaman onu verə bilər.

      Əslində insan verə bilmədiyinin sahibi ola bilməz, verə bilmədiyinə aid olar. Allah üçün verdiyində isə gerçəkdən sahib olar.

      Qurban Allahın bəxş etdiyi dünyəvi nemətlərin insanla Rəbbi arasına girməsinə mane olan ibadətdir. Qurban Rəbbin verdiyi dünyəvi nemətləri Ondan uzaqlaşmaq üçün deyil, Ona yaxınlaşmaq üçün istifadə etmək təlimidir.

      Canlıların ruhu olduğu kimi saleh əməllərin də ruhu vardır. Onların ruhu şüurlu şəkildə olmasıdır. Heyvana qurban deyilməsi məcazidir. Əslində qurban olan insandır. Çünki insan təqvası ilə Allaha yaxınlaşma qabiliyyətinə sahib bir varlıqdır. Buna görə isə insanın heç də ölməsinə gərək yoxdur.

      Əgər necə qurban olum deyə fikirləşiriksə, Adəmə baxaq. Hz. Adəm günahını qurban etdi. Deyəcəksiniz ki, insan günah ilə Allaha yaxınlaşarmı? Bəli, yaxınlaşar. Bu sualın cavabını bilmək istəyiriksə Hz. Adəmə ibrətlə baxaq. Şeytan günahı ilə Allahdan uzaqlaşdı və Allaha arxa çevirdi. Adəm isə günahı ilə Allaha yaxınlaşdı və əfv edildi. Elə bir günah işlədi ki, günahından sonra günahını etiraf etdi və “Rəbbim”, -dedi, “Mən nəfsimə zülm etdim”. Məhz həmin andan etibarən Adəm günahını qurban etdi. Yəni onun bu günahı onu Allaha yaxınlaşdıran bir yol oldu. Və hər tövbəsi onu Rəbbinə yaxınlaşdıran bir addım oldu. Beləcə, Adəm bizə tövbənin qurban olduğunu, Allaha yaxınlaşmaq olduğunu, təslimiyyət olduğunu öyrətdi.

      Əgər qurban necə olunur deyiriksə, Hz. Nuha baxaq. Nuh tufanı qurban etdi. Bir fəlakət insanı Allaha yaxınlaşdırarmı? Əgər o fəlakətə qurban şüuru ilə baxılarsa, fəlakət belə qurban olar. Elə buna görə də başqaları üçün fəlakət olan tufan möminlər üçün bir qurban olur. Nuhun tufanı da onun üçün bir qurban oldu. Və Nuh acizliyini etiraf etdiyi anda Rəbbinin rəhmət qolları ona açıldı. Nuh “Mənim gücüm tükəndi, ya Rəbbi, Sən yardım et!” dedi. Belə olduğu halda Rəbbi qurbanına baxmazmı?

      Əgər qurbanı dərk etmək istəyiriksə, Hz. İbrahimə baxaq.  İbrahim Allaha qurban oldu. Deyəcəksiniz ki, İbrahimin həyatına tarixi xronologiya çərçivəsində baxanda onun oğlu İsmayılı qurban etdiyi görünür. Ancaq bu belə deyil. Əslində İbrahim özünü qurban etdi. Ona görə də Allahın salamını aldı. Aləmlərin Rəbbi “İbrahimə salam olsun” dedi. İbrahimin Rəbbinə qurban olmasını onun atəşə atılmasında görürük. Cəbrayıl ondan bir şeyə ehtiyacı olub-olmadığını soruşanda “Allah mənə kifayət edər, O, nə gözəl vəkildir” deyərək Allaha yaxınlaşdı, yəni qurban oldu. Məhz belə bir yaxınlığı dərk edən insan ixtiyar çağında qovuşduğu oğlunun boğazına bıçağı çəkərkən səmimi ola bilərdi. Axı o öğlunun boğazına bıçağı çəkərkən qoç göndəriləcəyini bilmirdi. Lakin Allah bir kimsədən nə isə istəyərsə, bilin ki, almaq üçün istəməz, əslində vermək üçün istəyər. Bu həqiqət İsmayılın qurban edilməsi hadisəsində də gerçəkləşdi. Və Rəbbinin əmri ilə oğlu İsmayılı qurban edərkən əslində İbrahim özü də qurban oldu, yəni Rəbbinə bir daha yaxınlaşdı. İsmayılın qurban olması üçün ölməsinə ehtiyac yox idi. Çünki insanın qurban olması heyvanın qurban olmasından fərqlidir. Kəsilərək yalnız heyvan qurban edilir. Allaha qurban olmaq üçün ölməyə gərək yoxdur. İnsanın Allaha qurban olması Ona yaxınlaşmaqla olur.

      İnsan heyvandan dərs aldığı qədər qurban olar. Axı Allaha yaxınlaşmaq ehtiyacı olan heyvan deyil, insandır. Allahın insanların əmrinə verdiyi hevanlar bıçaqların altına necə yatırlarsa, Allah da insanı öz əmri altına aldığı insandan eləcə təslimiyyət gözləyir. İnsanın əmrinə verilən yer və göy, hava, su, ağaclar, heyvanlar necə itaət edirlərsə, insan bunlardan ibrət alaraq Rəbbinin əmrinə eləcə itaət etməli deyilmi? Boynunu Allahın bıçağının altına eləcə yatırmalı deyilmi? İslamın adı da təslim olmaqdır. Yəni təslim olan qurban olur. Qurban olan da təslim olur. Əslində İslam olmaq elə qurban olmaq deməkdir. Ancaq qorxma, Allah kəsməz!

      Yaxınlaşmaq Allahın rəhmət dənizinə dalmaqdır. Yoxsa ki, Allah onsuz da qulundan uzaq deyil ki... Allah quluna şah damarından daha yaxındır. Lakin insan Allahdan uzaqlaşır. Elə buna görə də qurbanda Allahın insana yaxınlaşması deyil, insanın Allaha yaxınlaşması var. Yəni qurban insanın şah damarında da yaxın olanı dərk etməsidir. Qurban insanın özünə dönməsidir.

      Bu yolda isə namaz bir qurbandır, oruc qurbandır, həcc qurbandır, zəkat qurbandır, Allahı zikr etmək qurbandır, təfəkkür etmək qurbandır. Bir sözlə, insanı Allaha yaxınlaşdıran hər bir əməl qurbandır. 

      • Hits: 1079 clicks

      Tecox component by www.teglo.info