Qurbanın Hikməti / Müşfiq Xəlilov

      Share

      Qurban ibadət niyyətiylə Qurban bayramı günlərində Allah rizası üçün kəsilən heyvana verilən addır.

      Qurban kəsmək hicrətin ikinci ilində əmr edilmişdir. İmkanı olan hər müsəlmana Qurban bayramı günlərində Qurban kəsmək  vacibdir.

      Qurani-Kərimdə “Qurban” sözü üç yerdə işlədilsə də bu ibadətlə bağlı 20-dən çox ayədə müəyyən məlumat, xatırlatmalar vardır.

      Hər şeydən öncə onu nəzərdə tutmaq lazımdır ki, bəndənin xoşbəxtliyi də, borcu da Allaha yaxınlaşmaqdır. “Qurban” sözü də elə yaxınlaşmaq mənasındadır, yəni qulun Allaha yaxınlaşması. Bayramda kəsilən heyvan bu yaxınlaşmağa bir vasitədir, həqiqi qurban olan, yəni Allaha yaxınlaşan isə o qurbanı kəsənin özüdür.

      Qurban səmimiyyətdir. Adəm oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi, Allah-Təala o qurbanı qəbul etdi; Habilin qardaşı Qabil qurban üçün yetişdirdiyi meyvələrin xarabını, çürüyünü ayırdı, Allah-Təala onun qurbanını qəbul etmədi. Allah üçün verəcəksənsə, imkanın çatanın ən gözəlini ver. Yəni nə verdiyinə baxmaq deyil, kimin adına verdiyinə baxmaq ən doğru yanaşmadır.

      Qurban şeytanı ağlatmaqdır. Xəsislik və israf şeytanı güldürmək, bu ikisinin ortasındakı ədalət xəttini tutmaq isə Sirat körpüsünü özünə yol tutmaq kimidir. Bəndənin “Bismillah” deyib qurban kəsməsi Allaha yaxınlaşmaq yolunda bir addım atması şeytanı dəli edər, yandırıb-yaxar.

      Qurban nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən sayılır. Əslində qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkün olur. Kim nəfsini nə qədər tərbiyə edə bilibsə, Allaha yaxınlaşması da o nisbətdədir.

      Allah-Təala: “Mən qullarıma onlara şah damarından da yaxınam”[1]- buyurur. Yəni qurbanda qulun Allaha yaxınlaşması nəzərdə tutulur. Allah-Təala onsuz da bəndələrinə yaxındır. Allahın bəndəyə yaxın olması  bəndənin Allaha yaxın olması demək deyil.

       Kəbə Allahın evidir, amma insan əlinin məhsuludur;  qəlb insana əmanətdir, amma Allahın əsəridir. Allah “namaz qıl, oruc tut, zəkat ver, həccə get, qurban kəs” deyə əmr edəndə onun qarşısında iki yol qoyaraq onu həm Özünə yönəldir, həm də insanlara. Quranda açıq-aşkar buyurulur ki, kəsdiyiniz qurbanın nə əti, nə də qanı Allaha çatar,[2] yəni Allahın onların heç birinə ehtiyacı yoxdur. Allah-Təala heç nəyə möhtac deyil, amma yaratdığı bütün varlıqlar Ona möhtacdır. Allah bəndələrinin niyyətinə dəyər verər, qullarının Onun əmrlərinə əməl etməkdə nə qədər həssas, nə qədər səmimi olmalarına dəyər verər.

      Buna görə digər ibadətlərdə olduğu kimi qurban kəsmə ibadətində də  riya və göstəriş olmamalıdır.  Başqalarının filankəs qurban kəsdi deməsi üçün və ya qurbanlarımızı  yalnız ət yemək duşuncəsiylə kəsməməliyik. Sırf Allahın rizasını qaznmaq üçün Allah əmr etdiyi üçün kəsməliyik.

       Allah üçün kəsdiyimiz qurbanların qüsursuz olmasına da diqqət etməliyik. Heç görməyəcək dərəcədə kor, həddən artıq xəstə, yeriyə bilməyəcək dərəcədə zəyif və topal, qıçı sınıb ağlını itirmiş gəzə bilməyən heyvanlar qurban olaraq kəsilə bilməz. Qurban kəsərkən iti bıçaqdan istifadə edilməli və heyvana əziyyət  verməməyə çalışılmalıdır.

      Bir gün Peyğəmbərimiz (s.ə.s) qoyun (qurban) kəsmək istəyən bir nəfəri gördü. Həmin adam kəsmək üçün qoyunu yerə uzatdıqdan sonra bıçağını itiləməyə başladı. Bu kobud davranış qarşısında Peyğəmbərimiz (s.ə.s) o adamı belə tənbeh etdi: “Heyvanı dəfələrlə öldürmək istəyirsən? Bıçağını onu yerə uzatmazdan əvvəl itiləsən olmazdı?”[3]

      Bunun üçün qurban  kəsərkən ona  əziyyət vermədən kəsmək lazımdır. Qurbanlıq ət üç yerə ayrılaraq bir qismi kasıblara paylanmalı, bir qismi qohum-əqrəba və tanışlara, bir qismi isə qurban yiyəsinin ailəsinə saxlanmalıdır. Daha sonra müsəlmanlar bir-birləriylə təbrikləşməli, aralarındakı hər cür kin və küdurəti atmalı, küsülülər varsa barışmalıdırlar. Bəli, həqiqi müsəlmanın əsl bayram anlayışı budur. Bayram müsəlmanı müsəlmana bağlamaq üçündür. Bayram müsəlmanlar arasında sevgini, qardaşlığı, birliyi qurmaq üçündür.

      Qarşıdan gələn qurban bayramının xalqımız, vətənimiz və bütün İslam aləmi üçün xeyirli və mübarək olması ümidi ilə…


      [1] Qaf, 16

      [2] Həcc: 37.

      [3] Hakim, IV, 257-260

       

      • Hits: 1229 clicks

      Tecox component by www.teglo.info