Sehrli Sözlər / Adem Şahin

      Share

       

      Yolda gedərkən yaranmış uzun bir tıxacda yolun açılmasını gözləyirik.

       Maşındakı  7-8 yaşlı uşaq bir “indi sehrli sözlər söyləyəcəyəm, yol açılacaq”, -dedi və abra-kadabra kimi sözlər söyləməyə başladı.

      Müsəlman bir ölkədə sehrə, fala, şansa və sehrli sözlərə inanmış nəsil yetişdirməyi bacaranları(!) təbrik etmək lazımdır.

      Müsəlman sehrli sözlərə və fala  müraciət etməz, dua edər, bismillah deyər və istiğfar edər.

      Yunus surəsi 22-23-cü ayələrdə batmaq təhlükəsi ilə üz-üzə gələn gəmidə insanların dua edərək “Ey Rəbbimiz, buradan xilas olsaq, şükür edənlərdən olarıq”, -dedikləri,  batmaqdan xilas olub quruya çıxdıqdan sonra da yenidən azğınlığa davam etdikləri ifadə edilir. Ayə “Düşməkdə olan bir təyyarədə ateist olmaz” sözünün şərhi  kimidir. Təyyarə qəzadan xilas olan kimi hələ yerə enmədən içki qədəhləri qaldırılar.

      Çətinliyə və müsibətə düşəndə də olsa, yadına Allah düşməyən və Allaha dua etmək ehtiyacı hiss etməyənlərdən  qorxmaq, həm də çox qorxmaq  lazımdır.

      Türkiyədə nəşr olunan Milliyyət qəzetinin 11 May 2012 tarixli nömrəsində “Səsin şəfa gücü” adlı məqalə də  səslərdəki titrəşmənin şəfaverici təsirindən bəhs edilir. Om, ma, ni, pad kimi hecaların Allah zikri kimi ardarda deyilməsi tövsiyə edilməkdə və ardınca da edilən meditasyonla  şəfa istənməkdədir. Məqalədə ad və soyadda olan saitləri gündə beş dəqiqə təkrar etməyin lüzumu və faydasından da söz açılır. Məsələn, Adem Şahin sözündəki saitlər “a e a i” ardarda beş dəqiqə deyiləcək və   hərflərin titrəşməsindən guya şəfa və hüzur əmələ gələcək.

       Allaha iman gətirmiş və uzun illər ərzində İslama xidmət etmiş bir millətə “heca səslərindəki titrəşmələrin və meditasiyanın  reklamını etmək o millətin tarixinə və dəyərlərinə xəyanət deyilmi? Heca səslərindəki titrəşmənin gücündən bəhs edən insanların bismillaha laqeyd yanaşmaları, “Qurani-  Kərimi mənasını bilmədən oxumaqda nə fayda var?”, -demələri çox gülməlidir.  Hecalarda şəfa olsun,  amma cümlələrdə, özü də Allahın sözlərində və mübarək nəfəslərdə  şəfa olmasın?

      Müasir (!) insana desən ki, “gündə beş dəqiqə Allahın Hayy, Qayyum adını zikr et və ya lə iləhə illəllah de”, qəbul etməz. Bunu müasirliyə zidd olaraq görər. Eyni insan öz adındakı saitləri zövq və istəklə, faydasına inanaraq söyləyər.  İnsanları “Allah bizə yetər, O nə gözəl vəkildir”  deyənlər və “mən özümə bəs edərəm. Vəkil və Rəbb olaraq Allaha ehtiyacım yoxdur”, -deyənlər olmaqla ikiyə ayıra bilərik. Ayrılarkən “Allaha əmanət ol”, -deməklə “Özünə yaxşı bax”, -demək, “nemət” deməklə “meyvə” demək  arasında da dünyalar qədər fərq var.

      İnşallah (Allah istəyərsə) deyə bilməyən insanlar “ümid edirəm” deməyə başlayar. Həzrət Peyğəmbər qəbiristanlıqdan keçəndə ölümün gəlişi qəti olduğu halda, ilahi tərbiyəsi nəticəsində “İnşallah biz də sizə qovuşacağıq” –deyərdi. (Müslim)

      Qurani-Kərim  zikri, həm də daimi zikri fərz etdiyi halda artıq zikr tətbiqatda azalmış, təsbehlərin dənəsi 99-dan 33-ə düşmüş,  əllərdə və ciblərdə az görünməyə başlamışdır. Zikr və duanın  yerini  meditasiyada işlənən sözlər, diləklər, xahişlər, uğur gətirəcəyinə inanılan hərəkətlər və əşyalar almışdır.

      Ağıl sözü lüğətdə bağlamaq, tutmaq, zəncirləmək kimi mənalara gəlir. Ağıl Qurana və Sünnəyə bağlanmışsa, ağıl sayılar.

      Hz. Ömər (r.a) ağlı  təməl olaraq anlamışdır: “Ağıl bir adamın kökü, din gövdəsi, əxlaq isə səmərəsi yəni meyvəsi hökmündədir.”

      Amr bin Kays  ağlı belə təsvir edir: “Əgər ağıl səni pisliklərdən qoruya bilirsə, sənə tam mənasıyla ağıllı demək mümkündür”.

       Şeytani zikrlərə, meditasiyaya, nəfsə xoş gələn həyata, xurafatlara, qırmızı rəng və göyərçin pisliyindən mədət ummağa bağlanan ağıl ağıl olmaqdan çıxmışdır. Bu hal Qurani-Kərimin ifadəsiylə insanlıq şərəfini itirmək və  qaranlıqlara düşməkdir:

      “Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.” (əl-Ənfal, 22)

      “Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər.” (Yunus, 100)

      Allahın zikri yerinə  Oooommmmmmm, ma, ni, pad kimi  hecaları tələffüz edənlərə öz  dillərində cavab verək: “Yuuuh!”

      Quran və Sünnənin ruhuna görə bir müsəlman kimi cavab verəcəyiksə, “Allah islah etsin, dilləri Allah ləfzi ilə islansın!”, -olacaq.

      Uca Allah möminlərə sehrli söz deyil, sözlərin ən gözəli olan Quranı (əhsənul-hədis) endirmişdir. (əz-Zumər, 23)

      Sözlərin ən gözəli sözlərimizin də ən gözəlidir.

      • Hits: 894 clicks

      Tecox component by www.teglo.info