Hikmət Lövhələri / Kamran Məmmədov

      Share

      Bir gün bəylər Sultan Mahmuda :

      - İyaz deyilən bu kölənin nə bacarığı var ki, sən ona otuz adamın maaşı qədər maaş ödəyirsən? dedilər.

      Sultan Mahmud bu suala o anda cavab vermədi. Bir neçə gün sonra bəylərini yanına alaraq ova çıxdı. Gedərkən bir karvan gördülər.

      Sultan Mahmud bəylərdən birinə :

      - Get soruş gör bu karvan haradan gəlir? -dedi.

      Bəy atını sürərək getdi, bir neçə dəqiqə içində geri qayıtdı.

      - Əfəndim, karvan Rey şəhərindən gəlir, -dedi. Sultan Mahmud :

      - Yaxşı, hara gedirmiş? -deyə soruşduqda bəy susdu.

      Bunun üzərinə Sultan Mahmud başqa birini göndərdi. O da gedib gəldi :

      - Əfəndim, Yemənə gedirmiş, -dedi.

      Padşah :

      - Yükü nəymiş? -deyə  soruşduqda o da susdu.

      Bu dəfə padşah başqa bir bəyə :

      - Sən də get yükünü öyrən! -dedi.

      Bəy getib qayıtdı:

      - Hər cinsdən mal var, lakin çoxu Rey kasalarıdır, -dedi.

      Padşah :

      - Yaxşı karvan Reydən nə vaxt çıxıb? -deyə soruşduqda bəy cavab verə bilmədi.

      Padşah beləcə tam otuz bəyi göndərdi otuzu da istənilən məlumatları tam dəqiqliklə gətirə bilmədi.

      Padşah sonda İyazı çağırdı:

      - İyaz, dedi, -get bax gör bu karvan haradan gəlir?

      İyaz hörmətlə padşahın hüzurunda  danışmağa başladı :

      - Əfəndim, karvan görünər-görünməz sizin maraqlanaraq soruşacağınızı təxmin etdiyim üçün gedib lazım olanları öyrəndim. Karvan Reydən gəlir, Yəmənə gedir, yükü budur, bu qədər at, bu qədər dəvə, bu qədər qatırdan ibarətdir. Karvanda bu qədər insan var, onlardan bu qədəri silahlı... deyə karvan haqqında ən kiçik məlumatlara kimi hər şeyi saydı. Bəylər ağızları açıq onu dinləyirdilər.

      Beləcə, İyaz tək başına otuz bəyin öyrənə bilmədiyi məlumatı əldə etmiş, onların bacara bilmədiyi işi bacarmışdı.

      Köklüyün Əlacı

      İmam Şafei Məhəmməd b İdris həzrətləri rəvayət edir:

      Qədim zamanlarda həddən artıq kök bir kral varmış. Kök kral ağıllı həkimlərdən birindən özünü arıqladacaq dərmanlar istəmişdi. Həkim onu görüb belə dedi:

      - Allah səni islah etsin! Mən gələcəyi görən bir həkiməm. Sənə baxanda anladım ki, ancaq bir aylıq ömrün qalıb! Dərmanın sənə bir faydası olmaz ki!

      Bu söylədiklərinin doğru olub-olmadığını anlamaq üçün həkimi həbs etdirər. Kral da bu müddət ərzində camaatdan gizləndi. Lakin ürəyini elə bir kədər bürüdü ki, bir ay içində xeyli arıqladı.

      Bir ayın tamamında kral sağ-salamat meydana çıxdı və həbsdəki həkimi də yanına çağırdı. Ona belə dedi:

      - Yalanın ortaya çıxdı. Mən ölmədim. Bu yalanına görə səni dəhşətli cəza gözləyir. Həkim isə təlaşlanmadan cavab verdi:

      - Allah kralı islah etsin! Mən gələcəyi bilmək məsələsində Allahın ən aciz quluyam. Lakin mən anladım ki, sənin köklüyünü müalicə etməyin yeganə dərmanı kədər və dərddir. Bu səbəbdən ötrü sənə söylədiyimi söylədim!

      Bunun cavabı alan kral onu sərbəst buraxdı və xeyli hədiyyə verdi.

      İmam Şafei həmin hekayəni bu məqsədlə rəvayət etmişdi: “Çox dərd və kədər bədəni zəiflədən və solduran şeylərdir.” (stresdən çox yemək halı xaric)

      Həmçinin o belə deyərdi:

      “Sənə dinindən məlumat verəcək bir alimin və səhhətindən məlumat verəcək bir həkimin olmadığı məmləkətdə yaşama.”

      Musa (ə.s) Zamanında Bir Gəncin Tövbəsi

      Allah-Təala Musa peyğəmbərə xitab edib:

      “(Ey Musa! Filan məhəllədə bizim dostlarımızdan biri vəfat etdi. Get onun dəfn işlərini gör. Sən getməzsənsə, bizim rəhmətimiz bu işləri görər) buyurdu.

      Həzrət Musa əmr olunduğu məhəlləyə getdi.

      Oradakılardan:

      - Bu gecə, burada, Allah dostlarından biri vəfat etdimi? deyə soruşdu.

      - Ey Allahın peyğəmbəri! Allah dostlarından heç kim vəfat etməyib. Amma filan evdə zamanını pisliklərlə keçirən fasiq bir gənc öldü. Günahının çoxluğundan heç kim onu dəfn etməyə yanaşmır, -dedilər.

      Musa əleyhissalam:

      - Mən onu axtarıram, -buyurdu. Evin yerini göstərdilər.

      Həzrət Musa o evə girdi. Rəhmət mələklərini gördü. Ayaq üstə dayanıb, əllərində rəhmət qabları, Allah-Təalanın rəhmət və lütfünü saçırdılar. Həzrət Musa yalvararaq münacat etdi:

      - Ey Rəbbim! sən buyurdun ki, o “'Mənim dostum”. İnsanlar isə fasiq olduğuna şahidlik edirlər. Bu işin hikməti nədir?

      Allah-Təala:

      “Ey Musa! İnsanların onun üçün fasiq demələri doğrudur. Amma günahından xəbərləri var, tövbəsindən xəbərləri yoxdur. Mənim bu qulum səhər vaxtı torpağa sərildi  və tövbə etdi. Bizim hüzurumuza sığındı. Mən ki, Allaham! Onun sözünü və tövbəsini qəbul etdim. Ona rəhmət etdim ki, bu dərgahın ümidsizlik qapısı olmadığı aydın olsun!”, -buyurdu.

      • Hits: 972 clicks

      Tecox component by www.teglo.info