Lider, yoxsa Rəhbər? / Anar İBRAHİMOV

      Share

      Bir yazımızda lider və menecerin fərqindən bəhs etmişdik. Bəs görəsən lider rəhbərdən nə ilə fərqlənir? Budəfəki yazımızda lider və rəhbərin oxşar və fərqli cəhətlərindən bəhs edəcəyik.

      Lider alışılmış olanı deyil, fərqli olanı düşünüb, insanları buna razı salandır. “Gəlin edək” dedikdə ətrafındakıların səbəbini soruşmayacaq qədər güvənilən şəxsdir.

      Çoxumuz lider olmaq istəyirik. Ümumilikdə lider çoxmənalı anlayışdır. Lakin bu yazıya yalnız bu anlayışın təhlili ilə başlayıb sizi incitmək istəmirik. Bu yazıda sadəcə lideri rəhbərdən ayırmağa çalışacaq və bu anlayışı sadəcə olaraq “motivasiya edici, təsir edici, gözəl nümunələr verə bilən və yol göstərən şəxs” mənasında işlədəcəyik. Az qala hamımız canlı əfsanə, müəmma, dahi, parlaq, özünəməxsus, heç kimə bənzəməyən, tək, qeyri-adi, sonradan anlaşılan, yəni lider olmaq istəyirik. Qəribə mənzərə yaranır, hamı hamıdan seçilmək istəyir. Heç kimin geri çəkilmək, geridə qalmaq, niyyəti yoxdur, əksinə hamımız qabağa dartınırıq. Kütləviliyin kütləvi meyildən başladığını unuduruq. Unuduruq ki, kütlədən kənarda dayanmağın yeganə yeri kütlənin qarşısı deyil.

              İnsanlar qrup halında yaşayan ictimai xüsusiyyətli canlılar olduqları qədər meydana gətirdikləri qrupları idarə edəcək və hədəflərinə aparacaq liderlərə də ehtiyac duyan varlıqlardır. Fərd öz arzu və ehtiyaclarından bir qismini reallaşdırmaq, fərdi hədəflərinə çata bilmək üçün bir qrupa ehtiyac duyar və qrup halında hərəkət etmə zəruriliyi hiss edər. Tək insan zəifdir, gücsüzdür, cəsarətsizdir, arzu və enerjiləri azalmış, qorxudan qabiliyyətləri büzüşmüş vəziyyətdədir. İnsanları müəyyən hədəflərə apara bilmək üçün bu hədəflərə çatmada onların təmin edəcəkləri fərdi arzu və ehtiyaclar ilə mənfəətlərin nələr olduğunu izləmək, daha sonra da bu insanları bir qrup ətrafında yığaraq güclərini, cəsarətlərini, arzu və enerjilərini artırmaq lazımdır. Qrupu meydana gətirəcək insanların fərdi mənfəətlərini konkret olaraq təyin etmək güc isə bu təqdirdə onların milli duyğularına, müştərək olan ictimai, əxlaqi və dini dəyərlərə xitab etmək lazım olacaq.

      Bir rəhbər və ya lider izahatı, bədən dili, görünüşü, şəxsiyyəti ilə insanlara təsir etmə, razı salma, qarşısındakı insanda müsbət bir təəssürat meydana gətirmə şansına sahib bir şəxsdir. Rəhbər və liderin vəzifələri arasında insanın ehtiyaclarını başa düşmək, bunlara zamanında və yerində cavab verə bilmək böyük əhəmiyyət daşıyır. Xoş görüş, zarafat, dinləmə və qələbəlik qarşısında danışa bilmə qabiliyyəti, xaricə dönüklük rəhbər və ya liderin vazkeçilməz xüsusiyyətləridir. Rəhbər və ya lider hər şeydən əvvəl öz silahdaşlarının xarakter və hisslərinə incəliklə və dərindən nüfuz etməyi bacarmalıdır. Rəhbər və lider özünün güclü və zəif tərəfləri haqqında daima düşünməlidir. Əks halda o, tutduğu vəzifənin qurbanı ola bilər. Mənə elə gəlir ki, yaxşı rəhbərlərin, liderlərin vərdişlərini mənimsəmək, pislərinin səhvlərindən yayınmaq və digərlərinin işini müşahidə etməklə hər kəs öz vəzifəsinin öhdəsindən daha yaxşı gələ bilər. Lakin onu da qeyd edim ki, dünyada mövcud olan heç bir texnika və ya iş rəhbəri və ya lideri mükəmməl səviyyəyə yüksəldə bilməz, əgər onun özündə müəyyən düşüncə tərzi formalaşmayıbsa. Rəhbər və lider həm savadlı, həm də ağıllı olmalıdlr, çünki yalnız başqalarını tanıya bilən savadlı, özünü tanıya bilən isə ağıllıdır.

      Yuxarıda qeyd etdiklərim həm liderə, həm də rəhbərə xas xüsusiyyətlərdir. Bəs lider və rəhbərin fərqli özəllikləri nədir?

      Rəhbər dedikdə nisbətən yüksək səviyyəli təşkilatlar tərəfindən rəsmi surətdə təsdiq eilmiş kollektivin bir çox və ya bütün üzvlərinin davranışına təsiri nəzərdə tutulur. Beləliklə, lider və rəhbərin fərqli özəllikləri aşağıdakılardır.

      1.     Rəhbər rəsmi əsasda meydana çıxan, müxtəlif sosial təşkilat və institutlarda məqsədyönlü xarakter daşıyan sosial prosesdir. Lider isə qrupdaxili şəxsiyyətlərarası münasibtlər əsasında gizli surətdə əmələ gələn prosesdir. Əgər rəhbər işçi rəsmi surətdə təyin olunursa, lider qeyri-rəsmi surətdə irəli sürülür.

      2.     Rəhbər qrupda işçilərin vəziyyəti və onların fəaliyyətinin nəticələri üçün məsuliyyət daşıyır. Lider isə qrupun fəaliyyəti üçün hüquqi cəhətdən şəxsi məsuliyyət daşımır.

      3.     Rəhbər daha çox stabil xarakter daşıyır, onun təsir sahəsi son dərəcə genişdir. Yəni daha çox makromühitlə əlaqə saxlayır. Rəhbər işçi başqa təşkilatlarda öz qrupunu təmsil edir və onun həmin qruplarla müasibətini şərtləndirən məsələləri həll edir. Lider isə daha çox dinamikdir, liderin təsir sahəsi əsasən mikromühit səviyyəsi ilə - qrupdaxili münasibətlərlə məhdudlaşır.

      4.     Rəhbər işçiyə qanunla müəyyən hüquq və səlahiyyət verilir. Lider isə qanunla müəyyən edilmiş sanksiyalar siteminə malik deyildir.

      5.     Rəhbər işçilər qərar qəbulu zamanı öz səlahiyyətlərini aşağı pillə işçilərinə həvalə edə bilər. Lider isə qərarın qəbul edilməsində bilavasitə iştirak edir. O, müəyyən bir informasiyanı qeyri-rəsmi rabitə kanalları sistemi ilə əldə edir və s.

      Beləliklə, rəhbər və lider idarəetmə prosesinin iki müxtəlif tərəfi – hüquqi hakimiyyət (rəhbər) və psixoloji təsir (lider) – kimi özünü göstərir. Kollektiv səviyyədə onların hər iksi rəhbər işçinin nüfuzuna təcəssüm edir. Mükəmməl olanı isə həm lider, həm də rəhbərin xüsusiyyətlərinə malik olmaqdır.

      Sonda onu qeyd edim ki, “Zirvədə qartallar da var, ilanlar da. Ancaq biri ora uçaraq, biri isə sürünərək gələr. Əsas olan zirvədə olmağımız deyil, zirvəyə necə qalxmağımızdır.” Bu sözləri Cənab Şahabəddin deyib. Bu sözlərin məntiqi davamı olaraq onu deyim ki, “Zirvə yox, zirvəyə gedən yol maraqlıdır”. Çünki orada həyəcan var. Çalışarkən həyəcanlanmadığımız işdən əsla nəticə ala bilməyəcəyimizi isə hamımız bilirik, deməli həyəcanlanırıqsa mütləq nəticə alacağıq.

                                               

      • Hits: 801 clicks

      Tecox component by www.teglo.info