Balıqqulağı Və Mirvari... / Dr. Rafiz Manafov

      Share

      Bir söz deyim... Söz haqqında tarixdə çox söz deyilmişdir. Kimisi sözü peyğəmbərə (kəlimətullah) kimisi yalana (çox söz yalansız olmaz), kimisi savaşa

       (söz var kəsdirər başı) kimisi sülhə (söz var kəsər savaşı), kimisi xəyanətə (söz-söhbət çıxarmaq) kimisi əmanətə (söz sənəddir), kimisi də... əstəğfirullah (“öncə söz vardı”) bənzətmişdir.  Kimisinə görə də söz haqqında ən doğru söz elə onun söz olduğudur.

      Mənim söz haqqında bu deyilənlərə bir sözüm yoxdur. Ancaq məncə sözün cövhəri (cövhər- “bir şeyi o şey edən şeydir” deyilmişdir) onun insanla olan əlaqəsində gizlənib. Dahi Aristotel “insan danışan heyvan(canlı)dır”-deyərkən də bunu söyləmiş olmalıdır. Bu ifadə ərəb dilində öz ifadəsini daha da şiddətləndirərək tapmışdır: “əl-insanu heyvanun-natiq”. Natiq-nitq-məntiq bir-birindən ayrılmaz olan ifadələrdir. Bunların ortaq nöqtəsi isə yalnız insanda mövcud olmalarıdır.   

      Düşünmə prosesinin təbii qanunauyğunluqlarını bizə öyrədən elm məntiq elmidir. Düşünmə prosesinin təbii vasitələrini nitq təşkil edir. Natiq olan isə düşüncəsi ilə danışması arasında ən uyğun əlaqəni quran şəxsdir.   

      Əgər yuxarıda yazılanlardan bezdiniz, yoruldunuz və oxumaq istəmirsinizsə deməli aşağıda “dey”əcəklərim tam sizə görədir. Bir dəniz təsəvvür edin. Bərraq suların sahillərində oturmuş iki adam. Biri sahildə rəngarəng - ağ, sarı, qara balıqqulaqları toplayır. Çox sevinir. Dənizə təşəkkür edir. Sadəcə öz heyrətamizliyini özündə saxlamayıb ondan bir payı da sahildəkilərə göndərdiyi üçün. Sahildəki sevinclidir. Balıqqulaqları ona dənizi sevmək üçün kifayətdir. O? dənizin çılğın dalğalarından uzaqlardadır. Onunçün heç bir təhlükə də yoxdur. Ölüm ondan çox uzaqdadır.

      Sahildəki digər adam narahatdır. Dəniz balıqqulağından ibarət ola bilməz - onunçün. Çünki o? dənizin dərinliklərində mirvarilərin olduğundan xəbərdardır. Ona görə dənizi balıqqulağı kimi görmək sözün ən “yüngül” mənasında  ədalətsizlik, sözün əsl mənasında isə dənizi təhqir etməkdir. Dənizə atılmağı fikirləşir. Çılğın dalğaların qoynunda dolaşır. Daha dərinlərə getmək arzusundadır. Geridə sahildəki dostunun onu geri qaytarma istəyi, arzusu və “yardımı”. Artıq ölümlə üz-üzədir. Əgər bacararsa mirvarilərə sahib olacaq. Bacarmazsa öləcək. Qərarını çoxdan vermişdir: - Mirvari.

      Həyatı teatr səhnəsinə bənzədirlər. Əvvəlcədən yazılmış ssenari. Rolunu yaxşı oynayanlar və pis oynayanlar. Halbuki həyatla dəniz arasında da qəribə bir bənzərlik sezilir. Həyatı balıqqulağı toplamaqla keçirənlər. Dalğalarla savaşanlar.

      Sözüm yarımçıq qaldı. Sözlərin də dənizi var. Söz asandır. Söz çətindir. Sözün də həyatı var. Doğulur, yaşayır və ölür. Sözün də tarixi var. Yaradır, yaşadır və öldürür.

      Asan olan söz hər zaman doğru olmur. Çətin olan söz hər zaman yanlış olmur. Hər gözəlin yaxşı, hər çirkinin də pis olmadığı kimi. Bəzən doğruluq da sözün dərinliklərində gizlənir. Bəzənsə yalan sözün üzündə gizlənir.

      İnsan söz söyləyən varlıqdır. İnsanları birləşdirən sözdür. Ayıran da sözdür. Çağdaş bir filosofa görə dünyadakı bütün mənəvi fəlakətlərin səbəbkarı sözün düzgün başa düşülməməsindən qaynaqlanır. Bəlkə də  günahkar olan da sözdür.

                                                                                                 

       

        

      • Hits: 1531 clicks

      Tecox component by www.teglo.info