İlahi Əxlaqı Yaşamaq -2 / Osman Nuri Topbaş

      Share

      Bundan əvvəlki yazımızda, gerçək bir mömin üçün, istedad və taqəti ölçüsündə Haqq-Təalanın cəmali sifətləriylə vəsflənmənin əhəmiyyətini ifadə etmiş və o sifətlərdən bəzilərinə dair izahlar vermişdik. 

      Bu yazımızda da, digər bəzi cəmali sifətlərdən bəhslə mövzumuza davam edəcəyik:

      əl-VƏDUD…

      Rəbbimizin əl-Vədud adı, “çox sevən” və “çox sevilən” mənalarına gəlir. Haqq-Təala kainatı məhəbbət səbəbiylə yaratmışdır. Əgər kainatda bu ilahi sifətin təcəllilərindən bir nəsib olmasaydı, kimsə kimsəni sevə bilməz; heç bir ana öz balasına baxa bilməzdi. Rəbbimiz, sonsuz rəhmətinin bir əsəri olaraq məxluqatını məhəbbət bağıyla bir-birinə birləşdirmişdir. Belə ki, bir hədisi-şərifdə bildirildiyi kimi Haqq-Təala rəhmətinin yüzdə birini yer üzünə endirmişdir. Bir madyanın süd əmizdirərkən balasına əziyyət verməmək üçün ayağını yuxarı qaldırması belə, bu yüzdə birlik ilahi rəhmətdəndir.[1]

      Elə buna görə də yaradılmış varlıqlardakı bütün rəhmət nümunələrinin mütləq mənbəyi Haqq-Təaladır. Bu gözlə baxdığımızda kainatda ilahi məhəbbətin əsəri olan saysız təcəllilərlə qarşılaşarıq. Görünüşləriylə tüklər ürpərdən ilanların balalarını müşfiq baxışlarıyla böyütməsi; əqrəblərin öz balalarını belində daşıması; ən vəhşi heyvanların belə yerinə görə əngin bir məhəbbət qucağı halına gələ bilməsi şübhəsiz ki, Uca Yaradıcımızın “əl-Vədud” sifətindən bir təcəllidir.

      Həmçinin ilahi məhəbbət bərəkətiylədir ki, Rəbbimiz saleh qullarını sevər, sevdiyi qullarını da nəsibli könüllərə sevdirər. Onların həyatlarını fani ömürlərindən sonra da (hikmətli nəsihətləri və ibrətli hekayələriylə) könüllərdə davam etdirər.

      Məhəbbətullah təcəllilərinə nail olan bir qul başda Haqq-Təalanı və Ona yaxınlığı nisbətində hər varlığı könlündəki məhəbbət dairəsinin içinə yerləşdirər. Lakin mömin Rəbbinə olan sevgisini fanilərə bəslənən sevgi və bağlılıqların üstünə çıxarmadıqca kamil bir imana çata bilməz. Çünki ayeyi- kərimədə:

      “…İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir…” (əl-Bəqərə, 165) buyurulur.

      Bu səbəblə insan oğlu ürəyindəki övlad, ata-ana, qardaş və yar sevgiləri kimi bəşəri, lakin qanuni sevgiləri layiq olduğu səviyyədə tutmalıdır. Əks halda bunlar bir nemət olmaqdan çıxıb “fitnə” halına gələrək qəlbləri fəsada uğradar.

      Ata-ana, ər-arvad, övlad və sahib olduğumuz imkanlar Haqq-Təalanın biz qullarına böyük lütfləridir. Lakin bütün bunlara bəslənən sevgilər Haqq üçün və Haqq yolunda olmalıdır. Çünki könlünü fanilərin müvəqqəti gözəlliklərinə əsir edənlər bütün gözəlliklərin mənbəyi olan ilahi məhəbbətdən məhrum qalarlar.

      Məhəbbət və onun şiddətlənərək bütün varlığı əhatə etməsi demək olan eşqin həqiqisi və məcazisi vardır. Həqiqisi, Allah məhəbbətindən ibarətdir və Haqqa vüslət yolunun ən böyük sərmayəsidir. Məcazisi isə, məxluqatdan birinə məhəbbət və bağlılıqdır. Əsasən ilahi riza ölçüləri içində yaşanan məcazi məhəbbətlər də həqiqi məhəbbətə bir pillədir, qəlbin istedadını artıran tətbiqatlar mahiyyətindədir. Leyli ilə Məcnun arasındakı məhəbbət macərası bunun bariz bir misalıdır.

      Əgər Məcnunun könlü Leyliyə bağlı qalsaydı, Leyli onun üçün bir büt olacaqdı. Lakin Leyli Məcnun üçün müvəqqəti bir rol oynadı. Məcnunun qəlbini ilahi eşqə müxatəb ola biləcək bir səviyyəyə gətirdikdən sonra Leyli gözdən düşdü. Məcnun Leylidən yola çıxdığı halda orada qalmayıb qəlbini Mövlaya yönəltmə qətiyyətini göstərərək Haqq aşiqi oldu. Digər bütün fani və nisbi əlaqələrdən azad oldu. Beləcə, sevdiyindən başqa bir şey görməz və düşünməz oldu. Çünki ilahi məhəbbətin mənəvi ləzzəti qarşısında bütün dünyəvi zövq və ləzzətlər onun nəzərində dəyərini itirdi.

      Məhz ilahi məhəbbət ilə məst olan kəs fani cazibələrin əsarətindən və insanların əlindəkilərə həsəd etməkdən xilas olar. Beləcə, kamala və ülvi amala çatar. Bu da saf eşq, ilahi məhəbbətdir.

      Xülasə, bütün məhəbbətlər yönəldiyi varlığın Haqq qatındakı dəyəri nisbətində keçərli və qiymətlidir. Yetər ki, məcazi məhəbbətlər qəlb üçün son dayanacaq olma xüsranıyla nəticələnməsin! Əsl təhlükə, məhəbbətə layiq olmayana yaxınlıq və iltifat göstərməkdir. Çünki hər insan həyatda məhəbbət bəslədiyi varlığın buna ləyaqəti nisbətində bir səviyyə qazanar. İnsanın mənən yüksəlib-alçalmasında məhəbbət qədər, onun ziddi olan xüsumətin yerində istifadə edilməsi də çox mühüm bir təsirə malikdir. Məhəbbəti layiqinə, xüsuməti də haqq edənə yönəldə bilmək, sahibini abad edərkən, bunun əksinə, məhəbbəti layiq olmayana, xüsuməti isə haqq etməyənə yönəltmək də insanı bu rəftarındakı şiddəti qədər alçaldar.

      Bu barədə Peyğəmbərimizin r əmisi haqqında nazil olan:

      Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (əl-Məsəd, 1) ayəsinin verdiyi mesaj haqq edənə qarşı nifrət ilə də imanımızı kamala çatdırmamızın zəruri olduğunu göstərir.

      Fitri olan sevmə meylini məhəbbətin mənbəyinə və ona ən layiq olan Haqq-Təalaya həsr edib bu neməti başqa ünvanlarda ziyan etməkdən çəkinməyin zərurəti digər bir ayeyi-kərimədə də belə bəyan edilir:

      “(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (ət-Tövbə, 24)

      Necə xoşbəxtdir o möminlər ki, Allah və Rəsulunun məhəbbətini hər şeyin üstündə tutar və yabanı bağçaların saxta çiçəklərinə aldanmazlar!..

      əl-AFUV…

      Rəbbimizin cəmali əsmasından biri də əl-Afuv adıdır. Haqq-Təala çox bağışlayıcıdır. Kamil möminlər də “Bağışlaya bilməyən, bağışlanmaz” düsturuna görə ilahi əfvə layiq ola bilmək üçün Allahın qullarına qarşı çox bağışlayıcı olarlar. Çünki şəxsinə edilən haqsızlıqları sanki “yox” hökmündə görərək könlündə ən kiçik bir qəzəb və inciklik duymayan bağışlamağı qabiliyyət halına gətirə bilmək; qəlbi kamilliyin şah əsəridir, ən böyük mənəvi qəhrəmanlıqdır.

      Hallaci Mənsur onu anlaya bilməyənlər tərəfindən daşlanarkən:

      “Ya Rəbbi! Məndən əvvəl məni daşlayanları bağışla!” deyə niyaz etdi. Çünki o, əxlaqın nə olduğunu soruşanlara:

      “Əxlaq Haqqı düşünərək xalqın əza və cəfasına fikir verməməkdir.” deyə biləcək bir könül üfüqünə sahib idi.

      Həmçinin Haqq dostlarından Sa­mi Əfən­di həz­rət­lə­ri Da­rul-Fü­nunun Hüquq Fa­kül­tə­sini ye­ni bi­tir­miş­ti. Onun gö­zəl ha­lını və tər­tə­miz qəlbini çox bə­yə­nən bir Haqq dos­tu:

      “- Öv­la­dım, bu təh­sil də gö­zəl­dir, ancaq sən əsl təh­si­li tamamlamağa çalış! Sə­ni ir­fan mək­tə­bi­nə qeyd edək, ora­da da kö­nül elm­lə­ri­ni və axi­rət sir­lə­ri­ni öy­rən!..” -de­di. Sonra da əlavə etdi:

      “-Öv­la­dım, o mək­təbdə necə təhsil verirlər, nə öyrədirlər bi­l­mirəm. Ancaq bildiyim bir şey var ki, bu təhsilin ilk dərsi incitməmək, son dər­si də in­ciməməkdir...”

      Kimsəni incitməmək nə qədər çətin olsa da, yenə insanın öz əlindədir. Lakin heş kimdən inciməmək demək olar ki, qeyri-mümkündür. Bunun üçün insanın şəxsinə qarşı edilən əziyyətləri sinəyə çəkib susması lazımdır. Bu böyük bir qabiliyyətdir. Lakin əsl qabiliyyət, qəlbi də susdura bilməkdir. Çünki dili susdurmaq iradəylə mümkündür, lakin qəlbdə iradə yoxdur; o, yenə için-için danışıb sızlanmağa davam edər. Qəlbə hakim ola bilmək çox böyük bir mənəvi kamillik və qətiyyət istər. Bu səbəbdən inciməmək; din qardaşının əza və cəfasını unudub ona qarşı soyuqluğu dəf edə bilmək, qəlbi yüksək bir təqva ilə susdura bilmək məharətidir. Bu səbəblə də incitməmək mənəvi yolun başlanğıcı isə, inciməmək nəhayəti sayılmışdır.

      Bu barədə Həzrət Yusifin sərgilədiyi fəzilət çox ibrətlidir: Yusifi u qısqanaraq quyuya atmış olan qardaşları yaşanan bir çox təcəllinin ardından, onun yüksək fəzilətini qəbul edib; “Sən Yusifsən, Allah səni həqiqətən bizdən üstün etmişdir.” dedilər. Yusif u isə qəlbində açılan dərin yaraların üzərinə sanki bir örtü ataraq; “Bu gün keçmişi başa qaxmaq yoxdur…” dedi. Ardından da onların xəcalətli könüllərini təsəlli mahiyyətində; “Allah mərhəmətlilərin ən mərhəmətlisidir!” buyurdu.

      Ayrıca, kamil möminlər özlərini incidən bir hadisə qarşısında əvvəlcə o rəftarı haqq edib etmədikləri yolunda bir nəfs hesabatına yönələrlər. Beləcə, məruz qaldıqları cəfalardan da mənən istifadə imkanı əldə edərlər.

      Vaxtilə avaralıqdan imtina edib saleh bir həyata dönən biri, dükanında çalışarkən, oraya gələn hirsli bir adam onu sorğu-sual etmədən faciəvi şəkildə döyüb yaralamışdı. Bu köhnə avara nə bir cavab vermiş, nə də bir etiraz səsi yüksəltmişdi. Hirsli adam dükandan çıxıb getdikdən bir saat sonra geri gələrək bu adamı səhvən, başqası zənn edərək döydüyünü söyləyib üzr istəmiş, o isə:

      “-Xeyr, bu işdə bir səhv yoxdur. Mən buna layiq idim. Çünki vaxtilə indi sənin etdiyin kimi bir çox günahsız insanı bəhanələrlə döymüşdüm. Sənin bu rəftarın mənim layiq olduğum bir iş idi. Axirətdə səndən alacağım haqqı, o haqsız yerə döydüyüm insanlara verəcəyəm.” demişdir.[2]

      İşin bir başqa tərəfi də vardır: Hər müsibət onu haqq etmə səbəbiylə başa gəlməz. Bəzən də bir fərd məzlumluqla taclanmaq, səbir nəticəsində dərəcə əldə etmək və mükafatlandırılmaq üzrə bir müsibətə məruz qalar. Əgər müsibətlər həmişə haqq etmə səbəbiylə olsaydı, insanlar məcburən yaxşı olar və peyğəmbərlərin başına da heç bir müsibət gəlməzdi. Halbuki bəşər tarixində ən böyük müsibətlərə məruz qalanlar ənbiya silsiləsidir. Üstəlik onların məsumiyyət sifəti vardır.

      Düşünmək lazımdır ki, bu gün Allahın qullarını bağışlamaq iradəsini göstərə bilməyən, mənfəətpərəst, eqoist və iflic bir ruh, sabah ilahi hüzurda hansı üzlə əfv diləyə bilər?! Bağışlaya bilməmək xəstəliyi insanın öz qəflətindən qaynaqlanır. Çünki əfvin əsl sahibi Haqq-Təaladır. Möminlər də könüllərindəki Allah məhəbbəti nisbətində bağışlaya bilərlər. Elə buna görədir ki, şəxsi məsələlərdə bağışlama fəzilətini göstərə bilməyib kin və intiqam güdmək kamil möminlərə əsla yaraşmaz. Möminə yaraşan qüsurlu insana qarşı qəzəb yerinə mərhəmət duyğusuyla dolu olmaqdır. Günahkara sürükləndiyi günaha görə acıma hissiylə baxmaq imanda kamala çatmağın bir ifadəsidir. Çünki kamil möminlər, qüsur işləyən bir möminə qarşı (o qüsur özlərinə qarşı işlənmiş olsa belə) bir həkimin xəstəsinə rəftarı kimi bir rəftar nümayiş etdirərlər. Heç bir həkim xəstəsinə tutulduğu xəstəlikdə şəxsi bir qüsuru olsa belə hirslənməz. Özünü xəstəsinə şəfa verməklə mükəlləf bilər. Bu əxlaq ilə yaşayan Haqq dostları da günaha olan nifrəti günahkara aid etməzlər. Onları yaralı bir quş kimi qəbul edərək könül sarayında irşad və islah səyi içində olarlar.

      Belə ki, Sehli-Tüsteridən əxlaq haqda soruşduqlarında belə buyurmuşdur:

      “Əxlaqın ən kiçik dərəcəsi; əziyyətə dözərək intiqam güdməmək, zalıma belə mərhəmət edib onun üçün istiğfar etmək və ona acımaqdır.” (Ehya, III, 163)

      Ənəs bin Malikin t nəql etdiyi bu hadisə də belə bir könül səviyyəsinə sahib olmağın qulu cənnət yolçusu edəcəyini nə gözəl bəyan edir:

      Rəsuli-Əkrəm r ilə birgə otururduq. Buyurdu ki:

      “-İndi yanınıza cənnətlik bir adam gələcəkdir.”

      Bir də baxdıq ki, dəstəmaz suyu saqqalından damlayan və ayaqqabılarını sol əlinə almış ənsardan bir adam gəlib çıxdı. Ertəsi gün Rəsuli-Əkrəm r yenə əvvəlki kimi söylədi. Bu adam yenə əvvəlki kimi gəlib çıxdı. Üçüncü gün olunca Rəsuli-Əkrəm r yenə eyni sözü təkrar etdi və yenə həmin adam ilk halıyla gəldi. Rəsuli-Əkrəm r qalxınca Abdullah bin Amr t həmin adamı izlədi və ona:

      “- Mən atamla münaqişə etdim, üç gün onun yanına getməyəcəyimə and içdim. Bu zaman ərzində məni evində qonaq edərsənmi?” -dedi. Adam da qəbul etdi.

      Daha sonra olanları Abdullah bin Amr t belə nəql edir:

      “- Üç gecəni onunla bir yerdə keçirdik. Lakin gecə boyunca uzun uzadı ibadət etdiyini görmədim. Ancaq sübhə qədər bəzən oyanıb zikr edir və təkbir gətirirdi. Onun xeyirdən başqa bir şey söylədiyini də eşitmədim. Üç gün keçincə onun əməli mənə qeyri-adi bir əməl kimi gəlmədiyinə görə dedim ki:

      “- Ey Allahın qulu! Atamla aramda bir ixtilaf yoxdur. Lakin Rəsuli- Əkrəmin sənin üçün üç dəfə: “İndi yanınıza cənnətlik bir adam gələcəkdir.” buyurduğunu eşitdim. Hər üçündə də sən gəlib çıxdın. Nə kimi əməllər işlədiyini öyrənmək üçün sənin yanında qalmaq və səndən nümunə götürmək istədim. Lakin sənin elə də böyük bir əməl işlədiyini görmədim. Səni Rəsulullahın söylədiyi mərtəbəyə çatdıran əməl nədir?”

      Həmin şəxs:

      “-Bu gördüyündən başqası deyil.” -dedi.

      Lakin mən ayrılmaq üçün icazə istədikdə dedi ki:

      “-Bəli, mənim əməlim, sənin gördüyündən başqası deyil. Ancaq mən müsəlmanlardan heç kimə qarşı qəlbimdə ən kiçik bir kin tutmaram və Allahın verdiyi hər hansı bir nemət və xeyirdən ötəri də kimsəyə əsla həsəd etmərəm.”

      Bunun müqabilində:

      “-Məhz səni o dərəcəyə çatdıran bu halındır.” -dedim.” (Əhməd, III, 166)

      Aşağıdakı qissə də bağışlaya bilmə əxlaqının ucalığını nə gözəl ifadə edir:

      Ahnəf bin Kaysdan soruşdular:

      “- Gözəl əxlaqı kimdən öyrəndin?” O da:

      “- Kays bin Asimdən öyrəndim.” -dedi. Ondan soruşanda ki:

      “- Bu şəxs necə bir əxlaqa sahib idi?” belə izahat verdi:

      “- Bu şəxs bir gün evində oturarkən cariyələrindən biri əlində dəmir şiş və şişdə kabab olduğu halda yanına gəldi. Birdən şiş cariyənin əlindən düşərək kiçik oğulunun başına dəydi və uşaq öldü. Bu vəziyyət qarşısında cariyə dəhşətə qapıldı, pərişan oldu və sanki əridi. Lakin o şəxs belə bir anda da hiddətlənib onu danlamaq yerinə cariyəyə: “Kədərlənmə, ilahi təqdir beləymiş, sənin bir qəsdin olmadığı üçün bir günahın da yoxdur, sənin bu vicdan ürpərişinə görə mən də səni azad etdim.” de­mişdir.” (Ehya, III, 164)

      Digər tərəfdən, bağışlaya-bağışlaya ilahi əfvə layiq olmaq əzmi içində olan bir mömin peşman olub ondan üzr istəyənlərin üzrünü qəbul etmək surətiylə də; Təvvab olan, yəni tövbələri qəbul edən Rəbbinin əxlaqından hissə alacağını unutmamalıdır.

      əl-HƏLİM…

      Əsmayi-ilahiyyədən biri də əl-Həlimdir. Rəbbimiz helm sahibidir, qullarına son dərəcə mülayim davranar, onların səhv və qüsurlarına qarşı dərhal qəzəblənmək yerinə böyük bir səbir və dözüm göstərər. Həmçinin Rəbbimiz bu əxlaqının qulları tərəfindən sərgilənməsindən də razı olar. Belə ki, Rəsulullah r Abdülkays oğullarından Eşəccə xitabən:

      “Səndə Allahın sevdiyi iki xüsusiyyət vardır: Helm (yumşaq xasiyyət) və təənni (yəni ölçülü olmaq).” buyurmuşdur. (Müslim, İman, 25, 26)

      Helmin ziddi olan sərtlik və kobudluq insanları incidən, qorxub nifrət etmələrinə və uzaqlaşmalarına gətirib çıxaran pis bir xasiyyətdir. Bu səbəblə helm peyğəmbərlərin sifətlərindən biridir. Belə ki, bu xüsusu kitablarından öyrənən bəzi yəhudi alimləri Peyğəmbərimizin helm sifətini təcrübə etmişlər, Ondakı helm dəryasının genişliyini qavrayınca da imana gəlmişlər.

      Allah-Təala buyurur:

      (Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə...” (Ali-İmran, 159)

      Allah Rəsulu r insan nəslinin ən mülayimi idi. Buna görə insanlarla rəftarında daim asanlığı seçər, çətinliyə, hirs və qəzəbə yer verməzdi. Haqqın tapdanması xaricində hirslənməz, şəxsinə qarşı işlənən qüsurları asanca bağışlayardı. Nə qədər kobud bir rəftara məruz qalsa da nəzakətini pozmaz, özünə pislik edənlərə belə gözəlliklə rəftar edərdi.

      Loğman Həkim belə deyir:

      “Övladım! Üç şey, üç şeylə bilinər: Helm qəzəb anında; şücaət hərb meydanında; qardaşlıq isə ehtiyac anında.”

      Bu səbəbdən helm əxlaqının ən çox yaşanması lazım olan zamanlar insanın hirs və hiddətə qapıldığı, ağlın yerini hissin aldığı nəzakətli anlardır. Belə bir anda nəfsinə hakim ola bilmək mənəvi bir kamillik istər. Belə ki, Peyğəmbərimiz r də:

      “İgid dediyin, güləşdə rəqibini məğlub edən kimsə deyil; əsl igid, əsəbiləşdiyi zaman hirsini məğlub edən adamdır.” buyurmuşdur. (Buxari, Ədəb, 76; Müslim, Birr, 107, 108)

      Həmçinin Peyğəmbərimiz r yeni müsəlman olan, dinin ədəb və nəzakətini kifayət qədər öyrənmə fürsəti tapa bilməyənlərə qarşı da daim həlim və dözümlü davranmışdır. İndi verəcəyimiz misal buna bir nümunədir:

      Bir bədəvi Məscidi-Nəbəviyə bövl etmişdi. Səhabələr dərhal onu danlamağa başladılar. Bunun müqabilində Həzrət Peyğəmbər r:

      “-Adamı rahat buraxın. Bövl etdiyi yerə də bir vedrə su tökün. Siz asanlıq göstərmək üçün göndərildiniz, çətinlik çıxarmaq üçün deyil.” buyurdu. (Buxari, Vudu, 58, Ədəb, 80)

      Tabiunun böyüklərindən İmam Şabi onu təhqir edən fasiq bir şəxsə hirslənmək yerinə:

      “- Dediklərin doğru isə, Allah məni bağışlasın! Əgər yalan deyirsənsə, Allah səni bağışlasın!” şəklində cavab verərək helm əxlaqının müstəsna bir təzahürünü nümayiş etdirmişdir.

      Xülasə; mərhəmət, şəfqət və məhəbbət kimi gözəl xüsusiyyətlərin nəticəsi olan helm və dözüm Haqq-Təalanın əmri və Peyğəmbərimizin təbii davranışıdır. Allah Rəsulu r belə buyurmuşdur:

      “Rifqdən (yumşaq xasiyyətlilikdən) nəsibi olana, xeyirdən də nəsib verilmişdir. Rifqdən nəsibi olmayan da xeyirdən məhrum qılınmışdır.” (Tirmizi, Birr, 67/2013)

      Bununla birlikdə bütün xüsusiyyətlər kimi helm və dözümün də bir ölçüsü vardır. Yumşaq xasiyyətli olmaq adı ilə zülmə boyun əymək və ya ilahi əmrlərin tapdanmasına dözüm göstərmək əsla doğru deyil. Helmi-himari (uzunqulaq itaəti) deyilən belə bir davranış bədniyyət insanların pislik etmə arzusunu və cəsarətini artıracağından, son dərəcə səhv hərəkətdir.

      əs-SƏTTAR…

      Rəbbimizin cəmali əsmasından biri də “əs-Səttar” adıdır. Qullarının gizli-aşkar bütün hallarına vaqif olan Rəbbimiz onların nə qədər ayıb və qüsurlarını örtər və bağışlayar. Beləcə onların hallarını islah edə bilmələri üçün fürsət verər. Çünki ayıb və qüsurları ortaya çıxan birinin halını düzəldə bilməsi artıq çox çətindir.

      Müsəlman təcəssüsdən şiddətlə çəkinməlidir. Yəni din qardaşının ortaya çıxmamış ayıbını, qüsurunu araşdırmamalıdır. Çünki Haqq-Təala: (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın... (əl-Hucurat, 12) buyuraraq bu çirkin davranışı qadağan etmişdir.

      Adamın işlədiyi günahı bir fərasətmiş kimi izah etməsi də, pisliyin yayılması mənasını verər. Xüsusilə zamanımızda saxtakarlığı bir məharətmiş kimi göstərmək günahların yayılmasına xidmət edir ki, bu, günahın işlənməsindən betərdir. Yəni çirkin davranışların cəmiyyətdə yayılıb zehinləri məşğul etməsi onların daha çox işlənmə təhlükəsini doğuracağı üçün daha böyük qəbahət sayılır. Haqq-Təala da pisliyin yayılmasını istəyənləri böyük bir əzabla təhdid edir. Bunun əksinə, işlədiyi bir günahı həya edərək gizləyən və ondan peşmanlıq duyan şəxsi “Səttar” olan Rəbbimizin qiyamət günündə rüsvay etməməsi ümid edilir.

      Digər tərəfdən düşünmək lazımdır ki, Rəbbimiz Səttar adı hörmətinə biz qullarının nə qədər günahlarını örtmüş və onları qəlbdə gizli qara nöqtələrə çevirmişdir. Bu da Onun sonsuz ucalığından, mərhəmət və lütfündəndir. Çünki işlənən günahların əsəri qəlbdə deyil alında quru bir ləkə surətində zahir olsaydı, şübhəsiz ki, heç kimin bir başqasına baxacaq üzü olmazdı.

      Unutmamaq lazımdır ki, könüllər nəzərgahi-ilahidir. Bir insan nə qədər qüsurlu olursa olsun, onun gizli qüsurlarını araşdırıb ortalığa tökmək, könülünü incidəcəyi kimi, Rəbbimizin də qəzəbini cəlb edər. İnsanların iffət və şərəfini alçaldan hallarını izah etmək və beləcə özünü üstün göstərməyə çalışmaq kimi bayağı davranışlar bu barədə qəflət edənlərin nə qədər xeyirli əməllərinin belə hədər olmasına səbəb olar.

      Haqq-Təalanın xüsusilə məhşər günündə bizim ayıblarımızı örtməsini istəyiriksə, biz də bu gün Onun qullarının ayıblarını örtüb onların xəcalət içində qalıb təhqir edilmələrinə mane olmağa çalışmalıyıq. Bu həssaslığın ibrətamiz bir nümunəsi də belədir:

      Xatəmi Əsam həzrətləri zəif, dərdli və pərişan bir qadınla danışırdı. Qadın böyük bir həyəcanla dərdini izah edərkən, ondan (qeyri-ixtiyari) çirkin bir səs çıxdı. Qadın xəcalətdən bir şam kimi əridi, əzildi, məhv oldu. Şeyx həzrətləri isə heç bir şey eşitməmiş və fərq etməmiş kimi böyük bir təmkinlə qadına baxdı və əlini qulağına apararaq:

      “- Söylədiklərinizi eşitmirəm, çox ağır eşidirəm, yüksək səslə danışın, mümkündürsə qışqırın! Mən karam!” -dedi.

      Qüsurunun gizli qaldığını zənn edən qadın bir anda yenidən həyata qayıtmış kimi sevindi.

      Heç bir millətin davranış ədəbində bir bənzəri görülməmiş olan bu nəzakəti Xatəm həzrətlərinə “Əsam / Kar” ləqəbini verdirdi. Çünki bu hadisədən sonra da Xatəm həzrətləri o qadın eşidib xəcalətli olmasın deyə xalq arasında özünü kar kimi apardı. Ancaq qadının vəfatından sonra ətrafındakılara:

      “- Artıq qulaqlarım eşidir; normal səslə danışa bilərsiniz!” -dedi.

      İnsanların ayıb və qüsurlarını söyləməyin dində “qeybət” adıyla böyük günahlardan biri olaraq qəbul edilməsi də, bu hərəkətin ağırlığını göstərir. Üstəlik qeybət mövcud olan bir qüsurun deyilməsidir. Mövcud olmayanın deyilməsi isə, çox ağır bir cinayət olan “böhtan”dır.

      Xülasə, ilahi əxlaqdan hissə alıb ruhunda gözəlcə həzm edə bilmək, möhtəşəm fəzilətlərə vəsilə olar. Lakin Haqq-Təalanın cəmali sifətləri ancaq nəfsini təzkiyə, qəlbini də təsfiyə etmiş olan möminlərdə ən gözəl surətdə təcəlli edər. Bu səbəblə bir mömin iç aləmini bütün mənfiliklərdən təmizləyə bildiyi, yəni qəlbini Allahdan uzaqlaşdıran hər şeydən təmizləyə bildiyi nisbətdə ilahi əxlaqın saf bir aynası halına gələ bilər.

      Burada bir neçə misalını verdiyimiz cəmali əsmanın hamısını əxlaqa əks etdirərək şəxsiyyət və xarakterin ayrılmaz bir parçası halına gətirə bilmək Haqqa dostluq iqliminə girişin ən böyük vizası mahiyyətindədir.

      Haqq-Təala hər birimizi ilahi əxlaqından hissə alaraq əbədi səadət bəraətini qazanan bəxtiyar qullarından etsin!

      Amin!..


      [1] Bax: Buxari, Ədəb, 19; Müslim, Tövbə, 17.

      [2] Bax: Samiha Ayverdi, Mesih Paşa İmamı.

       

      • Hits: 711 clicks

      Tecox component by www.teglo.info