Dəvə dəlili... / Dr.Rafiz Manafov

      Share

      Aləmin  eyni zamanda həm qeyb, həm də şəhadət  olması məsələsi ola bilsin ki, Allah-Təalanın insan idrakına qoymuş olduğu təbii məhdudiyyətlərə görədir. 

      Quran insanın iki cür bilgisindən bəhs edir. Əvvəla, onun təcrübi bilgisidir ki,  bu növ bilgi eşitmə, görmə kimi sırf hissiyyata əsaslanan (fiziki) bilgi növləridir. İkincisi isə, duyğu orqanları vasitəsilə idrak oluna bilməyən (metafiziki) sahədir. Ancaq qeyb və şəhadətlə bağlı ayələrə diqqət yetirildikdə bunların sadəcə insana görə belə olduğu, əslində Allahın dərğahında (və deməli əsl həqiqətdə) bəzi şeylərin qeybi, bəzilərinin şühudi olmadığı görülür.  Qurani-Kərim yalnız elm və fəlsəfə kitabı olmadığına görə bu sahələrə bizim istifadə etdiyimiz terminlərlə yanaşmır. Quranda dəfələrlə təkrarlanan “alimul-ğaybi vəş-şəhədəti – qeybi və görünəni bilən” (əl-Ənam, 73; ət-Tövbə, 105; Muminun, 92; əz-Zumər, 46; əl-Həşr, 22 və sairə)  ifadələrinə nəzər salmaq kifayətdir.

      Bu ayələrdən göründüyü kimi qeybin bilgisi yalnız və yalnız Allah dərgahındadır və onu bilmə gücü də bizim dünyamızdan heç kimə (falçı, ektrasens, kahin, sehrbaz, “fövqəlbəşər insan” və s.) bəxş olunmamışdır. İnsanlar onu bilməklə məsul da deyil. Ona iman gətirmək əsasdır ki, imanın əsl mahiyyəti də burada təzahür edir. “(Ey Məhəmməd), onlara de: "Sizə Allahın xəzinələri mənim yanımdadır” demirəm. Qeybi də bilmirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram” (əl-Ənam, 50); “Yoxsa qeyb(in bilgisi onların) yanlarındadır və oradanmı çıxarıb yazırlar?” (əl-Qələm, 47); “Göylərin və yerin qeybini yalnız Allah bilər.” (ən-Nəhl, 77)

      Hz. Məhəmmədə (s.ə.s) bildirilməyən bu həqiqətləri “mən bilirəm” demək cəsarətini kim göstərə bilər!? Üstəlik də din adına..

      Şəhadət aləminə gəldikdə isə insan idrakının bunları anlamayacağı barəsində ayələrə rast gəlmək qeyri-mümkündür. Tam tərsinə bunun idrak oluna biləcəyi, insanın buna qadir və bundan məsul olduğu da qeyd olunur. Çünki şəhadət içərisində qeybin əlamətləri mövcuddur. (Dahi İslam mütəfəkkiri İbn Rüşdə görə Saninin (Yardıcının) bilinməsi “sənətin” (yaradılanın) dərindən öyrənilməsilə mümkündür). Qurani-Kərim göylərin və yerin yaradılışında, gecənin və gündüzün gedib-gəlişində  ağıl sahibləri üçün ibrət verici dəlillər olduğunu bəyan edir. (Ali-İmran, 190) Ancaq diqqət yetirilərsə gecənin və gündüzün bir-birini əvəz etməsində ibrət göstərən Uca Yaradan bunların necə baş verdiyini bizə bildirmir. Çünki bunlar kimya, riyaziyyat, fizika kimi dəqiq elmlərlə öyrənilə bilən şeylərdir. İman məsələsi deyil.

      Aləmi yalnız hissələrə ayıraraq anlamaq iqtidarında olan ağıl gücü, bəsləndiyi mənbələr baxımından da fərqli olduğuna görə, “görünənlərlə” “görünənlərin ifadə etdiyi mənalar” bir-birindən fərqlənir. İnsan oğlu Yaradıcısını isbat etmək üçün “antoloji”, “epistemoloji”, “kosmoloji” dəlillər axtararkən, Yaradıcı özünə dəlil olaraq “dəvənin” kifayət edəcəyini bildirir. “Onlar dəvəyə baxmırlarmı, o necə yaradılıb!” (əl-Ğaşiyə, 17) Dəvənin yaradılışındakı mükəmməllik (metafiziki mənada mükəmməllik kimi təsəvvür olunan dəvənin quruluşu, bəşəri ağla görə əyri-üyrülükdən başqa bir şey ifadə etmir) heç də digər heyvanlar qədər qabarıq deyil. Ancaq Uca Allah bunun belə “yaradıcı ağla” kifayət edəcəyini bildirmişdir.

      Aləmin bilgi baxımından müəmmalı olması, mübhəmliyi və bulanıqlığı insanın inanma duyğusunun əsasını təşkil edir. Bir mütəfəkkirin, haqlı olaraq da, fikrinə görə inananla inanmayan arasındakı fərqi yaradan da bu qeyri-müəyyənlikdir: “İki şəxs bir bağda gəzirlər. Bağda müxtəlif növ meyvələr var. Meyvə ağacları arasındakı məsafə bəzən eyni uzaqlıqda, bəzən də qarmaqarışıqdır. Bağdakı şəxslərdən biri “buraya bizdən qabaq kimsə gəlib və bu ağacları sıra ilə bura əkib” deyir. Digəri isə “bunu haradan çıxardırsan, buraya bizdən qabaq biri gəlsəydi bu qarmaqarışıq olanları da düzəltmiş olardı” deyə etiraz edir. Uzun mübahisələrdən sonra bağa birinin gəlib-gəlmədiyini öyrənmək üçün bağı araşdırmaq qərarına gəlirlər və araşdırmalar başlayır. Birincisi gördüyü hər şeydə “bağbanın” izlərini təsəvvür edir. İkincisi isə tapacağı bir şey olmadığından əmin şəkildə dolaşır. Birincisi tapacağına ümidvardır. Qeybə inanır və şəhadəti bilməyə çalışır. İkincisi şəhadəti bilməyə çalışır, qeybə isə inanmır. Kimə görəsə “qozbel dəvə” varlıq dəlili olduğu halda başqasına görə bütün kainat  dəlil olmağa kifayət etmir. Və bu araşdırmaların əsla sonu gəlmir…

       

                                                                       

      Dr.Rafiz Manafov

      rafiz_manafov@hotmail.com

      • Hits: 690 clicks

      Tecox component by www.teglo.info