Rəbbinə Yönəl / Mübariz Əlioğlu

      Share

      Aləmlərin Rəbbi olan Allah-Təala belə buyurmaqdadır:

      “Rəbbinin adını zikr et! Bütün varlığınla Ona yönəl.” (əl-Müzzəmmil 8-9)”

      Gözlərimizlə gördüyümüz, qələmlərimizlə yazdığımız və müəyyən ölçüdə qəlbimizə yerləşdirməyə calışdığımız əmri-ilahinin tələb və incəliklərini izah etməyə heç bir məntiqin və ifadə vasitələrinin güc yetirə bilməyəcəyi mübarək ömrü, əxlaqı, mədəniyyəti və mənəviyyatı ilə canlandıran Həzrət Peyğəmbər Rəbbinə yönəlişi Allaha qulluq müəssisəsinin bəşəriyyətə ünvanlanmış ən mükəmməl bir təbliğat örnəyidir. Bu örnəyin hər bir addımında qarşılaşdığımız təslimiyyət nümunələri əmri-ilahini həyatının hər məqamına tətbiqi baxımından peyğəmbər məsuliyyətini və onun əmrə bağlılıq dərəcəsini bizlərə ərz etməkdədir:

      Bir dəfə Aişə anamız: Əgər gecə yarısı oyanmayıb vitr namazını ötürsəniz durum necə olacaq -deyə Rəsuli Əkrəmə müraciət etdikdə Rəsulullah ona: “Mənim gözlərim yatsa da qəlbim yatmaz. Zamanı gəlincə oyanar, əvvəl təhəccüdü sonra da Vitr namazını qılaram. (Tirmizi, Şəmail 45) -buyuraraq peyğəmbərlik fəaliyyətindəki hər bir anın səviyyəli şəkildə əmri-ilahinin  dəyərləndirilməsinə yönəlik olduğunu vurğulamışdı. “Rəbbinin adını zikr et, bütün varlığınla Ona yönəl” ayeyi-kəriməsinin həqiqətini qıldığı namazlarının ahənginə nizamlayan Allah Rəsulu hədislərdə də anladıldığına görə namaz qılarkən sanki dünyaya vida edərək axirət aləminə dalardı. Bu bənzərsiz ahəngin izlərini qüdsi hədisin sətirləri arasında da müşahidə etmək mümkündür:

      “Qulum ona fərz qıldığım şeyləri yerinə yetirməkdən başqa hec bir gözəl şeylə Mənə yaxınlaşmamışdır. O, sevgimi qazanmaq üçün nafilə ibadətlərlə də Mənə yaxınlaşmağa davam edər. Mən onu sevincə də eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı olaram. Məndən bir şey istədikdə ona verərəm, Mənə sığındıqda mütləq onu qoruyaram.” (Buxari: 6137)

      Qüdsi hədisdə səslənənlər dərəcə etibarı ilə anlaşılması çox mürəkkəb və illərlə sürən dərin bir ibadət və təslimiyyət mücadiləsinin verilməsi hesabına qazanılan məqamların ifadəsidir. Bu məqamların əldə edilməsi yalnız və yalnız Qurani Kərimin nuraniyyətinə bürünməklə ərsəyə gələn bir bəxtəvərlikdir. Quran ilə eyniləşmə keyfiyyəti Allah Rəsulunun mübarək ömür səhifələrini təcəssüm etdirən ali bir həqiqət idi. Qüdsi hədisin daşıdığı əlamətləri Həzrət Məhəmmədin bərəkətli ömür aynasında seyr edən Aişə anamız bu etirafdan özünü saxlaya bilməmişdi:

      “Görürəm ki, Rəbbin sənin istəyini hər zaman anında yerinə gətirməkdədir” (əl-Cövziyyə, Allah sevgisi s. 195)

      Allah ilə qul arasındakı bərabərliyin Qurani-Kərimdə açıqlanması bu ülvi məqamın ünvanını dəqiq şəkildə göstərməkdədir:

      “Allah müttəqilər və davamlı yaxşılıq edənlərlə bərabərdir.” (əl-Ənfal/19)

      Bütün varlığı ilə Allaha yönələn Rəsulullahın ədəbi ilə ədəblənən Əbu Bəkr Siddiq (r.a) həzrətlərinin ölüm anında söylədiyi kəlamlar İslamın yer üzündə sağlam təməllərə dayanaraq varlığını mühafizə edə bilməsinin Allaha, Rəsuluna sidq ürəklə bağlılıqdan necə asılı olduğunu bir daha bəyan etməkdədir:

      “Müsibət nə qədər böyuk olursa olsun, qoy bu sizə dinimizin əmr və tövsiyələrini unutdurmasın. (Həzrət Ömərə müraciətlə) Rəsulullah vəfat etdikdə necə davrandığımı sən gördün. Halbuki insanların başına Rəsulullahın ölümü qədər böyük bir müsibət gəlməmişdir. Əgər mən o gün Allah ilə Peyğəmbərinin tövsiyələrinə əməl etməkdə geciksəydim pərişan olardıq və Mədinə alovlar içində qalardı. (A.Kurucan, Z. Mercan  Aşereyi-Mübəşşərə s.93)

       Allaha yönəlməyin vacibliyini başqa bir hədisində Rəsulullah (s.ə.s) belə vurğulayır:

      “Canım qüdrət əlində olan Allaha and içirəm ki, həyatınızın bütün mərhələlərində Allaha təslim olmadıqca cənnətə girə bilməzsiniz və bir-birinizi sevmədikcə də gerçək müsəlman ola bilməzsiniz. Salamı yayın ki, bir-birinizi sevəsiniz.” (Müslim, İman 93)

      Aşiqlərini belə heyrətlər içində qoyan, inanılmaz bir mərhəmət və və şəfqət mənbəyi olan Allah Rəsulunun ona susamış qəlbləri əbədi alovların caynağından qurtarma xidmətlərini insaf naminə söyləyək, hansı ölçülərə sığdırmaq mümkündür. Bu tükənməz feyz və irşad mədəniyyətinin dualara çevrilmiş əvəzsiz nümunələri insanları bu gün də Rəblərinə doğru yönəlməyə səsləməkdədir. Məhəmməd Peyğəmbərin Həzrət Əbu Bəkrə ünvanladığı dua ərməğanında bu məqamın ehtişamı daha dolğun hiss edilməkdədir:

      Allahım! Mən Səndən Peyğəmbərin Məhəmməd (ə.s), dostun İbrahim (ə.s), qurtardığın Musa (ə.s), ruhun və kəlmən İsa (ə.s) haqqı üçün Musanın Tövratı, İsanın İncili, Davudun Zəburu və Məhəmmədin Furqanı haqqı üçün nazil etdiyin hər vəhy, verdiyin hər hökm haqqı üçün niyaz edərim. Yenə Səndən kitabında endirdiyin və özünə seçib saxladığın hər adınla yalvarıram. Əhəd, Saməd, Vitr və Tuhr isimlərinlə yalvarıram. Əzəmətinlə, kibriyanla, camalının nuru ilə mənə Quranı, elmi öyrətməyini, onu ətimə, qanıma, qulağıma, gözümə qarışdırmanı güc və qüdrətinlə vücudumu ona bağlamanı niyaz edirim. Çünki Sənsiz nə güc olar, nə də hərəkət. (Cəmul Fəvaid, X. s-240)

       

      • Hits: 798 clicks

      Tecox component by www.teglo.info