Müsəlman və Tənqid / Dr. Mehman İsmayılov

      Share

      Müsəlmanın həyatında tənqidin yeri nədir? Cəmiyyətin inkişafı üçün çox əhəmiyyətli olan tənqidə yanaşma tərzimiz necədir? Çox təəssüf ki, buna veriləcək cavab mənfi olacaq.

       Quranda itab[1] ayələri ilə tənqid olunan bir Peyğəmbərin ümməti olan müsəlmanların tənqidi sevməmələri düşündürücüdür.

      Tənqid dilimizə ərəbcədən keçib lüğət mənası qiymətləndirmək, doğru olanı ortaya qoymaq deməkdir. Mədəni və müasir dünyanın ən əsas tələbatlarından biri olan tənqid terminoloji mənada hər hansı bir şeyin daha yaxşı olması və ya səhvin düzəldilməsidir. Bir şeyin və ya şəxsin yaxşı və pis yönlərini ortaya çıxarmaqdır. Tənqid insanı doğru düşünməyə, doğru söyləməyə və doğru olanı görməyə sövq edir.

      İslamda tənqidə verilən önəmi anlamaq üçün aşağıda verəcəyimiz misallara baxmaq kifayətdir:

      1. Bir gün Hz. Peyğəmbər Məkkənin bəzi ən nüfuzlu qəbilələrinin müşrik olan rəisləri ilə söhbət edirdi. Onların -və onlar vasitəsi ilə Məkkə toplumunun- onun gətirdiyi dinin haqq olduğunu qəbul etmələrini istəyirdi. Bu vaxt gözləri kor olan Abdullah b. Şüreyh (ona İbn Ümmi Məktum da deyilir) Peğəmbər (s.ə.s)-ə yaxınlaşdı və Quranın ilk ayələrindən bir hissəsini ona təkrar etməsini və ya izah etməsini xahiş etdi. O anda daha çox önəm verdiyi bir mövzunun kəsilməsindən narahat olan Məhəmməd (s.ə.s) “qaşqabağını töküb üzünü çevirdi” və elə oradaca nazil olan Əbəsə surəsinin ilk on ayəsi ilə Hz. Peyğəmbərə xəbardarlıq edildi:

      “(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı. Nə bilirsən, bəlkə də, o (səndən İslama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir! (Var-dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə, Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). Onun (küfrdən) təmizlənməsindən sənə nə?! Yüyürə-yüyürə sənin yanına gələn və (Allahdan) qorxan kimsəyə gəldikdə isə, Sən ondan üz çevirirsən!”

      2. Təbük döyüşündən əvvəl bəzi münafiqlər Peyğəmbər (s.ə.s)-in yanına gəlib bəhanlər irəli sürərək döyüşdə iştirak etməyəcəklərini bildirdilər. Peyğəmbər (s.ə.s) də onların bu bəhanələrinin doğru olub-olmadığını araştırmadan onlara döyüşdə iştirak etməmək üçün icazə verdi. Bu hadisədən sonra aşağıdakı ayə nazil oldu:

      "Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?" (ət-Tövbə, 43)

      Bu misallar “ilahi tənqid”i göstərir. Lakin bir az sonra bəhs edəcəyimiz hədis “insanların ən fəzilətlisi olan” Peyğəmbərimizin yanıldığı zaman digər insanlar tərəfindən belə ona bildirildiyini ortaya qoyur: 

      “Peyğəmbər (s.ə.s) Mədinəyə gəlmişdi. (Bu vaxtlar Mədinə xalqı) xurma ağaclarını aşılayırdılar (süni yolla tozlandırırdılar). Rəsulullah onlardan, “Nə edirsiniz belə?”-deyə soruşduqda, onlar: “Biz bunu (həmişə) edirik”-deyə cavab verdilər. Rəsulullah: “Bəlkə siz belə etməsəniz də nəticə yenə yaxşı olar-dedi. Bundan sonra onlar da bu işi tərk etdilər. (Ertəsi il) xurmaların çiçəyi töküldü və ya az oldu (yəni az bar gətirdi). Bunu Hz. Peyğəmbərə söylədikdə o belə buyurdu: “Mən də bəşərəm. Dininizlə əlaqəlial bir şey söylədiyim zaman onu alın. Ancaq öz fikrimə əsaslanaraq sizə bir şey əmr etdiyim zaman unutmayın ki, mən də bir bəşərəm.” (Müslim, “Fəzail”, 140)

      Peyğəmbərimiz yanıldığı zaman həm Allah, həm də insanlar tərəfindən ona bildirilən bu yanlışları qəbul etmişdir. Çünki Kəhf surəsində də bildirildiyi kimi o da bizim kimi ölümlü insandır. O zaman biz insanların öz həyatımızı tənqiddən uzaq tutaraq özümüzü məsum hiss etməmiz nə qədər doğru olar?   

      Ancaq başqalarını tənqid edən insanın əvvəlcə özünü tənqid etməsi lazımdır. Yəni güzgüdə əvvəlcə özünü görməsi lazımdır ki, buna da dilimizdə özünütənqid deyilir. Özünütənqid olmadan bir insanın inkişaf etməsi qeyri-mümkündür. “Unutqan olan” insanın yanılması normaldır. Lakin yanıla biləcəyini qəbul etməməsi isə əlbəttə normal deyildir. Kamil insan tənqidlər nəticəsində zirvəyə yüksələn insandır. Buna görə də İslamın ruh yönünü təmsil edən təsəvvüfü “özünü tənqid edərək ucalma sənəti adlandırsaq” yəqin ki, səhv etmərik.

      Xülasə, tərifə olduğu qədər tənqidə də xoş baxsaq Quranın və Peyğəmbərin yetişdirmək istədiyi insan modelinə bir addım daha yaxınlaşmış olarıq.

      • Hits: 1011 clicks

      Tecox component by www.teglo.info