155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müsəlmanin Haqlari / Aqil Əliyev

      Share

      Uca dinimiz haqq və hüquqlara diqqət etməyi daima ön planda tutmuş, xitab etdiyi hər bir mənsubuna da bu haqlara riayət rtməyi tövsiyə etmişdir.

       Hər bir müsəlman bu haqlara diqqət etməli və dinini, əqidəsini, birlik-bərabərliyi mühafizə etməlidir.

      İslam dinində haqlar Allah haqqı, ata-ana haqqı, ər-arvad haqqı, qonşuluq haqqı, əqrəbalıq haqqı, müsəlmanın müsəlman üzərindəki haqları kimi bir neçə yerə ayrılmaqdadır. Nəinki insanların, hətta heyvanların, təbiətin, ətraf mühitin və bütün canlıların qorunması da müsəlmanın haqları içərisindədir. Bu yazımızda müsəlmanın din qardaşına qarşı riayət etməsi lazım olan haqlardan bəhs edəcəyik.

      Əbu Hüreyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə  buyurdu:

      “Müsəlmanın, müsəlman üzərindəki haqqı beşdir: Salamını almaq, xəstəsini ziyarət etmək, cənazəsinin arxasından getmək, dəvətini qəbul edib getmək və asqıranda “yərhəmükəllah” demək.”  (Buxari, Cənaiz, 2; Müslim, Salam, 4)

       

      Salamını almaq

      Hədisdən də gördüyümüz kimi birinci haqq verilən salamı almaqla bağlıdır. Hər qarşılaşdığımıza salam verməli, salam verənin isə salamını mütləq almalıyıq. Dinimizə görə salam vermək sünnə, salamı almaq isə vacibdir. Bu haqda  Qurani-Kərimdə “Sizə salam verildiyi zaman onu daha gözəl bir şəkildə və ya eyni şəkildə cavablayın...” (ən-Nisa, 86) buyurulur.  

      Yeri gəlmişkən demək lazımdır ki, salam sadəcə görüşdükdə deyil, eyni zamanda vidalaşdıqda da verilməli və Allahın adıyla ayrılmalıyıq. Bunu da tətbiq etməyi unutmamalıyıq.

       

      Xəstə ziyarəti

      Hər birimiz xəstə ola bilər, sağlamlığımızı itirib yatağa düşə bilərik. İnsan xəstə olduğu vaxt ruh düşkünlüyü yaşayır, mənəvi çöküntü ilə üz-üzə qalır. Xəstələrə ruh vermək, maddi və mənəvi dəstək olmaq üçün tez-tez ziyarətlərinə getmək, dua və yardımlarımızla bir an əvvəl yaxşılaşıb ayağa qalxmasına köməklik göstərmək boynumuzdakı haqlardandır.

      Xəstə ziyarətinin nə qədər əhəmiyyətli bir vəzifə olduğunu bu hədis ortaya qoymaqdadır. Əbu Hüreyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurdu:

      “Allah Təala qiyamət günündə belə soruşar:

      – Ey Adəm oğlu! Xəstələndim, məni ziyarət etmədin. Adəm oğlu:

      – Sən aləmlərin Rəbbi olduğun halda mən səni necə ziyarət edə bilərdim? -deyər. Allah-Təala:

      - Filan qulum xəstələndi, ziyarətinə getmədin. Onu ziyarət etsəydin, Məni onun yanında görərdin. (Müslim. Birr, 43)

      Xəstələri ziyarət edərkən yenə də islami ölçülərə diqqət etməliyik. Əvvəla xəstə ziyarəti üçün elə bir vaxt seçməliyik ki, bu vaxtı xəstənin istirahət vaxtına düşməsin. Onun yanında xəstəlikdən ölümdən danışıb daha da ruh düşkünlüyü yaratmamalıyıq. Xəstənin yanında çox qalaraq istirahətinə mane olmamalıyıq. Xəstə qardaşımızı qısa ziyarət edib, dua etməli, bildiyimiz şəfa ayələrindən və dualarından oxuyub ayrılmalıyıq.

       

      Cənazəsində iştirak etmək

       Yaxınını itirən adam kədər və qəmə batar. Onun bu qəmli və kədərli günündə yanında olmaq, dərdinə ortaq olmaq hər birimizin borcudur. Biz bu davranışımızla onun yükünü bir az yüngülləşdirmiş və təsəlli vermiş oluruq. Bir müsəlman qardaşımızın vəfat etdiyini eşitdiyimiz vaxt, ilk vəzifəmiz ona rəhmət oxumaq, cənazə namazında və dəfnində iştirak edib yaxınlarına başsağlığı verməkdir. Bu davranış bizim müsəlmanlıq borcumuz olmaqla yanaşı çox böyük əcr və mükafatlara nail olmamıza səbəbdir. Əbu Hüreyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

      “Kim savabına inanaraq, əvəzini yalnız Allahdan istəyərək bir müsəlmanın cənazəsi ilə birlikdə gedər və namazı qılınıb basdırılıncaya qədər gözləyərsə, hər biri Uhud dağı qədər olan iki kırat savabla qayıdar. Kim də cənazə namazını qılar, dəfn olunmadan oradan ayrılarsa bir kırat savabla qayıdar.” (Buxari, İman 35.  Müslim, Cənaiz, 56)

       

      Dəvətini qəbul etmək

      Dəvəti qəbul etmək sünnədir. Rəsuli-Əkrəm varlı-kasıb fərqi qoymadan hər kəsin dəvətini qəbul edib çağrılan yerə getmişdir. Bir müsəlmana yaraşan da qardaşının dəvətini qəbul edib ona dəyər verdiyini göstərməkdir. Çünki müsəlmanlar arasındakı bağların möhkəmlənməsi onların bir-birilərinə gedib-gəlməsindən, qarşılıqlı şəkildə dəvətlərinə iştirak etmələrindən çox asılıdır. Sadəcə varlıları deyil, kasıbları da dəvət etməli və dəvətlərinə iştirak etməliyik. Rəsulullah ən şərli ziyafətin, kasıbları kənarda qoyub sadəcə varlıların dəvət olunduğu ziyafət olduğunu bildirmişdi.

       

      Asqıranda “Yərhəmukəllah” demək

      Uca dinimiz heç nəi gözdən qaçırmamış, bəşəri münasibətlərə də böyük üstünlük vermişdir. Bunlardan biri də asqıran qardaşımıza xeyir-dua etmək, ona sağlamlıq arzulamaqdır. Asqıran adam “Əlhəmdülillah” (Allaha şükür olsun) deməli, bunu eşidən də “Yərhəmukəllah” (Allah sənə rəhm etsin) deməlidir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          

       

      • Hits: 873 clicks

      Tecox component by www.teglo.info