Quranın Təsiri / Kamran Məmmədov

      Share

      Məşhur lüğət alimi Əsmai bir gün məsciddən çıxıb bir yerə gedirdi. Yolu səhradan keçərkən zülm və karvan soymaqda məşhur bir bədəviyə rast gəldi.

       Bədəvi dəvənin üstündə oturduğu halda Əsmaidən haradan gəldiyini soruşdu. Əsmai:

      - Məsciddən, Allahın evindən gəlirəm, Allahın kəlamını oxudum, indi isə geri qayıdıram, - dedi.

      Bədəvi təəccüblə söyləndi:

      - Məgər Allahın kəlamı var? Varsa, oxu qulaq asım!

      Əsmai oxumağa başladı, ağlına gələn ilk ayə “Ruziniz də, sizə vəd edilən şeylər də (yağış, savab, cəza və s.) göydədir”  (əz-Zariyat, 22) oldu. Quranın səsindən və mənasından təsirlənən bədəvi bu ayənin təfəkkürü içində imana gəldi. Qəlbi ilə ayəni təsdiq etdi və dəvəsindən aşağı endi. Təkrar soruşdu:

      - Bu oxuduğun Allahın kəlamıdır?

      Əsmai:

      - Bəli, dedi. Kimin ehtiyacı nədirsə səmadan təqsim edilər. Ruzi səmadan enər.

      Bədəvi mindiyi dəvəsini kəsdi, ətini Allah yolunda payladı və oradan ayrılıb getdi.

      Əsmai Qurandan təsirlənən bədəvinin bu halına heyran oldu və öz nəfsini qınamağa başladı: “Ey nəfsim! Heç belə insafsızlıq olar? Neçə illərdir Haqqın kəlamını oxuyursan, amma bu bədəvinin bir ayədən təsirləndiyi kimi təsirlənməmisən, oxuduğundan nə qədər qafil qalmısan.”

      Bir neşə il keçdikdən sonra Əsmai həccə gedir. Kəbəni təvaf edərkən həmin bədəviyə rast gəlir. Bədəvi onu tanıyır, yanına gələrək dua etdikdən sonra belə deyir:

      - Allah səndən razı olsun! O zaman ki, səni gördüm, oxuduğun kəlamı dinlədim və ruzimin Haqqın qatında olduğunu dərk etdim. Artıq o gündən Rəbbimin ibadət və itaətinə könül verdim. Bunun mükafatı olaraq hər gün ruzim Haqq qatından nazil olur.

       

       

      HİKMƏTLƏR

       

      Onda da baxılacaq üz qalmadı

      Şair Seyrani bir gün köhnə dostlarından biri ilə rastlaşır. Dostu qocalmış, saç-saqqal ağarmış, gözləri də kor olmuşdu. Şair dostunun hal-xətirini öyrənmək məqsədi ilə:

      - Nə var, nə yox, necəsən? deyərək ondan soruşur:

      Dostu da:

      - Nə bilim, nə deyim? Artıq məndə dünyanı görəcək bir göz qalmadı. -deyir.

      Şair incə və zərib bir üslubla:

      - Təəssüflənmə, dostum. Artıq dünyada da baxılacaq üz qalmadı.

       

      Əlimdən qurtulmadı

      Bütün şikayətləri ən gözəl şəkildə dəyərləndirən və əlindən heç bir günahkar cəzasız qurtula bilməyən bir qazı günlərin birində çox müşkül məsələ ilə qarşılaşır. Kimin haqlı, kimin haqsız olduğunu təyin edə bilməyən qazı həyatının ən mühüm hökmünü verir. 

       “Hər iki tərəf eyni şəkildə cəzalandırılsın!” Hər biri 40 çubuq cəzası alarkən, qazı verdiyi qərardan məmnun halda belə deyirdi:

      - Oh! Hansı haqsızdırsa, əlimdən qurtulmadı!

       

      Nəyə baxırsan?

      Yazıçılardan biri çayın kənarında qoca bir kişinin suya diqqətlə baxdığını görür. Marağını gizlədə bilməyən yazıçı qocadan soruşur:

      - Ağsaqqal nəyə baxırsan?

      Qoca isə gözünü sudan ayırmadan belə cavab verir:

      - Axıb gedın həyatıma!

       

       

       

       

      HAZIRCAVABLAR

       

      At nalı uğur gətirərmi?

      Məsciddə vaaz verən bir alimə camaatdan biri sual verir.

      - Əfəndi! Deyirlər at nalını qapıdan asanda uğur gətirir. Bu düzdür?

      Vaiz sualı belə cavablandırır:

      - Heç zənn etmirəm. O nallardan hər atda dörd dənəsi var, amma hər gün qamçılanırlar.

       

       

      İki səbəb

      Hz. Əli (r.a) qəbiristanlığa tez-tez gedərmiş. Belə tez-tez ziyarətin səbəbini soruşanlara isə Elmin Qapısının cavabı qısa olur:

      - İki səbəbi var. Birincisi; söylədiklərimə etiraz etmirlər, ikincisi isə arxamdan qeybət etmirlər.

       

      • Hits: 648 clicks

      Tecox component by www.teglo.info