Allah Qorxusu / Mübariz Əlioğlu

      Share

      Allah-Təala Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, 

      şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” -söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” -buyurdu. (əl-Bəqərə, 30)

      İlahi muradın əsəri olan insan övladı beləcə neçə-neçə yaradılış zəncirlərinin məntiqi sonluğu olacaq bir şəkildə Rəbbinin üzərinə qoyduğu insanlıq vəzifəsini məsuliyyətli bir şəkildə yerinə yetirməyi öhdəsinə götürərək var olmağa, əbədi yaşamağa vəsiqə qazandı. Təbii ki, kainatın müqayisəsiz, varlığını anladacaq şərtlər daxilində cərəyan edən hadisələrin həqiqi mənzərəsini gözlərimiz önündə, ağlımızda və sahilsiz ümmana bənzəyən ruhani təfəkkürümüzdə canlandırma cəhdlərimiz nəticə etibarı ilə özümüzü dərk etməyin məchul təbiətini bizlərə açıqlayacaqdır. Elə bu məchul təbiətini də yalnız ağlına güvənərək tədqiq edən insan əslində öz ecazkar mahiyyətindən uzaqlaşma yoluna saplanaraq gediləcək yolunu tərsinə addımlamaqdadır.

      Adəm övladı əslində çözülməsi təsəvvürlərə sığmayacaq ölçüdə bir müəmma sahibidir. Bəs görəsən bu müdhiş müəmmanın sirlər aləminə sətirlərin köməyi ilə az da olsa nüfuz edə bilmək bəxtəvərliyinə nail olmaq mümkündürmü?

      İlahi tərbiyənin nuraniyyətinə bürünmüş Məhəmməd -əleyhissalam-ın, insanlıq müəmmasının mərhələ-mərhələ cilalanaraq ona qarşı oyanıq və tələbkar olan qəlblərdə aydınlıq hasil etməsi üçün çəkdiyi əziyyətlər öz bəhrəsini verdi. Bu fəaliyyəti ilə Rəbbinə qarşı misilsiz bir səadət və qiyamətə kimi bənzərsiz örnək olacaq mübarək bir insanlıq nəslini ərsəyə gətirməsi, bizlərə tayı bərabəri olmayan bir mərifətin daşıyıcılarını bəxş etdi. Məhz bu şərəfli bəşər övladlarının sahib olduğu bir insanlıq hissi vardır ki, bu hissiyyatın möhtəşəm məsuliyyətindən doğan dərin bir həssasiyyət ilahi ehtişamın qarşısında insanın həm ruhani, həm də maddi həqiqətlərini bir arada cəm edərək onun naməlum təbiətini məluma doğru yönəltməkdədir. Bəli, bu hissin adı acizliyin və heçliyin tam mənada dərki iqlimində meydana gələn Rəbbimizə qarşı duyduğumuz qorxu hissidir. Allah qorxusunun bəşər varlığına hasil olması, müəmma qapılarının tədricən aralanmasına gətirib çıxarmaqdadır ki, bu da öz növbəsində insanın ilahi hikmətə və mərifətə vurğunluq dərəcəsi ilə səviyyə qazanmaqdadır.

      Allah Rəsulunun öz təlimində insan üçün xüsusi dərəcədə önəm daşıyan taleyüklü məsələlərin həlli istiqamətində göstərdiyi yanaşma tərzi bizləri sadəcə heyran qoymaqdadır. Allah-Təalanın əzəmət və əzab təcəllilərinin idrakı atmosferində bir peyğəmbərin və onun ən yaxın silahdaşı olan səhabənin öz durumlarını oxucuların bəlkə də dəhşətinə səbəb olacaq bir müstəvidə anlatmaları nə qədər də təqdirə layiq haldır:

      “Şübhəsiz ki, mən sizin görmədiklərinizi görməkdə və bilməkdəyəm. Göy üzü qıcırdayıb, inlədi və inləməkdə haqlıdır. Göy üzündə dörd barmaqlıq bir yer yoxdur ki, orada bir mələk alnını Allaha səcdə üçün qoymamış olsun. Allaha (c.c) and içirəm ki, əgər mənim bildiklərimi siz də bilmiş olsaydınız az gülər çox ağlardınız. Yataqlarınızda qadınlardan zövq ala bilməzdiniz. Yüksək səslə Allaha yalvararaq yollara və səhralara çıxardınız. İstərdim ki, bu vəziyyətlərində onlara dəstək olan bir ağac olum.” (Buxari “Riqaq” 11/319; Tirmizi “Zöhd” 6/601)

      Peyğəmbərimiz Məhəmməd -əleyhissalam-ın Allah  qorxusu qarşısındakı bu müdhiş halını mahiyyətinə süzdürən Əbu Bəkr Siddiqin etirafı isə heç kimsəni laqeyd qoymayacaq ölçüdədir:  

      “Mən namaza qalxdığında Allah-Təalanın  qorxusundan budaq kimi olan mömin bir qulun yanında bir tük olmağı istərdim.”

      Rəsuli-Əkrəmin və onun ən yaxın səhabəsi olan Əbu Bəkr Siddiq həzrətlərinin Allah qorxusu qarşısındakı əhvali-ruhiyyələrinin məna dərinliyinə baş vurmaq, əlbəttə ki, insanı aciz, qoyacaq bir çalışmadır. Lakin o əhvalın bütövlüyündən hissələrə sahib olmaq insanı ilahi mərifətə aparan yollarda mənəvi təkamülümüzə ən gözəl bir dəstək olacaqdır. Həzrət Əbu Bəkr Siddiqin Allah (c.c) qorxusunu dəyərləndirən bu cümlələri insanlığa ünvanlanan çox qiymətli bir nəsihətdir:

      “Allah-Təala cənnət əhlinin əlamətlərini açıqlamış və onların ən gözəl əməllərini diqqətə alaraq pis əməllərini də yox saymışdır. Mən onları araşdırdığımda öz-özümə: Qorxuram ki, mən onlardan deyiləm – deməkdəyəm. Eyni zamanda Allah (c.c) cəhənnəm əhlinin də əlamətlərini açıqlamış və onların pis əməllərini diqqətə alaraq yaxşı əməllərinə önəm verməmişdir. Mən onları da araşdırdığımda öz-özünə: ümid edirəm ki, mən onlardan deyiləm – deməkdəyəm. Bir insanın cənnət və cəhənnəm əndişəsi belə olmalıdır. Həm qorxacaq, həm də ümid edəcək. Allaha qarşı qəlbinizdə qorxu və ümid iç-içə olsun. Məhz bu əlamətlərə sahib olan Hz. Zəkəriyyə (ə.s) və ailəsini Uca Allah belə tərif etməkdədir:

      “Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.” (əl-Ənbiya, 90)

       

      • Hits: 850 clicks

      Tecox component by www.teglo.info