Artıq Siz Gəldiniz / Нiyаzi Yusifov

      Share

      Osmanlılar zamanında Misir valisi olan Kavalalı Mehmet Əli Paşa İstanbula gedən şair Nihat bəydən gələrkən özüylə ağ rəngli bir eşşək gətirməsini xahiş etmişdi.

       Fəqət Nihat bəy eşşəyi almağı unutmuşdu. Misirə gəlib çatanda isə Paşa: “Nihat bəy, bizim eşşək nə oldu?” deyə soruşur:

      Şair çaşqınlıqla belə cavab verir:

      “Vallah yadımdan çıxdı, Paşam! İndi sizi gördüm, yadıma düşdü.”

      Paşa aldığı cavabdan razı qalmır, amma yenə də gülümsəyərək belə deyir:

      “Nə isə, siz gəldiniz, artıq ehtiyac qalmadı.”

       

       

       

       

       

       

      Göyə niyə dırmaşmısan?

      Molla Nəsrəddinin Teymurlənglə ilk görüşü haqda bu hadisəni danışırlar:

      Teymur Mollanı saraya çağırtdırır. Molla içəri girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:

      - Salam əleyküm, ya Tanrı!

      Teymur deyir:

      - Mən Tanrı deyiləm, ay kişi! Mən...

      Molla onun sözünü ağzında qoyub deyir:

      - Qurban olum sənə, ya cənab Cəbrayıl!

      Teymur deyir:

      - A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?

      Molla deyir:

      - Başa düşmürəm. İndi ki, nə tanrısan, nə də mələk, düş, adam kimi otur adamların içində də, daha niyə göyə dırmaşmışsan?

      SƏSSİZLƏR MƏCLİSİ

      Bir zamanlar İranda alimlər və şairlər “səssizlər məclisi” adlı bir cəmiyyət qurmuşdular. Üzvlərinin sayı otuz nəfər idi və bu sayını heç artırmırdılar. Üzvlüyün ilk şərti çox düşünmək, az yazmaq və çox az danışmaq idi. O dövrün məşhur şair və alimi Molla Cami bu məclisə vurğun idi. Günlərin bir günü məclisin bir üzvünün öldüyünü eşitdikdə onun yerinə namizəd olmaq üçün alimlərin yanına gedir. Onu qarşılayan qapıçıya bir söz demədən adını bir kağıza yazaraq o an yığıncaqda olan məclis üzvlərinə göndərir. Məclis üzvləri bu təklifi eşitdikdə bir az kədərlənirlər.

      Molla Cami məclisə layiq bir insan idi, ancaq ölən üzvün yerinə başqa birini götürmüşdülər artıq.Yeni bir üzv üçün yer yox idi. Məclisin sədri bir camı ağzına qədər su ilə doldurduqdan sonra Molla Camiyə göndərir. Alim vəziyyəti başa düşür. Bir damla əlavə olsa su daşacaqdı.

      O da dərhal oradakı bir gül budağından kiçik bir yarpaq qoparıb nəzakətlə suyun üstünə qoyur və camı içəri göndərir. Bardaqdakı su daşmır. Məclisdəkilər bu nəzakətli cavabın mənasını başa düşürlər. Məclis üzvləri bu dəyərli alimi də məclisə qəbul etməyə qərar verirlər. Sədr siyahıya Molla Caminin adını əlavə edir. Otuz rəqəminin qarşısına “sıfır” qoyaraq 300 yazır. Bununla da Molla Cami sayəsində məclisin dəyərinin on misli artdığına işarə edir. Bunu görən Molla Cami narahat olur.

      Sağdakı bir sıfırı silərək otuz rəqəminin sol tərəfinə qoyur. Yəni 030. Təvazökar alim beləliklə özünü solda sıfır sayır və bardaqdakı suyu daşdırmadığı kimi, o məclisin formasına da təsir etməyəcəyini demək istəyirdi.

      Sirr saxlamaq

      Sultan Səlim bir çox Osmanlı padşahı kimi səfərə çıxacağı yerləri gizli saxlayarmış.Bir səfər əsnasında vəzirlərindən biri israrla səfərin ediləcəyi ölkəni soruşduqda Sultan ondan:

      - Sən sirr saxlaya bilirsənmi? -deyə soruşur. Vəzir:

      - Bəli hökmdarım, bilirəm! dedikdə, Sultan bu cavabı verir:

      - Mən də bilirəm!

      Uşağın ağlı

      Bir gün Sultan Mahmud yolda gördüyü  uşağa bir dənə qızıl verir. Uşağın qızılı götürməməsini görən Sultan böyük bir maraqla səbəbini soruşur: Uşaq belə cavab verir: “Sultanım! Anam və atam bu qızılı əlimdə görsə, onu oğurlamısan deyərək mənə çox hirslənərlər”. Sultan Mahmud: “O zaman çıxış yolu var!” deyə yol göstərir “Bunu mənə padşah verdi!” deyərsən. Uşaq: “Belə desəm o zaman heç inanmazlar” deyə hazırcavablıqla deyir: “Əgər padşah versəydi, bu qədər az verməzdi” deyərlər. Sultan Mahmud uşağın  bu qeyri-adi ağlını bir kisə qızılla mükafatlandırır.

      • Hits: 698 clicks

      Tecox component by www.teglo.info