Qəlbi Təmiz Saxlaya Bilmək / Aqil Əliyev

      Share

      Qəlb, ürək və bunlarla əlaqəli sözlər Qurani-Kərimdə təxminən 170 yerdə zikr olunur. Bu ayələri  oxuduqca fikirləşirsən ki, görəsən hansı səbəbə görə Rəbbimiz qəlb sözünün üstündə bu qədər durmuş, nəzərlərimizi,

       idrakımızı və təfəkkürümüzü onun üzərində toplamışdır? Nə üçün insan vücudundakı ət parçası  bu qədər  əhəmiyyətlidir?

      Qəlb insan vücudunda bütün mənfi və müsbət təmayülləri  özündə toplayan yeganə orqandır. Eyni zamanda vücudumuzun mərkəzində yerləşib, savaşı idarə edən bir komandir kimi insanın davranışlarını idarə etməkdədir. İnsandan təzahür edən davranışlar, onun qəlbinin nə vəziyyətdə olduğundan xəbər verməkdədir. Əgər ondan müsbət davranışlardan sayılan ədəb, həya, təqva, mərhəmət duyğusu, başqalarının dərdi ilə dərdlənmək, zahidlik kimi ülvi hisslər zühur edirsə, bu, o insnın qəlbinin incəliyindən; bunun əksinə, ehtiras, tamah, paxıllıq, qısqanclıq, eqoizm, həyasızlıq kimi süfli hisslər meydana gələrsə, bu da o insanın qəlbinin qatılığından xəbər verməkdədir. Qəlbi qatı olan insandan isə xeyirli və faydalı işlər gözləmək əbəsdir. Qurani-Kərimdə uca Rəbbimiz qəlbləri qatılaşmış insanlardan belə bəhs edir: “Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər...” (əl-Bəqərə, 74)

      Gördüyümüz kimi qəlbi qatı olan insanlar, içindən sular axan bir daşdan belə faydasız və dəyərsizdir. Qəlbin qatılaşmasına səbəb olan amil isə günahlar və mənfi vərdişlərdir. Sevimli Peyğəmbərimiz bir hədisində belə buyurur: “İnsanın qəlbi fitri olaraq təmiz və bəyazdır. İnsan hər hansı bir günahı işlədikdə qəlbinə qara bir ləkə düşər. Günahları çoxaldıqca da ləkələr çoxalar və nəticədə insanın qəlbi kömür kimi qapqara olar. Bu qəlbə artıq möhür vurular.”

      Demək ki, ən böyük xəstəlik qəlbdə olan qəflətdir. Qəlbi bu xəstəliklərdən təmizləyib, ülvi duyğuları hiss edəcək səviyyəyə gətirmək lazimdir. Qəlblər Allahdan qafil qaldığı vaxt günahlar işlənir. Hər an Allahı zikr edən bir qul bu vəziyyətdə günaha meyl etməz. Yenə başqa bir hədisdə belə buyurulur: “Şübhəsiz insan bədənində bir ət parçası vardır. Əgər o islah olsa bütün bədən islah olar, yox əgər o fəsad olarsa bütün bədən də fəsad olar. Diqqətli olun, bu ət parçası qəlbdir.”

      Bu o demək deyil ki, insanı idarə edən  sadəcə onun qəlbi və hissləridir. İnsanın davranışlarında ağlın da rolu böyükdür. Amma insanın qəlbi kamilləşməmişsə, ağlı onu çaşdıra və doğru yoldan azdıra bilər. İnsan  davranışlarında təkcə ağıl və ya qəlb kifayət etmir. İkisi də insanın davranışlarını tənzimləyən ünsürdür. Bir müsəlmanın ağlı  da, qəlbi də bir olmalıdır. Hər ikisi iman etməli və hər ikisindən faydalı işlər təzahür etməlidir.

      Eyni zamanda qiyamət günü bizə faydası dəyəcək yeganə orqan qəlbimizdir. Bu haqda Qurani-Kərimdə belə buyurulur; “O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” (əş-Şüəra, 88-89)

      Demək, yaradılışdan etibarən bizə təmiz olaraq verilən qəlbimizi, Allahın dərgahına  tərtəmiz aparmalıyıq.

      Allahın verdiyi qəlbdən Onun istədiyi kimi istifadə etməyən insanları, Qurani-Kərim sərt şəkildə tənbeh edir, belələrinin heyvandan da aşağı səviyyədə olduğunu bildirir.

      “Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla  görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (əl-Əraf, 179)

      Bəli, vicdan və qəlb sahibi olab bir insan Allah təalaya yaxınlaşmağın yollarını axtarmalı, qəlbini, ağlını, təfəkkürünü və idrakını o uca yaradana təslim etməlidir. Bu zaman insan öz gerçək heysiyyətini qazanmış olar.

       

      Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən! (Ali-İmran, 8)

       

      • Hits: 1054 clicks

      Tecox component by www.teglo.info