Düşüncədə Modernləşmə Necə Başlayır? / Dr. Şəmsəddin KIRIŞ

      Share

      Sosial hadisə olan modernləşmə əsrimizdə müsəlman fərdlərin həyat tərzlərini dünya və axirətə yüklədikləri mənaya təsir etdiyini görürük. Bu gün müsəlman toplumu olmaqdan çox müsəlman fərd halına gəldik.

       Modernləşmə lüğətdə “müasir texnologiyaya, qanunlara, zövqə uyğun hala gəlmə” mənasına gəlsə də praktik olaraq müsəlmanların tətbiq olunacaq və xoşbəxtlik gətirəcək mədəniyyət iddialarından vaz keçmələri, öz mədəniyyətləri xaricində, maddi gücünü göstərmiş hakim mədəniyyəti və o mədəniyyətin yaşayış tərzini mənimsəmələri mənası daşıyır. Modernləşmə hər hansı bir şəkildə bizə təsir edir. Modernləşmə necə və nədən başlayır? Ruh dünyamız istəmədiyimiz nöqtələrə necə sürüklənir?

      Modernləşməni düşüncə və davranış planında modernləşmə kimi iki kateqoriyaya ayırmaq tamamən teoriyadır və bizim istəyimizlə bağlıdır. “Davranışlarımızda modernləşmənin izləri görülsə də düşüncələrimiz, inancımız dəyişməsin” -deyə bilmərik. Modernləşmə birbaşa düşüncəyə təsir edir. Düşüncədə modernləşmə asta-asta və biz fərqində olmadan gerçəkləşir. İlk gənclik çağlarında iman həyəcanını dərin yaşamış adamlar tanıyıram ki, hazırda inanc və duyğu baxımından fərqli mərtəbədədirlər.

      Müsəlmanın dünyaya baxış tərzi başqa olmalıdır. Dünya axirətin tarlasıdır, keçicidir. Dünya zövq-səfa yurdu deyil. Bir cəmiyyətdə islam “şəkl”ə hakim deyilsə müsəlman fərd ya bir camaata sığınır, özü ilə eyni inancı, duyğunu paylaşan müsəlmanlarla həyatın axışına qarşı dirənməyə çalışır, ya da yalnızlığı seçir. Yalnızlığı seçənlərin əksəriyyətlə düşüncədə modernləşdiyini müşahidə edirəm. Bir adamın islami savadı, əxlaqı, ibadət keçmişi onun zehni planda dəyişimə məruz qalmayacağı demək deyildir. Zehni dəyişim necə başlayır?

      Son iki əsrdə müsəlmanların yaşadığı məğlubiyyət halı müsəlmanların iç dünyalarında dərin izlər qoymuşdur. “onsuz da müsəlmanlar hər sahədə geri qalıb, zillət içindəyik” qəbilindən sözlərin bir təsbittən çox deyim halına gəlməsi düşüncədə modernləşməyə təkan verir. Öz-özümüzə “zillət içindəyikmi?” deyə sual verməliyik. Zillət insanın özünü necə hiss etməsi ilə əlaqəlidir. Özünüzü “əziz” hiss edirsinizsə, əzizsiniz. Küçədə gedərkən müsəlmanlığınızla nə qədər qürur duyursunuz? Fiziki yöndən geri qalsaq da yaxşı ki, müsəlmanam, çünki bu, mənim axirət zəmanətimdir deyə bilirikmi? Quran “inanırsınızsa üstünsünüz” (Ali-İmran, 139) deyir. “Həqiqi üstünlük Allahın, Rəsulunun və bütün müsəlmanlarındır” (Münafiqun, 8) deyir. Quran bizə Əshabi-kəhfi misal verir. Onlar da daxili dünyaları ilə yaşadıqları mühitin təzadını yaşadılar. Az olsalar da, əzilmiş olsalar da hər zaman müsəlman olmağın həzzini yaşadılar.  

      Daxildəki sevdanı görməmək və ona güvənməmək zamanla o sevdanı itirməyə səbəb olur. Özümüzün, daxilimizdəki inancın fərqində olmalıyıq. Jan Pol Sartr deyir ki: “İnsan sahib olduqlarının deyil, sahib ola biləcəklərinin toplamıdır.” Müsəlmanlar bu gün bəzi imkanlara sahib olmasalar da, bu bir əskiklik deyil. Axirətdə nail olacaqları nemətlər dünya nemətləri ilə müqayisə edilməyəcək qədər artıq və üstündür. Rəbbimizin axirətdə möminlər üçün hazırladığı imkanlara, özümüzə, imanımıza inanmaq gərək.  

      İslamın həyata hakim olmamasının səbəbini müsəlmanlarda görərkən, fərqində olmadan müsəlmanları sevməmək, modern görünüşlü insanları sevmək və modern həyata sevgi baş qaldırır. “Təsəttürsüz qadınlar daha nəzakətli olur” deyən, xanımı təsəttürlü müsəlmanlar məni narahat edir. Bəziləri elə-hey deyir: “Müsəlmanlar yalançıdır.” Sən yalandan nə qədər uzaq qala bilirsən? Yalana sövq edən bir həyatın içində deyilikmi? Sözlə də olmasa felən yalan danışmırıqmı? Ekonomik həyatda faizdən uzaq qala bilirikmi? Ağzımızla yalan danışmasaq da feli olaraq minlərlə yalanın içində deyilikmi?

      Düşüncədə modernləşmə öz ayıb və qüsurlarını görməyib islami dəyərlərin hakim olmadığı toplumda yaşamağa çalışan digər müsəlmanları tənqid etmə, kiçik görməklə başlayır. Başlanğıcda bunu edən adam xoş niyyətlə və müsəlmanların ümumi halına acıyaraq edir. Zamanla ortaq zəminini düşüncə planında itirməyə başlayır. Sonra müsəlmanları kiçik görmə, xor görməyə çevrilir. Müsəlmanları səviyyəsiz görmə zaman keçdikcə modern həyatı yaşayan insanları daha səviyyəli, daha tutarlı görməyə aparır. Müsəlmanlar insafsızca tənqid olunduğu halda felən modernləşmiş fərdlərin qüsurları heç görünmür.

      Bizdən kənardakılar çoxmu xoşbəxt? Ürəkləri çox rahatmı sanki? Onların da minlərlə müşkülü var. Modernləşmə bu cəmiyyətdə müvəffəq olmağı bacardı, istədiyi tərzdə yaşayan insanlar çoxaldı. Amma baxaq görək onlara xoşbəxtlik verə bildimi?

      Modernləşmə insanı mənəvi olaraq doydurmadığı kimi, işsizlik, gəlirlərin paylaşımındakı ədalətsizlik kimi maddi problemləri də həll edə bilməmişdir. İnsanlara sabit xoşbəxtlik verə bilməmişdir. Müsəlman ilk növbədə özünə inanmalıdır. Dünyanı nəticə olaraq görməməlidir. Dünya aqibət yurdu deyil, imtahan davam edir, son gülənin gülməsi və sevinci tam olacaqdır. Allahın vədi gerçəkləşəcəkdir. Allahın vəd etdiyi gözəlliklərə layiq bir həyat yaşamaq dik yoxuşa dırmanmaq kimi çətindir. Səbir, dözüm və sevda gərək.

      • Hits: 828 clicks

      Tecox component by www.teglo.info