Izini Götər, Kim Olduğunu Deyim / Adəm ŞAHİN

      Share

      Qurani-Kərimdə qəlblə bağlı olan bəzi qavramların lüğətçiləri, təfsirçıləri, təsəvvüf əhlini və filosofları hər zaman məşğul etdiyi və buna görə də fərqli yorumların ortaya çıxdığı məlumdur.

       Bu qavramlar haqqında deyilənlərə qısaca nəzər salaq. Haqqında bəhs edəcəyimiz qavramlar bunlardır: Sadr, fuad, ağıl və nəfs.

      1. Sadr

      Qurani-Kərimdə qırx dörd yerdə keçən “sadr” kəlməsi ərəb dilində “sadəra” felinin məsdəridir. Sadr bir şeyin ən yuxarı tərəfi və ya ən üst qismi, bir bölümü, insanın yönəldiyi tərəf, boyundan qarın boşluğuna qədər olan vücudun ön qismi mənalarına gəldiyi kimi, rəis və komandir mənasında da işlədilir. Dilimizdə sinə, köks və bağır olaraq işlənir.

      Sadr kəlməsi qəlbi də içinə aldığı üçün və ya qəlbin sadrın bir hissəsi olması səbəbilə bəzən qəlb mənasında da işlədilir.

      Qurani-Kərimdə keçən qəlb qavramının ağıl və elm, sadr kəlməsinin isə bununla birlikdə şəhvət, qəzəb və nəfsani arzular mənasına gəldiyini deyənlər də var.

      Sadr kəlməsi Qurani-Kərimdə ümumiyyətlə bu mövzularda işlədilmişdir:

      a) Allah təalanın kökslərdə olanı bilməsini ifadə edən ayələr:

      “Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə (sadrlarda) olanları (qəlblərin sirrini) biləndir!” (əl-Maidə, 5/7)

      “Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin (sadrlarının) gizli saxladığı və özlərinin aşkar etdikləri hər şeyi (qəlblərin sirlərini və açıq-aşkar əməllərini) bilir.” (ən-Nəml, 27/74)

      Sadr kəlməsinin Qurani-Kərimdə ən çox işlədildiyi sahə bu olmuşdur.

      b) Sadrın açılması və daralması ilə bağlı ayələr:

      “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü (sadrını) islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar.” (əl-Ənam, 6/125)

      “Məgər Allahın köksünü (sadrını) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?!” (əz-Zumər, 39/22)

      Sadr kəlməsinin bu mənada işlədildiyi yer ilə bağlı digər ayələr də var.

      c) Sadrın şəfa tapmasını ifadə edən ayələr:

      “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə (sadrlarda) olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!” (Yunus, 10/57)

      “Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini (sadrlarını) fərəhləndirsin.” (ət-Tövbə, 9/14)

      Sadr kəlməsi Qurani-Kərimdə yuxarıdakı mənalarda işlədildilən yerlərdən başqa “arzu və ehtiyac yeri”, “qəlblərin yerləşdiyi məkan”, “məlumatların qorunduğu yer”, “kin”, “təkəbbür”, “qorxu” və “vəsvəsələrin yerləşdiyi yer” kimi mövzularda da işlədilmişdir.

      2. Fuad

      Lüğətdə qəlb mənasına gələn “fuad”, ərəb dilində “f-ə-d” kökündən törəyən bir ismdir. Alışıb-yanmaq mənasındadır. Qəlbə bu adın verilməsi sevgi və acı kimi duyğular səbəbilə alışıb-yanmasına görədir. Bundan başqa onun qızardılmış ət rəngində olması da bu ismin verilməsinə səbəb olmuş ola bilər. Belə ki, atəşdə qızardılmış ət “fəid” olaraq vəsfləndirilir.

      Fuad kəlməsi Qurani-Kərimdə on altı yerdə zikr edilir. Quranda keçdiyi yerlərə görə “məsul tutulan”, “təsdiq və təkzib edən”, “meyil edən”, “cəazlandırıla bilən” və “haldan-hala çevrilə bilən” bir xüsusiyyətə sahibdir. Bu xüsusiyyətlərdən fuad kəlməsinin qəlb qavramı ilə sinonim olduğunu söyləyə bilərik.

      3. Əql/Ağıl

      Qurani-Kərimdə isim olaraq keçməyən, lakin fel olaraq qırx doqquz yerdə zikr edilən “əl-əql” lüğətdə axmaqlığın ziddi, elm və idrak mənasında işlədildiyi kimi, mane olmaq, əngəlləmək, uzaq tutmaq və bağlamaq mənalarında da işlədilir. Ağla bu adın verilməsində sahibini pisliklərdən çəkindirib təhlükələrdən uzaqlaşdırmasının təsiri vardır.

      Quranda ağla xitab edən ayələrin sayının yeddi yüz olduğunu deyənlər də var. Bir çox halda müşriklər düşünməmək və ağıllarını çalışdırmamaqla vəsfləndirilmişdir. Bir sıra ayələr azğın kimsələrin ağıllarını işlətməyən kimsələr olduğunu ifadə edir.

      Qurani-Kərimdə ağıl kəlməsinin işlədildiyi mənalara baxdıqda onun əsasən bu iki mənada işlədildiyini görürük:

      Birincisi: bir mənanı anlamaq, idrak etmək, təfəkkür və bilgi olaraq ehtiyac hiss edildiyi zaman onu xatırlamaq üçün yadda saxlamaq, haqq və batili, xeyir və şəri ayırd edə bilmək.

      İkincisi isə: birincisinin nəticələrinə əsasən nəfsi öz zərərinə və həlakına səbəb ola biləcək bayağı arzulardan uzaq tutmaq. Birincisinə “elmi ağıl”, ikincisinə də “iradi ağıl” deyilir.

      Aralarında bəzi fərqlər olsa da Quranda ağıl mənasına gələn başqa kəlmələr də işlədilmişdir. Bunlardan bəziləri aşağıdakılardır:

      a) Helm

      b) Hicr

      c) Nuxa

      d) Lub

      4. Nəfs

      Qurani-Kərimdə təxminən üç yüz yerdə keçən “nəfs” kəlməsi cahilliyyət dövrünün ərəb şeirində daha çox “bir şeyin zatı” və “qan” mənasında işlədilmişdir. Bu kəlməyə ruh, can, qəlb, mənlik, bir şeyin həqiqəti, özəyi və bütünü kimi iyirmidən artıq məna verilmişdir.

      Qavramın “nəfs”, “ənfus”, və “nüfus” şəkilləri Quranda daha çox müxtəlif varlıqların özlərinə dəlalət edən əvəzlik olaraq işlədilmişdir. Bəqərə surəsinin 284-cü ayəsində olduğu kimi nəfs qavramının bəzən “qəlb” (əl-Əraf, 7/205; əl-Fəcr, 89/27), bəzən də “can” (əl-Ənam, 6/93) mənasında işlədildiyi ifadə edilmişdir. Kəlmə Quranda mütləq olaraq işlədildiyində isə əsasən insana dəlalət edən və dilimizə “şəxs” və ya “kimsə” olaraq tərcümə edə biləcəyimiz bir mənaya gəlməkdədir. Bəzən də Qurani-Kərimdə nəfs günaha təmayülün və dünyaya aid istəklərin mərkəzi olaraq göstərilir: Günha düşürən, batilə sövq edən odur. Arzu və istəklərə tabe olmaq və xəsislik kimi pis xüsusiyyətlərin əsasında onun funksiyası böyükdür. Ona görə də nəfsi nəzarətdə saxlamaq lazımdır.   

      • Hits: 723 clicks

      Tecox component by www.teglo.info