İman Həyəcani / Mübariz Elioglu

      Share

      İman həyəcanını bəxş edən Allaha itaət və ibadət mərifətinin insan qəlbinə birmənalı və qəti şəkildə məskən salması, bəşər övladını imanın zirvələrinə ucaldan əvəzsiz bir nemətdir.

       Bu nemətin zövqünü yaşamaq, onu itirmədən son nəfəsə kimi qorumaq, mahiyyətimizdə gizlənmiş mənfi və müsbət meyillərin hansı istiqamətə yönələcəyindən önəmli dərəcədə asılılıq təşkil etməkdədir.

      İnsanla Rəbbi arasında gerçəkləşən qulluq mərifətinin əsasları ilahi murad ilə Peyğəmbərlərə həvalə edildiyindən bu istiqamətdə Adəm övladlarının müraciət edəcəkləri ünvan heç bir şübhə yeri qoymamaqdadır. Əksinə Rəbbani mərifətin yer üzərində daşıyıcıları olan Peyğəmbərlər  və onların həqiqi varislərinin bərəkət dolu mənəvi irsindən üz çevirənlər isə öz fəlakətli aqibətlərinin mahiyyətinə belə varmadan sayılı günlərini bu fani aləmdə sürdürməkdədirlər.

      Nəzərdən qaçırmamalıyıq ki, imanla şərəflənənlərin dünyəvi təhlükələrlə əhatələnən həyat yolu öz ali məqsədlərinə qovuşmaq üçün verdikləri mücadilənin keyfiyyətindən asılıdır. Davud -əleyhissalam- la bağlı olan ibrət səhnəsi nəticə çıxarmaq üçün kifayət edəcək ölçüdədir.

      Allah təala Hz. Davuda belə vəhy etdi:

      “Ey Davud! Münafiqin Məni necə aldatmağa çalışdığını və Mənim də onu bu durumun içində necə çabalatdığımı görmürsənmi? Mənim üçün təsbeh çəkməkdə və dili ilə də təkrarlayıb durmaqdadır. Amma qəlbi Məndən çox uzaqdadır. Ey Ddavud! İsrail oğullarından ibarət topluluğa de ki, çiyinlərindəki günah yüklərini endirsinlər. Ardından da Mənə dua etsinlər ki, dualarını qəbul edim.”

      Mömin olmaq adının məsuliyyəti ilə yüklənərək insanların hidayət qaynağına çevrilən Həzrət Ömərin münafiqlik əndişəsi, bizlərə iman yolunun öncədən uğurlu sonluqla zəmanətlənmədiyini aydın şəkildə göstərməktədir. Kifayət qədər ağır və bir o qədər də gərgin olan imanı qoruma və onu istiqamət üzrə yönəltmək bacarığı, ilahi yardımla gerçəkləşən həssas məqamlardan biridir. Əhli-beytin və səhabeyi-kiramın gözlədikləri ədəb ölçüləri, ədəbiyyat yolçularının yolunu hər zaman aydınlatmaqdadır:

      “Bir qrup insan Həzrət Həsənin söhbətində iştirak edirdi. Həzrət Həsən onlardan:  “Hansı əməl daha fəzilətlidir?” -deyə soruşdu. Oturanların əksəriyyəti ən fəzilətli əməlin gecə namazı olduğu qənaətində idi. Bu əsnada iştirakçılardan biri” “ən fəzilətli əməl haramlardan qorunmaqdır.” -dedi.  Bu görüşün doğruluğuna diqqət çəkən Həzrət Həsən: “Əsas məsələ budur, əsas məsələ budur” -deyərək iman sərmayəsini əhəmiyyətli dərəcədə sarsıdacaq qüvvənin günahlara söykəndiyini ibrətamiz bir tərzdə açıqlamışdır.

        İmanı qoruma həyəcanının önəmli bir məşğuliyyət olduğunu ifadə edən Həsən Bəsri həzrətlərinin son dərəcədə həssas və təvazökar bir davranış mədəniyyəti ilə səsləndirdiyi könül sözləri qəlbləri öz təsir dairəsinə almaqdadır:

      “Xəcalət çəkmədən gülürük, amma düşünmürük ki, bəlkə də Allah (c.c) bizdə bəzi günahlar görmüş və “sənin heç bir əməlini qəbul etmirəm” demişdir. Bir gün ondan - sizi ağladan nədir - deyə soruşulduqda: “Qorxuram ki, sabah Allah məni cəhənnəmə atar və sonra da heç bir dəyər verməz.”

       Həzrət Ömərin silahdaşı olmuş Fudayl b. Zeyd belə buyurmuşdur:

      “İnsanlar” səni özünlə məşğul olmaqdan uzaqlaşdırmasın, çünki sabah hesab anında onlar yanında olmayacaqdır. Gündüzləri boş əməllə keçirmə, çünki hər söylədiyin qeydə alınmaqdadır. İşlənmiş olan keçmiş bir günah üçün işlənən yeni bir savabdan daha gözəl bir şey görmədim.

      Həzrət Əlinin sanki bugünkü insanlığın mahiyyətini vərəqləyən və onun bütün qüsurlarını göz önünə qoyan həyəcan dolu çağırışları bizləri qəflətimizdən çəkindirəcək ölçüdədir:

      “Ey insanlar! Sanki ölüm bizim deyil başqalarının yazısıdır. Sanki haqqa yaxınlaşmaq başqalarına fərzdir. Bizə elə gəlir ki cənazə mərasimlərini təşkil etdiyimiz ölülər, az bir müddət sonra yanımıza qayıdacaq yolçulardır. Qəbirlərini hazırlayıb, miraslarından da istifadə edirik, amma elə düşünürük ki, onlardan sonra biz əbədi qalacağıq. Əlbəttə ki, bütün ibrətləri unutduq və bütün bəlalardan əmin olma xəyalına qapıldıq.

       Uca Allahdan hər birimizə həqiqi bir iman həyəcanı arzulayaraq mövzumuzu Həzrət Məhəmməd (s.ə.s)-in mübarək duası ilə bitiririk:

      “Allahım! Həqiqətən mən nəfsimə çox zülm etdim, günahları bağışlayacaq olan yalnız Sənsən. Elə isə öz dərgahından olan bir əfv ilə məni bağışla. Mənə rəhm et çünki, Sən həqiqətən çox bağışlayan, çox mərhəmət edənsən.

      Amin!

      • Hits: 773 clicks

      Tecox component by www.teglo.info