Qorxu ilə Ümid Arasında / Mübariz Əlioğlu

      Share

         Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq. Ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik.

       Onlar xeyirli işlər görməyə can atar, ümid və qorxu ilə (mərhəmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə qarşı dərin bir sayğı içində idilər.” (Əl-Ənbiya, 90)

        İnsanları və cinləri yalnız Özünə qulluq etsin deyə yaradan Uca Rəbbimizin onlar üzərindəki rəhmət və bərəkət təcəllilərini idrak etmək və onlarla layiq olduğu qiyməti vermək hər birimizin üzərinə düşən ən ümdə vəzifədir. Kainatın sərhədsiz düzəngahlarında seyr etdiyimiz möhtəşəm yaradılış nümunələrinin qüsursuz bir əqli qabiliyyətə malik olan Adəm övladlarının həyatında ilahi əmrlərə qarşı son dərəcə həssas bir bağlılığın meydana gəlməsinə səbəb olacağı şübhəsizdir. “Mən sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!” ( Əl-Ənbiya, 92) –buyuran Uca Allahın mərhəmətinə ümid bəsləyərək və əzabından da eyni ölçüdə qorxaraq Ona ən gözəl şəkildə ibadət etməyin fəzilətini Rəsulullahın mübarək həyat təcrübəsindən anlamaq mümkündür: “Rəsulullah ölmək üzrə olan bir dəliqanlının yanına girdi və soruşdu:

      -         Halın necədir? Hansı hisslər keçirirsən?

      Dəliqanlı:

      -                    Ey Allahın Rəsulu! Günahlarımdan qorxduğum halda Allahın Rəhmətinə də ümidim var –dedikdə Allahın Rəsulu (s.ə.s) belə buyurdu: Belə bir durumda olan möminin qəlbində iki şey bir araya gəlirsə Allah mütləq ona umduğunu verərək qorxduğundan da əmin edər. (Tirmizi)

      Ümid və qorxunun bir-birini tamamlayan və insanın mənəvi tərəqqisi üçün son dərəcədə vacib olan hisslər olduğunu hədisin mətnindən də seçmək mümkündür. Gündəlik həyatımızda cərəyan edən bir çox hadisələrin axarında ümid və qorxunun iç-içə yaşandığı anlarda insan xarakterinin qələbəyə yaxın olduğunu müşahidə etmək olur.

         Möhtəşəm gəzinti gəmisi olan “ Kosta-Konkordiya”nın acı aqibəti yəqin ki, heç kimin yadından çıxmayıb. Sualtı qayalara ehtiyatsızlıq nəticəsində çırrpılan gəminin gövdəsinə, açılan iri dəliklərdən daxil olan su kütləsi, bütün xilas tədbirlərinə baxmayaraq şiddətli qorxu keçirən insanların gözləri önündə gəmini yanı üstə qoyaraq onu istismara yararsız vəziyyətə gətirmişdi. Qeyd edək ki, bütün gəmilərdə baş verən qəza hadisələri eyni süjet xətti ilə inkişaf edərək gəminin sağa və ya sola əyilməsi və daxili gərginliyin maksimim həddə çataraq onu batırması ilə nəticələnir. Bu qəzaların iştirakçısı olan insanların yaşadığı qorxu hissini sətirlərdə əks etdirmək həddən ziyadə çətin bir işdir. Gəmi qəzalarını analiz edən rus mütəxəssisi A.N Krılov qeyri-adi səslənəcək, lakin real şəraitdə gəminin, ən əsası insanları xilas edəcək ümidverici təkliflərlə çıxış etmişdir. Onun fikrincə əgər gəminin gövdəsində dəlik açılarsa və su böyük sürətlə gəmidaxili həcmlərə daxil olaraq onun sağa və ya sola əyilməsinə, sonda isə batmasına səbəb olursa onda gövdədə açılan qorxu dəliyini tarazlayacaq əks istiqamətdən ümid dəliyi açmaq lazımdır. Nəticədə sağdan və soldan və yaxud dəlik qabaqdandırsa arxadan açılan dəliklə su kütləsi eyni axın sürəti ilə gövdə içi həcmləri bərabər səviyyədə dolduracaq ki, bu da son nəticədə gəminin batmasını önləyəcəkdir. Gövdənin ilk dəliyə nəzərən simmetrik doldurulması nəticəsində gəminin suya oturma həddi maksimuma çatsa da bu onun təmir üçün qoşqularla tərsanəyə daşınmasına hec bir əngəl törətmir. Krılovun təklifini anlamsız qarşılayan ordu rəhbərliyi sonda onunla razılaşmaq məcburiyyətində qaldı. 1904-cü ildə yapon qüvvələrinin rusların Port Arturda yerləşən esdakadasına hücumu nəticəsində əks doldurma taktikasından istifadə edən rus qüvvələrinin heç bir gəmisini sıradan çıxarmaq mümkün olmadı. Əziz oxucular! İlk dəliyi şiddətli qorxu, həmən açılan əks dəliyi isə həqiqi ümid olan gəmi əhvalatları, ümid və qorxunun tarazlandığı real şəraitdə insanları necə xilas etdiyini göstərir. Əgər “Kosta Konkordiya” gəmisində qorxu dəliyinin əmələ gətirdiyi dözülməz vəziyyəti həmən əks tərəfdən açılacaq ümid dəliyi ilə tarazlamaq mümkün olsaydı 450 milyon avroya başa gələn gəmini və ən əsası insanları ölümün pəncəsindən xilas etmək olardı. Əbu Bəkr Vərraq bu incəliyi necə də gözəl anladır: “Qorxu və ümid insanların qəlblərinə Allahdan gələn bir fərəhlik və rahatlıqdır. Əgər ümid olmasa, onların ağılları başlarından çıxar və həlak olardılar.” Qorxu və ümidi insan mənliyində tarazlamaq həddən ziyadə çətin bir işdir. Musa əleyhissalamın həyat mücadiləsi qorxu və ümidin həqiqətinə işıq salan bir ibrət səhnəsidir: Fironun ordusu Musa əleyhissalamın və onunla birgə hərəkət edənlərin ardına düşərək onlara yetişməyə çalışırdı. Təbiidir ki, Firon çox böyük ümidlə özunun qalib olacağını zənn edirdi. Fironun ordusu ilə Musa əleyhissalamın adamları bir-birini gördükdə yəhudilər şiddətli qorxu hissinə yaxalandılar. Lakin həm Firondan, həm də yəhudi xalqından fərqli olaraq tam ümid və tam bir qorxu hissinin tarazlandığı mübarək qəlbi ilə Rəbbinə yönələn Musa əleyhissalam qələbənin yalnız və yalnız Haqqa yönələnlərdə olduğunu bəşəri təfəkkürə əminliklə yerləşdirdi: “(Musa) dedi: Xeyr Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir”. (əş-Şüəra, 62). Bu yönəlmənin nəticəsi olaraq: “Onda Musaya belə vəhy etdik: Əsanla dənizə vur (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə (Firon tayfası) suya qərq etdik. (əş-Şüəra, 63-65)

      Hz. Peyğəmbər bir hədisində belə buyurur:

         “Cəhənnəm kimi (başqa bir ağır əzab yurdunu) görmədim. Lakin buna rəğmən ondan qaçan yatmaqdadır. Cənnət kimi də (başqa bir möhtəşəm mükafat yurdunu) görmədim. Lakin onu arayan da yatmaqdadır.”(Tirmizi, 2601) Hədisin bəyanı bizə aşağıdakıları açıqlayır: Gerçək ümid və gerçək qorxu hissinin dünyəvi cazibəyə aldanaraq tərk edilməsi möminlərə yaraşan bir əxlaq deyil. Dünyadan keçən əbədi həyat yolumuzun hər bir anında Rəbbimizə yönəlməmiz hamımız üçün hava və su kimi gərəkli olan bir istəyə çevrilməlidir.

       

      • Hits: 819 clicks

      Tecox component by www.teglo.info