Peyğəmbər Sevgisi / Prof. Dr. M. Yaşar Kandemir

      Share

      Onu necə sevməli?

      Mömin olan kəs Peyğəmbərini candan da əziz tutmalıdır. Bunu Allah təala istəyir.

      Onu ata-anasından, övladından və bütün insanlardan daha çox sevməlidir.

      Həm Allahı, həm də Rəsulullahı kainatdakı hər şeydən daha çox sevmədikcə mömin adını almaq mümkün deyildir. Hz. Məhəmmədi sevməyi labüd qılan bir çox səbəb vardır; amma bunların üçü çox əhəmiyyətlidir:

      1. O, aləmlərə rəhmət olaraq göndərilmişdir.

      2. Allah təala onu ən üstün əxlaqa sahib qılmışdır.

      3. Onu özümüzə örnək götürməyi əmr etmişdir.

       

      Onun ümmətinə düşkünlüyü

      Hər Peyğəmbərin məqbul bir duası vardır. Bütün Peyğəmbərələr bu dualarını dünyada ikən etmişlər. Yalnız Sevimli Peyğəmbərimiz bu duasını qiyamət günündə ümmətinə şəfaət etmək üçün axirətə saxlamış və beləcə ümmətini nə qədər çox sevdiyini göstərmişdir.

      Çünki o, ümmətinə çox düşkündür;

      Möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir;

      Möminlərin sıxıntıya düşmələri ona ağır gəlir.

       

      Onu sevməyin faydaları

      Peyğəmbər sevgisi bir mömini cənnətə aparacaq böyük sərmayədir. Bu hadisə dediklərimizdən xəbər verir:

      Bir adam Peyğəmbərimzin yanına gələrək qiyamətin nə vaxt qopacağını öyrənmək istədi. Rəsulullah ona cavab vermək yerinə qiyamət üçün nə hazırladığını soruşdu. Adam, elə bir hazırlığı olmadığını, yalnız Allahı və Rəsulunu sevdiyini söylədi. Bu cavabdan sonra Peyğəmbər -səllallahu əleyhi və səlləm- ona:

      “Elə isə sən sevdiklərinlə bərabər olacaqsan” buyurdu. Əshabi-kiram bu müjdəyə həddən artıq sevindi.

       

      Onun yaxınlarını da sevməli

      Peyğəmbəri sevmək onun Əhli-beytini, yəni ev xalqını da sevməyi labüd qılır. Çünki Rəsuli-Əkrəm bizə iki əhəmiyyətli əmanət buraxdığını, bunlardan birinin Qurani-Kərim, digərinin Əhli-beyti olduğunu söylədi və Əhli-beytinə ehtiramla yanaşmağımızı istədi.

      Peyğəmərimizin Əhli-beyti onun xanımları və özündən sonra sədəqə almaları haram olan əqrəbasıdır.

      Bunlar əmisi Əbu Talibin uşaqları, Hz. Əlinin, Aqilin, Cəfərin və əmisi Abbasın ailəsidir.

       

      Sünnəsinə ehtiramla yanaşmalı

      Peyğəmbəri sevmək onun yolunu və sünnəsini izləməklə və onun kimi yaşamağa çalışmaqla mümkündür.

      Allahın Elçisi sünnəsini yenidən dirildib yaşatmağa çalışan kimsənin onu sevmiş olacağını, onu sevənin də cənnətdə Peyğəmbərlə birlikdə olacağını söyləmişdir.

      Peyğəmbərimizə dərin hörmət göstərməyi Allah təala əmr etməkdədir.

      Aşağıdakı misal bunu açıq göstərməkdədir:

      Bir gün Peyğəmbərimiz səhabəsi Səid bin Muallaya səslənmişdi. Səid o an namaz qıldığı üçün Rəsulullaha dərhal cavab verə bilməmiş, namazını bitirdikdən sonar Peyğəmbər (s.ə.s)-ın hüzuruna getmişdi.

      Rəsuli-Əkrəm ona səsləndiyi zaman nə üçün cavab vermədiyini soruşdu. Səid namazda olduğunu dedikdə, Allahın Rəsulu həm ona, həm də digər müsəlmanlara bu ayəni oxudu:

      “Həyat verəcək şeylərə sizi çağırdığı zaman Allaha və Rəsuluna tabe olun!”

      Demək ki, o səhabə namazda olsa da Rəsulullahın onu çağırdığını eşitdiyi an namazını pozmalı və ona cavab verməliydi.

       

       

      Peyğəmbərə salətu-salam gətirməli

      Peyğəmbərə ehtiram göstərən ona salətu-salam gətirməlidir. Aşağıdakı ayə bizə bu vəzifəmizi xatırladır:

      “Allah və mələkləri Peyğəmbərə salət edərlər. Ey möminlər! Siz də Ona salətu-salam gətirin.”

      Allahın Peyğəmbərə salət etməsi, ona mərhəmət etməsi, şan və şərəfini ucaltmasıdır.

      Mələklərin ona salət etməsi, “Allahım! Peyğəmbərini uca mərtəbələrə çatdır!” deyə niyaz etmələridir.

      Möminlərin ona salətu-salam gətirməsi isə, “Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd” deməsi və ya “Allahummə salli” duasını oxumasıdır.

      Əziz Peyğəmbərimizə bir salətu-salam gətirənin qazancı nə olar? Bunu Allahın Rəsulundan dinləyək:

      “Mənə salətu-salam gətirənə:

      Allah təala on dəfə rəhmət edər;

      on günahı bağışlanar;

      mənəvi mərtəbəsi on dərəcə yüksəldilər.”

      “Yanında adım çəkildiyi halda mənə salətu-salam gətirməyən kəs ən xəsis adamdır.”

       

      Əshabın ona ehtiramı

      Rəsuli-Əkrəmə ən böyük sevgini və ehtiramı Əshabi-kiram göstərmişdir.

      Onlar Allahın elçisini narahat etməmək üçün yanında alçaq səslə danışır;

      başlarının üstündə bir quş varmış kimi onu sükunətlə dinləyir;

      Allahın elçisi təraş olarkən saçının bir telinin belə, yerə düşməsinə razı olmazdılar.

      Daha sonra gələn nəsillər də eyni məhəbbət və hörməti davam etdirdilər.

      Abidə əs-Səlmani (ö. 72/691) tabiun nəslinin ən öndə gələn fəqih və mühəddislərindən biri idi. Peyğəmbərizin vəfatından iki il əvvəl müsəlman oldu, fəqət onu görmək səadətinə qovuşa bilmədi. Abidənin bu sözü ilk müsəlmanların ona duyduğu sevgini çox gözəl anladır:

      “Yanımda Rəsulullahın saçının bir telinin olması mənim üçün dünyanın bütün sərvətindən daha dəyərlidir.”

      Altınoluk Aprel 2008

      Tərcümə: Saleh Şirinov

       

      • Hits: 814 clicks

      Tecox component by www.teglo.info