Səqaleyn Hədisi İşiğinda Əhli Beyt Sevgisi / Rüfət Şirinov

      Share

      Əhli beyt sevgisi və mənsubları ilə əlqəli həm əhli sünnə, həm də əhli şiə qaynaqlarında bir çox rəvayət yer almaqdadır. Hər nə qədər bu fikirləri mənimsəyən alimlərin rəvayətlərə baxış tərzi

       və qəbul şərtləri fərqli olsa da bir çox ortaq rəvayətlə qarşılaşmaq mümkündür. Bu hədislərdən biri də “Səqaleyn” hədisidir. Biz bu yazımızda əhli beytlə əlaqədar mübahisələrə girmədən bu hədisi tanıtmağa çalışacağıq. Rəvayəti qeyd etməzdən əvvəl bu rəvayətin, əsas mənbələrin əksəriyyətində yer aldığını və bəzi fərqliliklərin olduğunu ifadə etmək istəyirik.

      Zeyd bin Ərkamdan rəvayət edilən hədisdə belə buyurulur: Yəzid bin Həyyan dedi ki, mən, Husayn bin Səbrə və Ömər bin Müslim Zeyd bin Ərkamın yanına getdik. Onun yanında oturarkən Husayn ona belə dedi.

      Ya Zeyd! Sən çox xeyirlərə nail oldun. Rəsulullah ilə görüşdün, onun hədisini dinlədin, onunla savaşlara qatıldın, onun arxasında namaz qıldın və bir çox xeyirlərə nail oldun . Ey Zeyd! Rəsulullahdan eşitdiklərini bizə rəvayət et.”

      Bunun üzərinə Zeyd: “Ey qardaşımın oğlu! Vallahi, yaşlandım, (ölüm) vaxtım da gəlib çatıb. Rəsulullahdan eşitdiklərimin bəzilərini unutdum. Buna görə də sizə söylədiklərimi qəbul edin, söyləmədiyim şeylərdən də məni məsul tutmayın” –dedi.

      Sonra sözlərinə belə davam etdi: “Günlərin birində Məkkə ilə Mədinə arasında Xum deyilən yerdəki suyun yanında Rəsulullah bizə xitab etmək üçün ayağa qalxdı. Allaha həmd edib bizə nəsihət etdikdən sonra belə dedi: Ey insanlar! Diqqət edin! Mən də bir insanam, Rəbbimin elçisinin (ölüm mələyi) gələcəyi və mənim də icabət edəcəyim vaxt yaxındır. Mən sizə səqaleyni buraxıram. Bunlardan ilki Allahın kitabıdır. Onda hidayət və nur var. Allahın kitabını alın və ona bərk sarılın.

      Beləcə, Həzrət Peyğəmbər Allahın kitabına sövq etti və könülləri ona rəğbətləndirdi. Sonra da belə dedi: “Və Əhli-beytim. Əhli-beytim mövzusunda sizə Allahı xatırladıram. Əhli-beytim mövzusunda sizə Allahı xatırladıram. Əhli-beytim mövzusunda sizə Allahı xatırladıram.”

      Bunun üzərinə Husayn Zeyddən “Peyğəmbərin Əhli-beyti kimdir? Ey Zeyd! Onun xanımları Əhli-beytdən deyillərimi?”-deyə soruşdu. Zeyd belə cavab verdi: “Peyğəmbərin xanımları da Əhli-beytdəndir, fəqət onun əsl Əhli-beyti, özündən sonra sədəqə haram qılınan kəslərdir.”   Husayn da: “onlar kimlərdir?”-deyə soruşdu. Zeyd: “Onlar, Əlinin (r.a) ailəsi, Aqilin ailəsi, Cəfərin ailəsi və Abbasın ailəsidir”-deyə cavab verdi. Husayn yenə soruşdu: “ Bunların hamısına sədəqə haram qılınanmışdırmı?” Zeyd də: “Bəli”- deyə cavab verdi. (Müslim, Fəzailus-səhabə 36)

      Bu, ən uzun şəkildə rəvayət edilmiş hədisdir. Hədis alimləri tərəfindən sənədindəki ravilər etimadlı qəbul edildiklərinə görə hədis səhihdir.

      Hədisdə keçən “iki ağır şey” mənasına gələn səqaleyn kəlməsi termin olaraq Allahın kitabı və Həzrət Peyğəmbərin Əhli-beyti, zürriyyəti, nəsli və ya (bəzi rəvayətlərdə) sünnəsi olaraq bəyan edilmişdir. Bunların səqaleyn olaraq adlandırılmasını alimlər belə açıqlayırlar:

      1.      Bu ikisinə də riayət etmək çox çətindir.

      2.   Hər ikisinin də dəyərinin ucadır.

                  Əhli beytin kimlər olduğu, Peyğəmbərin nəslindən gələn hər kəsin (alim olan və ya olmayan, inanan və ya inanmayan) buraya daxil olub olmadığı, mübahisə məsələsi olmuşdur. Hətta hədisdə də gördüyümüz bu mübahisələr və Əhli-beyt mənsubları haqqındaki qətiyyətsizlik səhabə dövründə də öz əksini tapmışdır.

      Bəzi alimlər Əhli-beytə sarılmaqdan məqsədin onlara məhəbbət, sevgi göstərmək, hörmət etmək, hüquqlarını mühafizə etmək, onların rəvayətləriylə əməl etmək, onların sözlərinə etimad etmək olduğunu ifadə edir.

      Əli əl-Qariyə görə Əhli-beyt Həzrət Peyğəmbərin nəslindən elm əhli olub Peyğəmbərin sirətinə itaət edən, onun yoluna uyğun hərəkət edənlər, onun hökm və hikmətini  bilənlərdir. (Mirqat məfatih V, 600)

      Nəticə olaraq rahatlıqla ifadə edə bilərik ki, Quran və Əhli-beyt sevgisi, onlara etimad etmə, sevmə məsələsinin qaynaqlarda yer alması işin önəmini əks edir. Bizim borcumuz Əhli-beyt mənsublarının Həzrət Peyğəmbərin ailəsi və nəsli olduğuna inanıb qəbul etmək, hansı mühitdə olursa olsun onlara hörmət ve sevgidə qüsur etməməkdir. Əhli-beyt sevgisinin ayırıcı deyil, toplayıcılıq təməli üzərinə bina edildiyini anlamaq lazımsız və boş mübahisələrin qarşısını alacaqadır. Ümidvaram ki, sevgi bizi birləşdirəcək və tək yumruq olmağımızı təmin edəcəkdir.

      • Hits: 994 clicks

      Tecox component by www.teglo.info