Uludağ Universiteti İlahiyyat fakültəsi təsəvvüf kafedrasının dekanı Prof. Dr. Mustafa Kara ilə reportaj

      Share

      İrfan: Möhtərəm Mustafa bəy, ilk növbədə bir az özünüz haqda məlumat verərdiniz mümkünsə!

      Mustafa Kara:

      1951-ci ildə Rizədə dünyaya göz açmışam. İbtidai sinfi və hafizliyimi orada bitirmişəm. 1970-ci ildə İstanbul İmam Xətib məktəbindən, 1974-cü ildə Kayseri İslam Akademiyasından məzun oldum. Şebinkarahisar və İspir liseyində müəllimlik etdim.

      1977-ci ildə Bursa İslam Akademiyasında təsəvvüf tarixi assistenti olaraq işə başladım. 1983-cü ildə “İbn Teymiyyəyə görə İbn Arabi” adlı elmi işimi müdafiə edərək doktor oldum. 1989-cu ildə dossient, 1994-cü ildə professor oldum. İndiyə qədər Uludağ Universitetinin İlahiyyat fakültəsində təsəvvüf kafedrasının dekanıyam. İxtisasımla bağlı təlif, tərcümə əsərlərim çap olunmuşdur. Dörd övladım, dörd nəvəm var.

        

      İrfan:

      Xoca Əhməd Yəsəvi ilə bağlı keçirilən simpozium münasibətilə Azərbaycana gəlmisiniz. Xoca Əhməd Yəsəvini qısaca olaraq necə anlamalıyıq? Yəsəvi yaşadığı həyat tərzi və xidmətləri ilə bizə nə söyləyir?

      Mustafa Kara:

      Əhməd Yəsəvinin məndə oyatdığı ilk təəssürat türklərin ən qədim piri olmasıdır. X əsrdə islamla tanış olan türklərin könlünü aydınladan mənəviyyat böyüklərinin ən əski və ən məşhuru Əhməd Yəsəvidir. Türklər onun söhbət və hikmətlərinin işığı altında Allahı, Rəsulullahı və insanı tanımışlar. Qısaca olaraq deyə bilərik ki, “imanın dadı” deyilən nemətə qovuşmuşlar. Onun xidmətləri olmasaydı babalarımızın islamla aydınlanması daha uzun illər çəkəcəkdi. Onun hikmət və söhbətlərinin ən əsas xüsusiyyətlərindən biri “tədricilik”dir. Yəni insanlara dini əsasları yavaş-yavaş və onların anlama səviyyələrini diqqətə alaraq anlatmaq. Çünki insanlar daha öncə bağlandıqları dini anlayış və alışqanlıqları birdən tərk edə bilmirdilər. Dolayısıyla mürşidlərin səbirli və mülayim olmaları gərəkli idi. Əhməd Yəsəvi həzrətləri də bu xüsusu nəzərə almış və ona görə hərəkət etmişdir. Beləliklə də babalarımızın qəlbini fəth etmişdir. Qəlblərini “kir” və “pas”lardan təmizlədikdən sonra orada din, iman və əxlaq toxumları əkmişdir. Bu toxumları ixlasla əkdiyi üçün min ilə yaxındır cücərib boy atmaqda və bərəkətlə öz bəhrəsini verməkdədir. Buna görə də, bütün əngəllərə baxmayaraq “Məkkədə Məhəmməd, Türküstanda Əhməd” cümləsi heç bir vaxt unutdurula bilməmişdir. Çünki eşq ölməz, eşqlə atılan “imza”lar silinməz.

       

      İrfan: Təsəvvüfi həyat müasir insana çox uzaq görünür. Müasir həyatla təsəvvüfi həyatı sintez etmək sizcə nə qədər mümkündür?

      Mustafa Kara:

      Təsəvvüfi həyatın müasir insana uzaq görünməsi araya girən qalın və qara “pərdə”lər səbəbiylədir. Kapitalist və materialist dünya insanı lüzumsuz sahələrdə dolaşdırdığı üçün ruhunun ehtiyaclarını ciddiyə almamaqda, bütün diqqətini pul və maddəyə çəkərək onu heyrətə salmaqdadır. Bu çaşqınlıqdan qurtulmaq üçün insanın ruh və bədəninə birlikdə dəyər vermək lazımdır. Dinin təməl hədəfi ruhumuz olduğu kimi təsəvvüfün də əsas məqsədi ruhu tərbiyə etməkdir. İnsani dəyərləri mənimsəmək və inkişaf etdirmək üçün ruhi qabiliyyətlərimizi bir ustadın rəhbərliyi altında gözəlləşdirməliyik. Bunun da birinci şərti mənəvi dəyərlərə əhəmiyyət verməkdir. İman və ibadəti həyatın “vazkeçilməz” ünsürü olaraq görməkdir.

      Müasir insanla təsəvvüfün sintezi üçün insana “özünü tanıma” fürsəti verilməlidir. Çünki “özünü tanıyan Rəbbini tanıyar”. Bu “tanıma” üçün insanın özünə qayıtması, özünü tapması lazımdır. Başqa bir ifadə ilə insanın “qəflət yuxusu”ndan oyanması lazımdır. Təsəvvüfi həyatın birinci pilləsi ümumiyyətlə “tövbə” olaraq ifadə olunur. Bəzi təsəvvüfçülər isə tövbədən əvvəl bir pillənin də olduğunu qeyd edirlər. Yakaza, yəni oyanma. Bir növ qəflətdən silkinmə halı. Çünki yuxuda olan adam tövbə edə bilməz. Haqqa və həqiqətə yönələ bilməz. Doğru və gözəl olanı tapa bilməz. Əcdadımızın dualarını xatırlayıram: “Allah hər birimizi qəflət yuxusundan oyandırsın!” deyərdilər. 

       

      İrfan: Gün keçdikcə Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, Əhməd Yəsəvi, Yəhya Şirvani kimi mənəvi səmamızı nurlandıran böyük insanların yüzillər bundan əvvəl ifadə etdikləri düşüncələr daha da əhəmiyyət qazanır. Bu gün sözünü etdiyimiz bu insanları necə dəyərləndirməliyik?

      Mustafa Kara:

      Böyük şəxsiyyətlərə çox şey borcluyuq. Çünki onların yandırdığı məşəl hələ də yolumuzu nurlandırır. Onların nəzm və nəsr əsərləri hələ əlimizdə, evimizdə və könlümüzdədir. Onların xəbərdaredici tənbehləri öz aktuallığını itirmədən əldən-ələ, dildən-dilə, nəsildən-nəslə ötürülərək yaşadılmaqdadır. Onlar bizi canlı və diri tutmaqda, ruhumuza yeni pəncərələr açmaqdadır.

      Bu kamil insanları sadəcə anmaq deyil, anlamaq lazımdır. Çünki onları anlamaq özümüzü anlamaqdır. Onları tanımaq özümüzü tanımaqdır. Onların daxili zənginliyini könüllərimizə əks etdirə bilməzsək cansıxıcı bir “tamaşa” oynamaqdan başqa bir şey etməmiş olarıq. Bu təhlükəyə Mövlana Cəlaləddin Rumi səkkiz yüz il bundan əvvəl diqqət çəkmişdir: “Hər kəs məni özünə dost bildi. Fəqət içimdəki sirləri heç kim araşdırmadı.” Böyük insanların əsərlərini oxumağın, könül sultanlarının qəbirlərini ziyarət etməyin əsas məqsədi onların yaşadığı üstün əxlaqı yaşamaq olmalıdır. Əks təqdirdə öz-özümüzü aldatmış olarıq. Hazır sərmayəmizi zay etmiş olarıq. Onların əsərlərini tam anlaya bilmək üçün zehniyyətimizi “hazır” hala gətirməliyik. Niyyətimizi xalis tutmalıyıq. Əks təqdirdə “bazar”dan alver etmək mümkün olmaz.

       

      İrfan: İmam Rəbbaninin

      “Dər təriqi-nəqşibəndi lazım aməd çarı-tərk

      Tərki-dünya, tərki-uqba, tərki-həsti, tərki-tərk” beytində də ifadə edilən “tərk” müvazinəti necə qurulmalıdır?

      Mustafa Kara:

      Bu beyt təsəvvüfi yolçuluğun nəticədə Allahdan başqa hər şeydən vaz keçməyə dayandığından xəbər verir. Eyni zamanda yolçuluğun bir anda olmayacağına, bunun müəyyən mərhələlərlə mümkün olacağına işarə edilir. Bu yolda yürüşə çıxmanın birinci mərhələsi dünyanı tərk etməkdir. Bu ifadə heç bir iş görməmək, çalışmamaq mənasına gəlmir. Dünyadakı həyatın gərəyi olan işləri görmək, lakin əsas vəzifəmizi unutmamaq lazımdır. Mala, mülkə sahib olmaq, amma mal və mülkün bizə sahib olmaması deməkdir. Dünyanı tərk etməyin içində axirəti unutmamaq, hesab gününü yaddan çıxarmamaq da var. Əsas məqsədsə axirət deyil. Allahın rizasını, axirəti də yaradan Yaradıcının xoşnudluğunu qazanmaqdır. Bu yola girən Allah dostu ən sonda elə bir məqama yüksəlir ki, artıq orada “tərk etmək” sözünün özü artıq sayılır. “Tərk etmək” mövzusunu araşdırmaq özü yersiz görülür. Çünki o məqam qəlbi hüzur və kamalın zirvəsidir. Orada yalnız Fəcr surəsinin son ayələri duyulur: “Ey xatircəm olan insan oğlu, dön Rəbbinə! Sən Ondan razı, O da səndən razı.”  Bu halın ifadəsi dərviş Yunusa görə belədir:

      Ballar balını buldum

      Kovanım yağma olsun!

       

      İrfan: Müasir insan daima arayış içindədir, daima mənəvi bir susuzluq, xoşbəxt olma əndişəsi içindədir. Biz nəyi gözardı edirik ki, həqiqətə gedən yolları və əbədi xoşbəxtliyi tapa bilmirik?

      Mustafa Kara:

      Əsas məsələ bundan ibarətdir ki, müasir insanın əlinə verilən “yol xəritəsi” doğru deyildir. Beynəlxalq sərmayə öz kapitalını daha da artırmaq üçün bərbəzəkli xəritələrlə bizi aldatmaqdadır. Sanki bir ilğım kimi bizi arxasınca sürükləməkdədir. Yüyürə-yüyürə üstünə getdiyimiz yerin bir “ilğım” olduğunu bildikdən sonra “yeni model”lərlə bizi yeni bir ilğıma apararaq özümüzdən uzaqlaşdırmaqdadır. Nəticədə bir ilğımdan o birinə qaçan çaşqın bir insan vəziyyətinə düşməkdəyik. Bu gülünc vəziyyətdən xilas olmaq üçün hər şeydən əvvəl “reklam”ın öldürücü təsirindən xilas olmalıyıq. Çünki reklam ehtiyac olmayan şeyləri ehtiyac halına gətirən bir mexanizmdir.

      Təbii həyata baxdığımız zaman görəcəyik ki, dünyanı və təbiəti kirlətmədən yaşamaq mümkündür. İnsani həyata baxdığımız zaman görəcəyik ki, yeraltı və yerüstü sərvətləri hamımıza bəs edəcək qədər bol və zəngindir.

      Əsas xəstəliyimizin adı isə acgözlükdür. Allah bu həqiqəti Təkasur surəsinin ilk ayəsində qeyd edir. Acgözlük və israf bizi və içində yaşadığımız dünyanı “ölümə” sürükləyir. Başqa ifadə ilə desək, insan həm kirlənir, həm də kirlədir. Üstündə oturduğu budağı kəsir. Sərvət və şöhrət şəhvəti onu başqa vadilərə sürükləyir. Təzadlar içərisində boğulur. Bir tərəfdən ağır sənaye qurur, digər tərəfdən ekologiya deyir. Bir tərfədən silah fabrikləri qurur, digər tərəfdə sülhdən danışır.

       

      İrfan: Təsəvvüf bir həyat disiplinidir, yoxsa olması gərəkən həyatdır?

      Mustafa Kara:

      Yuxarıda dediyimiz kimi dinin hədəfi ruhumuzun və könlümüzün tərbiyəsidir. İslam dininin maddi həyatla bağlı qoymuş olduğu əsaslar da “kamil mömin” olmağın ünsürləri olaraq dəyərləndirilməlidir. Təsəvvüf insanı dediyimiz şəxslər bu mövzuda möminlərə yardım etməkdə, inkişaf etdirdikləri yol və üsullarla onlara işıq saçmaqdadırlar. “Təsəvvüf əxlaqdan ibarətdir” tərifi bu deyilənləri dəstkləməkdədir. Başqa cür ifadə edərsək. Təsəvvüvi təlim bir təcrübənin tətbiq olunmasıdır. Yəni daha əvvəl bu yolu qət etmiş olanların öz təcrübələri ilə başqalarına yardım etmələridir. Dini həyat başdan sona bir disiplindir. Zamanı düzgün dəyərləndirməkdir. Səhərin və gecənin haqqını verməkdir. Bilindiyi kimi təsəvvüfi təlim üç mövzuya diqqət çəkərək işə başlar: yemək, yatmaq, danışmaq. Yeyib-içməyimizə, istirahətimizə, əyləncəmizə və ağzımızdan çıxan sözlərə diqqət etmək… Əvvəlcə bədənimizin ehtiyaclarını nəzarət altına almaq, sonra ruhumuzun qanadlanıb uça bilməsinə zəmin hazırlamaq…

       

      İrfan: Bir müsəlman təsəvvüf olmadan islamı yaşaya bilməzmi?

      Mustafa Kara:

      Təbii ki, yaşaya bilər. Təsəvvüf bir vasitədir, məqsəd deyil. Məqsəd Allahın istədiyi kimi bir bəndə olmaqdır. Bunun qaydaları Qurani-Kərimdə və hədisi-şəriflərdə göstərilmişdir. Bu əsasları “bilən bir insan”ın rəhbərliyi ilə öyrənən mömin, ixlasla bunları yerinə yetirən müsəlman kamala çata bilər. Allahın sevdiyi və razı olduğu bir qul ola bilər.

      Kamil bir imana sahib ola bilmək üçün təsəvvüf yolu da seçilə bilər. Onun da özünə məxsus üsul və metodları var. Bunları bir mürşiddən öyrənmək lazımdır. Qısa olaraq ifadə etmək lazımdırsa təsəvvüfi yola girmək fərz də deyil, haram da. Yaradılışı və sahib olduğu mədəni vəziyyəti münasib olanlar bir mürşid axtararlar. Fikir və davranışlarıyla qəlbini fəth edən birini tapdıqda arzusunu dilə gətirərlər. Mürşid də münasib görərsə qəbul edər və birlikdə “yol”a çıxarlar. Əsas iş mürşidə bağlandıqdan sonra başlayır. “Böyük cihad”ın müvəffəqiyyətlə sona çatması üçün ciddi bir riyazət və mücadilə həyatı keçirmək lazımdır. Şərtlərinə riayət edilmədikdə bu döyüşdə məğlub olmağı da unutmamaq lazımdır.

      • Hits: 681 clicks

      Tecox component by www.teglo.info