Nəbilər sultanının son çiçəyi HZ. FATİMƏ / Mustafa ERİŞ

      Share

      Hz. Fatimə (r. a) Nəbilər sultanının son çiçəyi, Rəsulullah (s.ə.s)-in dünyada nəslini davam etdirən nur, qızlarının ən kiçiyi, cənnət xanımlarının incisi və baş tacı...

       Cənnət gəncləri Hz. Həsən və Hüseynin anası... Ümmətin xanımlarının seyyidəsi, Cənnət hurilərindən xanımlar xanımı olan bu iffətli qadın bisətdən təxminən bir il əvvəl Məkkədə doğulmuşdur. Peyğəmbərimiz ona Fatimə adını qoydu. Əbu Hüreyrənin rəvayət etdiyi bir hədisi-şərifdə "Onu sevənləri Uca Allah cəhənnəmdən uzaqlaşdıracağı üçün qızıma Fatimə adını qoydum" buyurduğu bildirilmişdir. Fatimə sözü "süddən kəsilmiş" deməkdir.

                  O, Zəhra və Bətül ləqəbləriylə tanınır. "Zəhra" ağappaq üzlü, ağ, parlaq və aydın üzlü", "Bətül" isə dünyəvi həvəslərdən uzaq, ibadət üçün özünü Allaha yönəldən, iffətli və namuslu qadın" deməkdir.

      Hz. Fatimənin uşaqlığı ilə bağlı rəvayətlər azdır. Hz. Fatimənin uşaqlığı atasının yanında  keçdiyi üçün atasına edilən əzab-əziyyətləri çox görmüş və İslam uğrunda çəkilən əziyyətlərə fədakarlıqla dözməyi hələ kiçik yaşlarından öyrənmişdi.

                  Hz. Fatimə elm, mülayimlik, ədəb, nəzakət və gözəl əxlaq kimi İslami tərbiyəni Peyğəmbər atasından və anaların sultanı Hz. Xədicədən aldı. Uşaqlığı qüreyşin zülm, təzyiq və məhrumiyyətləri içərisində keçdi. Hələ ömrünün baharını yaşayarkən anasını itirdi. Məkkədə müsəlmanlara edilən zülmün və əzabların artması nəticəsində atasına hicrət izni verildi. Beləliklə ailəsi ilə bərabər  uşaqlıq və gənclik illərini keçirdiyi Məkkeyi-Mükərrəməyə vida etdi. Hicrət edərək Mədineyi-Münəvvərəyə köçən müsəlmanlar hüzur içində yaşayırdı. Artıq Fatimə 16-17 yaşına  gəlmişdi. Artıq Peyğəmbər qızına elçilər gəlməyə başlamış, Hz. Məhəmməd isə gələnlərə "Fatimə haqqında Allah təalanın əmrini gözləyirəm" deyərək hər dəfə bu şəkildə "Xeyr" cavabını vemişdi. Nəhayət Hz. Əlinin evlənmək niyyəti ilə gəldiyini və Hz. Fatiməni istəməsini görən Peyğəmbər (s.ə.s)-in üzü gülmüş və " Ey Əli, Uca Allah özü Fatıməni sənə nikahlamışdır. Səndən əvvəl bir mələk gəlib məsələni mənə xəbər verdi" buyurmuş və hicrətin 2-ci ilində 400 misqal gümüş mehirlə onların nikahlarını kəsmişdir. Bununla onunüçün yeni həyat başladı. Nurlu bir ocaq, səmimi bir yuva quruldu . Bu yuvada "seyid" və "şərif" ünvanlarıyla bəxtiyar insanlar dünyaya gəldi. Seyidlər nəslinin qaynağı olan bu ailə məhəbbət və sevgi dolu bir yuva oldu. Gənclərə nümunə olan Hz. Həsən və Hz. Hüseyn məhz bu ailədə sevgi, şəfqət, mərhəmət, nəzakət kimi üstün əxlaqi keyfiyyətlərlə yetişdi. Enişli-yoxuşlu həyat yollarında başlarına gələn hər şeyə səbir və riza göstərərək ailə səadəti əldə etdilər. Hz. Fatimeyi-Zəhra əl dəyirmanında arpa üyüdüb çörək bişirər, yeməyini hazırlayar, evinin təmizliyinə diqqətlə fikir verərdi. Hətta dəyirman çevirməkdən ovuclarının içi qabar bağlamışdı. Amma qıtlıqdan, yoxsulluqdan heç vaxt şikayət etməmişdir. Peyğəmbər qızına layiq zahidanə bir həyat yaşamışdır. Peyğəmbərimizin şərəfli və nəcabətli nəsli Hz. Fatimə, Hz. Əli, Hz. Həsən və Hz.Hüseynlə davam etmişdir.

                  Fatimeyi-Zəhra (r.a) anamızın həyatı qiyamətə qədər gəlib keçən mömin xanımların dərs alacağı ibrətlərlə, əxlaqi keyfiyyətlərlə zəngindir. Onun ailə həyatı, ev işlərindəki məharəti, yoldaşına qarşı səmimi və sevgiylə dolu xidmətləri, qonşuluq münasibətləri, elm, irfan və infaqı zəmanə insanına gözəl ibrət dərsləri verməkdədir. Bu gözəl xislətləri səbəbi ilə Peyğəmbər (s.ə.s) onu çox sevər, hərəkət və davranışlarında da qızına bəslədiyi sevgisini açıqca bildirərdi. Hz. Aişənin (r.a) bildirdiyinə görə surət və şəmail, hal və hərəkət yönündən Peyğəmbərə bənzəyən və onun ən çox sevdiyi insan Hz. Fatimə idi. O, həm də bu yönü ilə "Binti Əbihə" yəni "Atasının qızı" adını almışdır. Fatimə yanına gəldikdə Rəsulullah ayağa qalxar, onu özü oturduğu yerdə oturdardı. Onu daima gülərüzlə qarşılardı. Bir səfərə gedəndə və ya səfərdən qayıdanda əvvəlcə məscidə girər, 2 rükət namaz qılar, sonra da sevimli qızının evinə baş çəkər, halını-əhvalını soruşar, onunla bir müddət söhbət edərdi.

                  Hz. Fatimə (r.a) vəhyin beşiyi sevimli atasının nəsihətlərindən, söhbətlərindən çox istifadə etdi. Rəsulullahın tərbiyəsində və himayəsində böyüdüyü üçün onun feyzi ilə könlünü doldurdu. Elm, ədəb, həya kimi üstün əxlaqi xüsusiyyətlərlə özünü yetişdirdi.

      Rəhmət Peyğəmbərinin vəfatından altı ay sonra Hz. Fatimə xəstələnib yatağa düşdü. Hicrətin on birinci ili Ramazan ayı idi. Halının ağırlaşdığını hiss edən Hz. Fatimə anam dediyi Ümmü Rafi ilə Hz. Əsma binti Ümeysdən dəstəmaz alması üçün kömək istədi. Sonra yalnız qalaraq Rəbbi ilə dua və niyaz halında ikən ruhunu təslim etdi.

       Allah bizə Hz. Fatimənin zahidanə həyatından, üstün əxlaqından hissələr ala bilməyi və hamımızı onun şəfaətinə nail etməsini niyaz edirik!

       

      • Hits: 684 clicks

      Tecox component by www.teglo.info