155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Volterin Şərqə Qərəzli Baxışı Və Böhtanı

      Share

      Maarifçilik dövrü fransız ədəbiyyatının çox məşhur ədiblərindən biri, 84 il ömür sürən Mari Fransua Arue Volter (1694-1778) müqəddəs kitabımız Quranı:

       “... hüquqşünaslığın sistemə salınmış qanunlar külliyatı” adlandırsa da “Fanatizm, yaxud Məhəmməd” əsəri ilə Şərq sivilizasiyasına qarşıdurma mövqeyində dayanmışdır.

      “... Təkbaşına bu nəhəng, dəhşətli dünyaya, istismarçı, narahat cəmiyyətə müharibə elan edib döyüşməyi qərara alan” Volter yazıçı təxəyyülü ilə istinad etdiyi həqiqətlərə yalan, böhtan libası geyindirmişdir. Buna nə dərəcədə inanmaq olar? Mənim aləmimdə Volterin Peyğəmbərimizin adı ilə “Fanatizm, yaxud Məhəmməd” sərlövhəli məşhur pyesinin (1741) səslənişində Şərq (müsəlman) dünyasına bir laqeydlik, yaxud istehza vardır. Bunu açıq-aydın görmək mümkündür. Mütəfəkkir bir yazarımızın “Fanatizm, yaxud İsa Peyğəmbər” adı altında əsər yazması özü adın qoyulmasında bunun istehza, rişxənd olduğunu ifadə edərdi.

      Ölümqabağı vəsiyyətində dini mərasim və keşiş olmadan dəfn olunmasını söyləyən Volter ömrü boyu həmin dövrdə fransız xalqının idarəçiliyində hakim qüvvəyə çevrilən kilsəyə, onun amansız, hiyləgər zülm və istismarına qarşı çıxmışdı. Bunu biz də inkar etmirik. Həqiqətə qara yaxmaq ən böyük günahdır.

      Əgər Volter doğrudan da üsyankar və vətənini sevən bir vətəndaş, qeyrətli yazıçı olsaydı, onda İslam dünyasının Peyğəmbərini “məsxərə” hədəfinə çevirməzdi. Sadəcə olaraq, birbaşa Fransanın katolik kilsəsinə etirazını bildirərdi. Bu, açıq-aydın şəkildə Şərq sivilizasiyasına, İslam tarixinə və mədəniyyətinə atılan böhtandır.

      İlk dəfə tamaşaya qoyulan faciənin ertəsi günü böyük partlayış oldu. Bu faciənin İslama deyil, xristianlığa qarşı hücum olduğu bilinmişdir. Heç bir pak, təmiz vicdanlı dünya vətəndaşı özünün, yaxud digər ölkələrin nə dininə, nə də onun peyğəmbərlərinə qarşıdurma mövqeyində olmağa can atmamalıdır. Bunu bizə müqəddəs Quran ayələrinin ümumi əxlaqi məntiqi təlqin edir. Amma bir çox alimlər Volterin belə bir vasitəyə əl atmaq məcburiyyətində qaldığını göstərirlər.

      Volterin “Fanatizm, yaxud Məhəmməd” əsərinin bir nüsxəsini dünya xristianlığının atası- Papa XIV Benediktə hədiyyə göndərdiyi də tarixi həqiqətdir. Papanın bu əsəri böyük maraqla oxuyub onun müəllifini öz portreti həkk olunmuş qızıl medalla təltif etdiyi isə ədəbiyyat adamlarına yaxşı məlumdur.

      Lakin dramaturq bu əsəri yazmağının əsas səbəbini onda “insana məhəbbət və fanatizmə nifrət”lə bağlı olduğunu bəyan etmişdir. Onun əsərinin əsas süjet xətti haqqında aşağıdakı məktubundan bir parça aydın fikir yaradır:

      “Fanatizmin (yaxud Məhəmməd peyğəmbərin) təsiri altına düşmüş bir gənc, onu həddən çox sevən atasını qanına qəltan edir və bununla Allaha xidmət göstərdiyini düşünür. Lakin qatil olduğu onun heç yadına düşmür. Bu cinayəti törətməyə isə onu kinli və yalançı bir adam (Məhəmməd Peyğəmbər) göndərir və mükafat olaraq ona sonsuz məhəbbət vəd edir.”

      Bu böhtan və təfriqə məramlı söz də, əsərin özü də fransız dramaturqunun Qərbi Avropaya yox, İslama ünvanlanmış qərəzçiliyini və nifrətini ifadə edir.

      Qərbi Avropa mədəniyyəti və ədəbiyyatı tarixində Volterin qələmə aldığı “Fanatizm, yaxud Məhəmməd” faciəsi əslində Şərq (İslam) dünyasına və birbaşa müqəddəs Peyğəmbərimizə qarşı başlanan ilk mənəvi səlib yürüşüdür. Və indiki dövrümüzdə həmin ilk sistemli və qərəzli yürüş Qərb ölkələrində, xüsusiylə Danimarkada və Hollandiyada davam etdirilir. Çox dəyərli alimimiz, fransız mədəniyyətinin və ədəbiyyatının dərin bilicisi professor Qorxmaz Həsioğlu ilə söhbətlərimdə fikrimin təsdiqini tapdım. Təbii ki, Volter bütün həyatı, yaradıcılığı ilə Allahsız olmuşdur. Bir tərəfdən isə onun xristianlıq adından İslamın mənəvi dünyasına, Məhəmməd Peyğəmbərin nurlu, xeyirxah həyat yoluna və əməllərinə qarşı kinli, qərəzli mövqeyi nəinki əsərin adı, eləcə də faciəsinin məzmun-mündəricəsində aydın bədii ifadəsini tapmışdır. İngilis ədəbiyyatının “dan ulduzu” kimi dəyərləndirilən Allahsız Kristafor Marlo (1564-1593) kimi fransız yazıçısının mövqeyi, mənəviyyatsızlığı indi ədəbiyyat tarixinin səhifələrində qara ləkə kimi qalır. Və bu ləkə tariximizin səhifələrində gələcək nəsillərə Volterin qərəzli sözü və özü barədə bu fikirləri bir daha yada salacaqdır.       

      • Hits: 805 clicks

      Tecox component by www.teglo.info