Allah Tövbə Edənləri Çox Sevir / Aqil Əliyev

      Share

      Tövbə, günahkar bəndənin öz günahını etiraf etməsi, peşmanlıq duyması və bu günahının bağışlanması üçün rəhməti bol olan, tövbəkar bəndəsini cox sevən, kərəm sahibi Allah təalaya yalvarıb yaxarmasıdır.

      İnsan günah etməyə meyilli, öz nəfsinin istək və arzularına uymada zəif yaradılmış bir məxluqdur. Bu həqiqəti Uca Rəbbimiz belə xəbər verir: “...Şübhəsiz insan (nəfsani, şəhəvi istəklərə qarşı çıxmaq baxımından) zəif yaradılmışdır.” (ən-Nisa, 28) Bu ayədən əvvəlki ayənin də tövbəylə bağlı olması çox düşündürücüdür.  “Allah sizin tövbənizi qəbul etmək istəyir.” (ən-Nisa; 27)

      İnsan günahlara meyilli, nəfsinə, düşkün olmasına baxmayaraq, hər hansı bir günahı işlədikdən sonra günahını başa düşüb, tövbə edib yoluna qayıdarsa, Uca Allah onu bağışlayar və mənən təmizləyər. Bunun ilk misalını atamız Adəm (ə.s)-da görürük. Şeytana aldanıb günah işədiyi zaman “Ey Rəbbimiz, şübhəsiz biz, bu günahı etməklə özümüzə zülm etdik sən bizi bagışlamasan, mərhəmət etməsən heç şübhə yoxdur ki, o zaman biz özünə zülm edənlərdən olarıq.” deyərək, günahını anlamış və Allaha yalvarıb tövbə etmişdi. Allah da onu bağışlamış və üstün nemətlərlə, peyğəmbərliklə şərəfləndirmişdi. Şeytanı isə bunun əksinə Allahın əmrindən çıxmaqla yanaşı, tövbə etməyib təkəbbür göstərdiyi üçün lənətləmiş və öz dərgahından əbədiyyən uzaqlaşdırmışdı.

      Allah təala hər xüsusda olduğu kimi günahları bağışlamada da lütfkar və comərddir. Rəsulullah (s.ə.s) buyurur:

      “ Hər-hansı birinizin tövbə etməsindən dolayı Allah təalanın hiss etdiyi sevinc, ucsuz-bucaqsız bir səhrada gedərkən, belində azuqəsi ilə birlikdə dəvəsini itirən, arayıb-axtarmaları bir nəticə verməyincə dəvəsini tapmaqdan ümidini tamamilə kəsib, bir ağacın kölgəsində uzanıb yatan və bu vaxt dəvəsinin yanına gəldiyini görərək, boğazının ipindən bərk-bərk yapışaraq, hiss etdiyi bu böyük sevincdən nə dediyini bilməyərək; -Allahım! Sən mənim qulumsan; mən də sənin rəbbinəm, deyən adamın sevincindən daha böyükdür” (Müslim, Tövbə 7)

      İnsan hər hansı bir günah işlədiyi vaxt şeytanın əlinə düşər. Şeytanın əlinə düşən şəxs isə, çöldə dəvəsini itirən adam kimi həlak olmaq üzərədir. Fəqət Allah təalaya yönəlib tövbə və istiğfar etdiyi vaxt şeytanın əlindən xilas olur, Uca Rəbbimizin rəhmətini qazanır.

         Bizi yaradan Rəbbimiz bizə qarşı çox mərhəmətlidir. Bir çox ayə və hədislərdə bu gerçəyi müşahidə edirik. Allah təala tövbəkar qulunu çox sevir. “...Şübhəsiz Allah çox tövbə edənləri və çox təmizlənənləri sevər.” (əl-Bəqərə; 222)  Amma təəssüflər olsun ki, öz Rəbbinə qarşı nankor olan insanlar bu həqiqətlərə də göz yummaqdadırlar. Bu gün tövbə etməyi böyük və müşkül bir hadisə kimi görüb ondan sürətlə uzaqlaşan insanlar var. Belə şəxslərin çox vaxt dedikləri bir söz var: “Mən günah işləməməyə, haramlardan uzaq durmağa söz verərəm, amma tövbə etmərəm.” Bəziləri də: “Mənim o qədər günahım var ki, Allahın onları bağışlayacağına ümid etmirəm.” Əslində bunlar şeytanın vəsvəsələridir. Allah təala buyurur: "Kim tövbə edib yaxşı işlər görərsə, şübhəsiz o, tövbəsi qəbul edilmiş olarak Allaha dönər." (əl-Furqan; 71) Tövbə etməkdən qorxmaq lazım deyil. Əksinə hər gün tövbə edib, bütün qullarını rəhmət və şəfqətiylə qucaqlayan O Uca Yaradandan bağışlanmağımızı istəməliyik.

      Əgər bu gün bir daha günah işləməməyə söz veririksə, bu söz bu gündən sonra təmiz qalacagımız haqda verdiyimiz sözdür. Bəs arxamızda qoyduğumuz günah kirindən necə təmizlənəcəyik? Onları əməl dəftərimizdən necə siləcəyik? Bunun da tək yolu var. Tövbə edib Rəbbimizə yalvarmalı, keçmış günahlarımızı göz yaşlarımızla yuyub, peşmanlıq atəşiylə qurutmalıyıq.

      Peyğəmbərimiz bir hədisində günahından tövbə edib haqq yola qayıdanın, heç günah işləməmiş kimi olduğunu bizə xəbər verərək təsəlli etməkdədir. Bu, bizim üçün əvəzsiz nemətdir. Allahın bağışlamadığı tək bir günah vardır, o da özünə ortaq qoşmaqdır. Bunun xaricində nə günah varsa Allahu hamısını bağışlayandır. Onun rəhməti və şəfqəti çox böyükdür. “Rəbbinin əfvi çox genışdır” (ən-Nəcm; 32) ayəsi də bunu göstərir.

         İnsanın təmizlənməsinin yeganə çarəsi tövbə etməkdir. Çünki insan peyğəmbər deyilsə, mütləq günahı vardır. O günahdan təmizlənmək üçün Allahın mərhəmət qapısı olan tövbə qapısına getməlidir. Çünki Rəsulullah (s.ə.s)-in “Bütün Adəm övladı xətakardır. Amma xəta edənlərin xeyirliləri tövbə edənlərdir” buyurmuşdur. İmandan sonra ən böyük nemət tövbədir. Gəlin bu neməti haqqıyla dəyərləndirək və tövbələrimizlə Uca Rəbbimizə bir az daha yaxın olaq ki, bizi sevsin və cənnətinə qəbul etsin.

      • Hits: 1039 clicks

      Tecox component by www.teglo.info