Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Bank kartı ilə edilən alış-verişlərdə mağazaların təqdim etdiyi bonuslardan istifadə etmək olarmı?

      Cavab: Bank kartları ilə edilən alış-verişlərdə yığılan bonuslardan istifadə etmək sözügedən bonusları verən mağazanın və ya marketin qazancının dini baxımdan halal olub-olmamasına bağlıdır.

       Belə ki, qazancının əksər hissəsi halal olan market və mağazaların təqdim etdiyi hədiyyələr və yaxud bonuslardan istifadə etmək caizdir. Lakin qazancının əksər hissəsi haram olan market və mağazaların verdiyi hədiyyə və bonuslardan istifadə etmək caiz deyil. Bank kartları ilə edilən alış-verişlərdə hədiyyə və bonus məsələsində bank və mağazalar aralarındakı müqaviləyə əsasən bu fəaliyyətdə iştirak edirlər. Odur ki, bu kimi hallarda hədiyyə verənin qazancına görə hərəkət edilməlidir. Qazancının əksər hissəsini dinin qadağan etdiyi sahədən qazanan market və ya mağazaların təqdim etdiyi bonuslar məcburiyyət qarşısında əldə edilsə belə, onlardan faydalanmaq doğru deyil. Belə halda qazanılan məbləğ heç bir savab gözləmədən ehtiyac sahibi insanlar üçün sərf edilə bilər.

      Sual: Bankların maaş kartları üçün təqdim etdiyi bonuslardan istifadə etmək olarmı?

      Cavab: Bankların dövlət və ya özəl müəssisələrdə işləyənlərə həmin müəssisələr tərəfindən verilən maaşları özləri tərəfindən verməyə üstünlük vermələri müqabilində verdiyi bonuslar tamamilə faizə oxşamamaqla yanaşı, faiz şübhəsindən də tamamilə uzaq deyil. Odur ki, zəruri ehtiyaclarını təmin edənlər bunları özləri və baxmaqla məsul olduğu yaxınları üçün yox, ehtiyac sahibi yoxsullar üçün sərf etməlidirlər. Bundan əlavə, hal-hazırdakı banklar tamamilə faizli sistem əsasında fəaliyyət göstərdiyinə görə, onların əldə etdiyi qazanc da məhz bu yolla meydana gəlir və bundan istifadə etmək caiz deyil. Ancaq onlar tərəfindən verilən müxtəlif hədiyyələr məcburiyyət qarşısında götürülüb heç bir savab gözləmədən ehtiyac sahiblərinə verilə bilər.

       

      Sual: Bank kartı ilə qızılın satışı caizdirmi?

      Cavab: Qızıl, gümüş və valyutaların bir-biri ilə mübadiləsinə, yəni alqı-satqısına fiqh kitablarında “sərf əqdi” deyilir. Sərf əqdində mübadilə birmənalı olaraq nağd aparılmalıdır. Yəni bunların alqı-satqısı mütləq nağd edilməlidir. Əks təqdirdə, yəni əvəzlərdən hər hansı biri nisyə olarsa, bu mübadilə faizli alış-verişə çevrilər. Buna fiqh terminologiyasında faiz növlərindən biri olan “ribən-nəsiə” – nisyə faizi adı verilir. Odur ki, qızılın nisyə satılması heç bir halda caiz deyildir. Hətta nisyə ilə nağd qiyməti arasında heç bir fərq olmasa da, yenə də qızılın və valyutanın nisyə satışı caiz deyil. Bu məsələ ilə bağlı Həzrət Peyğəmbərin (s.ə.s) bir hədisi-şərifində belə buyurulur: “Qızıl müqabilində qızıl, gümüş müqabilində gümüş, buğda müqabilində buğda, arpa müqabilində arpa, xurma müqabilində xurma, duz müqabilində duz bir-biri ilə bərabər və nağd satılmalıdır. Əgər malların növləri dəyişərsə, nağd olmaq şərti ilə istədiyiniz kimi sata bilərsiniz”. (Buxari, “Büyu”, 74-82; Müslim, “Müsaqat”, 81)

      Bundan əlavə, qeyd edək ki, əgər müştəri satın alan zaman bank kartı ilə ödənilən məbləği həmin anda satıcının hesabına köçürərsə, edilən alış-veriş səhih olar və nisyə faizi meydana gəlməz. Əks təqdirdə yuxarıda qeyd edilən nağd şərtinə riayət edilmədiyi üçün, yəni qızılın pul ilə nisyə satışı olduğu üçün caiz olmaz. Vurğulamaq lazımdır ki, hər bir halda qızıl və valyuta alqı-satqısı nağd edilməli və müsəlman imkan daxilində şübhəli şeylərdən çəkinməlidir.

      Sual: Bank kartı ilə edilən nisyə alış-verişlərdə nağd qiymətə nisbətən yuxarı qiymətə satış caizdirmi?

      Cavab: Əvvəla qeyd edək ki, bir malı nağd satmaq halal olduğu kimi, onu nisyə və hissə-hissə ödənişlərlə də satmaq caizdir. Belə ki, nağd və ya hissə-hissə ödənişlər müəyyənləşdirərək satışa qoyulan bir malın müxtəlif təklifləri nəzərdən keçirildikdən sonra, bunların birini seçib müqavilə bağlamaq surəti ilə nisyə və yaxud nağd satın almaq, ya da satmaq caizdir və bunda hər hansı bir qəbahət yoxdur. Alış-verişdə əsas olan satılan əşyanın və onun əvəzinin müəyyən edilib müqavilənin məhz bunun əsasında bağlanmasıdır. Bu qaydaya riayət etmək şərti ilə nisyə satılan bir malı daha baha qiymətə satmaqda heç bir qəbahət yoxdur. Ancaq satan və satın alan arasına üçüncü tərəf kimi bank girər və müştərinin adına kredit verərək mağazaya nağd ödəniş edib sonra müştəridən nisyə ödənişləri qəbul edərsə, bu, tam olaraq faizli müqavilə sayıldığı üçün caiz olmaz.    

      • Hits: 19 clicks

      Tecox component by www.teglo.info