Nurlan MƏMMƏDZADƏ - HƏMRƏYLİYİN ZƏFƏRİ

      Share

      Hər il dekabr ayının gəlişi bizə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü xatırladır. İlin son günü olan 31 dekabrı həmrəylik təəssüratları ilə başa vurmaq hər birimizin şüuraltına birlik-bərabərlik və müqəddəs amal ətrafında səfərbərlik mesajları ötürür. Arazın otaylı-butaylı sakinləri olan və uzun illər tikanlı məftillərlə bir-birindən ayrı qalan azərbaycanlıların 1989-cu ilin məhz həmin günündə sərhəd dirəklərini sökərək birlik və bərabərliklərini qeyd etməsi artıq uzun illərdir ki, bütün dünya azərbaycanlılarının birlik simvoluna çevrilib. Biz bu möhtəşəm aksiyanı hər il 31 dekabr tarixində bir daha yada salırıq. Həmrəylik bayramı bizi birliyə, diriliyə, can deyib can eşitməyə səsləyir. Həmrəylik bir dəyərdir. Bizi bizə qaytaran, güclü edən, düşmənlərimizin qəlbinə qorxu salan bir dəyər.

      Eyni düşüncə və müqəddəs amal ətrafında birləşməyi bizə dinimiz də əmr edir. Allah-Təala uca kitabımız Qurani-Kərimdə: “Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın!”[1], - deyə bizi birliyə səsləyir. Bölünüb parçalanmağı qadağan edir. Əks təqdirdə yox olmamızı istəyən düşmənlərin önündə zəifləyəcəyimizi də belə xəbər verir: “Allah və Onun Peyğəmbərinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir”.[2] Həzrət Peyğəmbər (s.ə.s) də “Camaatda (birlikdə) rəhmət, ayrılıqda əzab vardır”[3] buyuraraq xoşbəxtlik və firavanlığın, ilahi rəhmətin məhz ümmət arasındakı birlikdən keçdiyini bildirir.

      Bu il həmrəylik günümüzün qeyd olunduğu 31 dekabra fərqli duyğularla giririk. Həmrəylik və birliyin şirin meyvələrini yenicə toplayan bizlər bu il həmin günü ikiqat bayram sevinci ilə qeyd edəcəyik inşallah. Bəli, biz millət olaraq ən böyük problemimizi məhz həmrəy olaraq həll etdik. Cənab Prezidentimizin Vətən Müharibəsi adlandırdığı ikinci Qarabağ savaşını bu millət həmrəylik hesabına qazandı. Ali Baş Komandanından tutmuş sıravi vətəndaşına qədər, yeddidən yetmişə hər kəsin sərgilədiyi birlik və bərabərlik qarşısında yağı düşmən tab gətirə bilmədi. Cəsur əsgərlərimiz səngərdə çiyin-çiyinə verərək qəhrəmancasına vuruşarkən arxa cəbhədəkilər də “hər şey vətən üçün, hər şey cəbhə üçün” şüarının ən gözəl nümunəsini yaşadılar. Könüllü olaraq orduya qatılanlar, xəstəxanada çalışan tibb bacıları, aldığı aylıq məvacibini son qəpiyinə qədər Azərbaycan ordusuna dəstək kampaniyasına bağışlayan insanlar, dövlətin bütün ehtiyaclarını qarşılamasına baxmayaraq yenə də əsgərlər üçün yemək bişirib aparan yaşlı analar, əlcək, corab toxuyub soyuq səngərdə keşikdə duran igid oğullarımıza göndərən bacılar və o əsgərlərə qəlbinin ən incə hissləri ilə məktub yazıb ürək-dirək verən azyaşlı məktəblilər ən böyük həmrəylik nümunəsi sərgilədilər. Media müharibəsində fəallıqla iştirak edən hazırcavab jurnalistlərimiz, mətbuat nümayəndələrimiz, diplomatiya sahəsində haqq səsimizi bütün dünyaya çatdıran Hikmət Hacıyev kimi dövlət xadimlərimiz də bu müharibəni udmamızda ön cəbhədə vuruşan əsgərlərimiz qədər fəal olmağa çalışdılar.

      Biz bu müharibədə sadəcə azərbaycanlıların deyil, eyni zamanda bəlkə də gələcəkdə bütün Türk dünyasının birlik sərgiləməsinə vəsilə olacaq Azərbaycan-Türkiyə arasındakı həmrəyliyin də şahidi olduq. Ölkə prezidentləri cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın timsalında zirvəyə yüksələn iki qardaş ölkənin bütün dünyaya verdiyi birlik mesajı qarşısında güclü erməni lobbisi belə tab gətirə bilmədi. Pakistanlı qardaşlarımızın hər zaman yanımızda olduqlarını söyləməsi ilə ümmətin birlik və bərabərliyi sayəsində nələrə nail olacağımızı öyrəndik. Azərbaycanın hər bölgəsində küçələri bəzəyən üçrəngli bayrağımızla yanaşı qardaş Türkiyənin və sadiq Pakistanın şanlı bayraqlarının dalğalanması qəlbimizi coşduran bir başqa həmrəylik təzahürləri oldu. Nəhayət, 9 noyabr tarixində gecə saatlarında düşmən ağ bayraq qaldıraraq bütöv Azərbaycan qarşısında tab gətirə bilmədiyini qəbul etdi. Ertəsi günü bütün Azərbaycan qələbə günü kimi qeyd etdi. Bu, bizim üçün həmrəyliyin zəfəri oldu.

      Biz həmrəy olub, birlik sərgilədik və 30 ilə yaxın bir müddətdə yağı tapdağındakı torpaqlarımızı geri qaytardıq. Əlbəttə ki, birliyimiz düşmənlərimizin qəlbində qısqanclıq atəşini daha da alovlandırmışdır. Artıq müxtəlif üsullarla bu bərabərliyimizi pozmağa çalışacaqları dəqiqdir. Bəlkə bundan sonra əvvəlkindən daha ayıq-sayıq olmalı, birliyimizi sarsıtmaq istəyənlərə əzmli duruşumuzla layiqli cavabı verməliyik. Torpaqlarımızın azadlığı uğrunda sərgilədiyimiz birliyi indi o gözəl yurdumuzu abadlaşdırmaq üçün göstərməliyik. Çünki tariximizi əks etdirən məşhur “Dədə Qorqud” filminin son səhnəsində deyildiyi kimi: “Torpağı qorumayacaqsansa əkib-becərməyə dəyməz. Əkib-becərməyəcəksənsə qorumağa dəyməz”. Biz bu gün torpağımızı qoruduq, bu yolda şəhidlər verdik. İndi növbə onu əkib-becərməkdədir. Ümidvarıq ki, bütün azərbaycanlılar əsirlikdən qurtulan ana torpağın yaralarını sarmaq işində də həmrəylik sərgiləyəcəklər. Bu həmrəyliyin nəticəsində Vətən torpağımız güllər açacaq.    

       

      [1] Ali-İmran, 103

      [2] əl-Ənfal, 46

      [3] Əhməd, Müsnəd 4, 145

       

      • Hits: 49 clicks

      Tecox component by www.teglo.info