Aqil ƏLİYEV - Şəhid cənazəsində ədəb qaydaları

      Share

      Şəhid olmaq ən şərəfli bir sonluqla dünya həyatı ilə vidalaşmaq, müvəqqəti olan dünya həyatına gözlərini yummaqdır. Vidalaşmaqdır, çünki şəhidlik ölmək demək deyil. Şəhidlər ölməz. Onlar ölümsüz qəhrəmanlardır. Uca Allahın buyurduğu kimi: Allah yolunda öldürülənlərə “ölülər”­ deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz”. (əl-Bəqərə, 154) 

      Şəhidlik həyata gözlərini yumub axirətə və əbədiyyətə qovuşmaqdır. Elə bir qovuşmaq ki, təkrar şəhid olmaqdan başqa heç bir arzu, heç bir nemət onlara axirət nemətlərinə qovuşmaqdan daha xoş gəlməməkdədir. Təkcə bir məqsədlə dünyaya geri dönmək istəyərlər; o da bir daha şəhid olmaq, dəfələrlə yenidən şəhid olmaq arzusudur. Necə ki, Allah Rəsulu (s.ə.s) bu haqda belə buyurmuşdur:

      “Cənnətə daxil olan heç kəs, dünyadakı hər şey ona verilsə də, dünyaya qayıtmaq istəməz. Lakin şəhid bundan istisnadır. O, görəcəyi ikramdan ötrü təzədən dünyaya qaytarılıb on dəfə daha öldürülməyi arzulayar”. (Buxari, Cihad, 6; Müslim, İmarə, 108)

      Elə bilirəm ki, hər birimizin şəhidlik və onun fəziləti haqqında kifayət qədər məlumatı var. Çünki son iki ayda, demək olar ki, hər gün şəhid xəbərləri eşidir, şəhidlik haqqında məlumatlar alır və ya şəhidlərin dəfnində iştirak edirik. Müzəffər ordumuzun iki aydan daha az bir zamanda sürətlə irəliləməsi və qalibiyyətə imza atması hamımızı sevindirməklə yanaşı, Vətən üçün verdiyimiz qurbanlar, şəhid cənazələri bizi kədərə qərq edir.

      Bu məqaləmizdə istərdim ki, daha çox şəhid cənazələrini necə qarşılayıb son mənzilə yola salmağın dini qaydaları və ədəbləri haqqında danışaq.

      Dinimizə əsasən şəhidlər digər insanlardan fərqli olaraq yuyulmaz, kəfənlənməz və öz qanlı paltarları ilə dəfn olunarlar. Onların qanlı libası Qiyamət günü şəhadətlərinin sübutu olacaqdır. Şəhidlər üçün sadəcə cənazə namazı qılınar. Mümkün mərtəbə şəhid düşdükləri yerdə dəfn olunarlar.

      Dəfndə iştirak edən bütün insanlar şəhidin cənazə namazı üçün cərgədə yer tutmağa və dəfndə sona qədər iştirak etməyə çalışmalıdır. Onlar üçün qılınan cənazə namazı eyni zamanda onun namazına dayanan insanlar üçün bir şəfaət vəsiləsi olacaqdır, inşallah. Şəhidlərin şəfaət edəcəkləri haqda  Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Ümmətimdən elə alim, şəhid, saleh kəslər var ki, kimisi bir çox qəbilələrdən ibarət bir camaata şəfaət edər, kimisi bir qəbiləyə şəfaət edər, kimisi bir dəstə adama şəfaət edər, kimisi də bir nəfərə şəfaət edər və onların cənnətə girməsinə vəsilə olar”. (Tirmizi, Qiyamət, 11)

      Bundan əlavə, öz şirin canını bizim üçün qurban verən şəhidi son mənzilə yola salarkən biz də onun qarşısında öz borcumuzu yerinə-yetirməklə məsuluq. Bu tarixi məqama, onların şəhidliyinə biz də şahidlik etməliyik.

      Bizim yuxarıda şəhidlər üçün qeyd etdiyimiz cənazə və dəfn əhkamları dinimizin göstəriş və tələblərində yer alan qaydalardır. Bu günün şərtləri və texniki imkanları keçmişin şərtlərindən xeyli fərqlidir. Dəfn prosesinin bir qismi dövlət tərəfindən icra olunmaqdadır. Buna görə də bu qaydaların tətbiq edilməsində bəzi fərqliliklərlə qarşılaşmaqdayıq. Bundan əlavə, bu günün silahları da qədimdə olduğu kimi oxdan və qılıncdan ibarət deyil. Şəhid olan insan bəzən bədəninin əksər hissəsini itirə, yana və tanınmaz hala gələ bilər. Hətta döyüş meydanında və ya düşmən əlində bir neçə gün qala bilər. Belə olan halda onlar yuyulub kəfənlənir və bəzən tabutla bərabər dəfn olunurlar.

      Başqa bir məsələ isə şəhidlərin cənazəsində əl çalmaq və fit səsləri yüksəltməkdir. Bu bir həqiqətdir ki, bu adət bizə qeyri-müsəlmanlardan keçmişdir. Bizim dinimizdə əl çalmaq və fit səsləri çıxartmaq ümumiyyətlə xoş qarşılanmayan hərəkətlərdəndir. Bunun əvəzinə “Allahu əkbər!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Bayraq enməz, azan dinməz!” kimi insanlarda vətənpərvərlik və milli-mənəvi ruhu yüksəldəcək ifadələr, şüarlar səsləndirilməlidir. Bəzi millətlərdə olduğu kimi, şəhid cənazəsini musiqi ilə müşayiət etmək də doğru deyil. Biz çalışmalıyıq ki, hər bir işimizdə və hər bir tədbirimizdə dinimizin qoymuş olduğu qaydalara böyük əhəmiyyət verək. Unutmayaq ki, zəfər və müvəffəqiyyət eyni zamanda soykökümüzə, mənəviyyatımıza və birliyimizə sadiq qalmaqla gerçəkləşər.

      • Hits: 49 clicks

      Tecox component by www.teglo.info