Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Qəbir əzabı varmı?

      Cavab: Hissiyyat və yaxud mühakimə yürütməklə bilinməyib vəhy yolu ilə sabit olan qeyblə bağlı məsələlərdən biri də qəbir əzabıdır. Bu məsələ bəzi ayələrin işarəsi (ət-Tövbə, 9/101; əl-Mümin, 40/46) və müxtəlif hədislərin açıq-aydın bildirməsi nəticəsində məlum olmuşdur. Bir hədisi-şərifdə Həzrət Peyğəmbərimiz (s.ə.s): “Qəbir axirət dayanacaqlarının birincisidir. Bir insan əgər o dayanacaqdan xilas olarsa, sonrakı dayanacaqları daha asan keçər. Əks təqdirdə sonrakıları keçmək çox çətin olar”, (Tirmizi, Zöhd, 5) – buyuraraq, ölümlə axirət həyatının başladığını bildirmişdir. İnsan öldükdən sonra qəbrə qoyulanda Münkər və Nəkir adlı iki mələk onun yanına gələrək bir sıra suallar soruşacaq, iman və yaxşı əməl sahibləri həmin suallara düzgün cavab verəcəklər və onlar üçün cənnətin qapıları açılaraq cənnət göstəriləcəkdir. İnkarçılar və münafiqlər isə bu suallara düzgün cavab verə bilməyəcək, onlar üçün cəhənnəmin qapıları açılaraq cəhənnəm göstəriləcəkdir. İnkarçılar və münafiqlər qəbirdə əzab görəcək, möminlər isə nemət içərisində xoş və rahat bir həyat sürəcəklər. (Tirmizi, Cənaiz, 7) Məhz bu səbəbdən Rəsulullah (s.ə.s) çox vaxt qəbir əzabından mühafizə etməsi üçün Uca Allaha niyaz etmişdir. (Buxari, Azan, 149; Müslim, Cənaiz, 85)   

       

      Sual: Qəbir ziyarəti necə edilməlidir?

      Cavab: Qəbirlərin ziyarət edilməsi, bu ziyarət vasitəsilə ölümün xatırlanması və orada yatanlardan ibrət alınması dinimizin tövsiyə etdiyi əməllərdəndir. Odur ki, qəbir ziyarəti edən bir şəxs axirəti xatırlamalı, dünyanın müvəqqəti bir yer olduğunu və bir gün özünün də öləcəyini düşünməlidir. Həzrət Peyğəmbərimiz (s.ə.s) gecələri Bəqi qəbiristanlığına gedər və: “Ey möminlər yurdunun sakinləri, salam olsun sizə! İnşallah, biz də sizə qovuşacağıq! Bizə və sizə Allahdan afiyət diləyirəm! Allahım, Bəqi qəbiristanlığında olanları bağışla!” - deyə dua edərdi. (Müslim, Cənaiz, 102)

      Qəbir ziyarətində olanın ölən üçün dua etməsi və Qurani-Kərim oxuyaraq savabını oradakıların ruhlarına bağışlaması məqsədəuyğun əməllərdəndir.

      Bundan əlavə, qeyd edək ki, qəbir və türbə ziyarətində İslam dininə və onun tövhid əqidəsinə zidd olan hərəkətlərdən uzaq durmaq lazımdır. Belə ki, qəbir üstündə ucadan ağlamaq, qəbir daşını öpüb qucaqlamaq kimi hərəkətlər İslam dininə görə düzgün hesab olunmur. O cümlədən orada yatan şəxsləri fövqəlbəşər varlıqlar kimi qəbul etmək, onların duaları qəbul etdiyinə, ilahi qüvvələrinin olduğuna inanmaq düzgün olmamaqla yanaşı, bəzi ehtiyacları və arzuları onlara ərz etmək, onlardan kömək istəmək, bu kimi ziyarətləri dini bir vəzifə kimi qəbul etmək, eləcə də parça bağlamaq, şam yandırmaq, qurban kəsmək və şirniyyat paylayaraq onlardan yardım istəmək kimi hərəkətlərə yol vermək tövhid dini olan İslama uyğun gəlməyən hərəkətlərdir. Ölən insanlardan yardım istəmək və onlardan bəzi şeylər gözləmək iman baxımından təhlükəli davranışlardır. Odur ki, hər bir müsəlman bu kimi hərəkətlərdən uzaq durmalı və digər insanlar bu məsələlərdə maarifləndirilməlidir.  

      Sual: Qadınlar qəbir ziyarətinə gedə bilərlərmi?

      Cavab: Hər bir müsəlman qəbir ziyarətinə gedə bilər. Həzrət Peyğəmbərimiz (s.ə.s) cahiliyyə adətlərinin davam etdiyi dövrdə müəyyən bir müddət qəbir ziyarətinə qadağa qoymuş, ancaq daha sonra bu qadağanı aradan qaldıraraq: “Qəbir ziyarətini sizə qadağan etmişdim. Artıq qəbirləri ziyarət edə bilərsiniz. Çünki bu sizə axirəti xatırladır”, (Müslim, Cənaiz, 106) – buyurmuşdur. Odur ki, qadınlar da qəbirləri ziyarət edə bilərlər. Başqa bir rəvayətdə qeyd olunur ki, Həzrət Peyğəmbər (s.ə.s) övladının qəbri üstündə ağlayan bir anaya səbir etməyi tövsiyə etmiş və onun ziyarətinə mane olmamışdır. (Buxari, Cənaiz, 7; Müslim, Cənaiz, 62) Bunu da vurğulamaq lazımdır ki, Həzrət Peyğəmbərin (s.ə.s) qəbirləri çox ziyarət edən qadınlara bəddua etdiyini bildirən hədislər qəbir ziyarətinin qadağan olduğu vaxtlara təsadüf edir. (Tirmizi, Cənaiz, 62)

      Sual: Qəbrin üstündə oturmaq və yaxud dayanmaq günahdırmı?

      Cavab: İnsan həyatda ikən hörmət edilməli bir varlıq olduğu kimi, öldükdən sonra da hörmət qoyulmalıdır. Belə olan halda ölülərə hörmət edilməli və hörmətsizlik mənasına gələn bütün hərəkətlərdən uzaq durulmalıdır. Odur ki, zərurət olmadıqca qəbirlərin üstündə oturulmamalı, tapdayıb keçilməməli və digər məqsədəuyğun olmayan hərəkətlərə yol verilməməlidir. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sizdən birinizin alovun üstünə oturub paltarını yandırması qəbrin üstünə oturmasından daha yaxşıdır”. (Müslim Cənaiz, 96) Ancaq qəbrin kənarında oturmaqda hər hansı bir qəbahət yoxdur.

      • Hits: 51 clicks

      Tecox component by www.teglo.info