Müsahibə hərbi ekspert Emin Həsənli

      Share

      Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli:

      “Tezliklə zəfər bayrağımız bütün torpaqlarımızda dalğalanacaq!” 

      İrfan: Emin müəllim, şanlı ordumuz hər gün yeni zəfərlərə imza atır, Ali Baş Komandanımızdan hər gün zəfər müjdələri eşidirik. Bu gözəl hadisələri necə şərh edərdiniz?

      E.Həsənli: Bilirsiniz, xalqımız çoxdandır belə xoş xəbərləri gözləyirdi. Azərbaycanın güclü ordusu və qətiyyətli, uzaqgörən, müdrik Ali Baş Komandanı var. Elə hadisələrin başlanğıcında Prezident İlham Əliyev xalqa müraciətində vəziyyəti ətraflı təhlil etdi. Dövlətimizin başçısı Ermənistanın xüsusən son illər törətdiyi təxribatları diqqətə çatdıraraq bildirdi ki, işğalçı ölkə danışıqlardan yayınır. Azərbaycan xalqı iki əsrdir erməni terrorundan və işğalından əziyyət çəkir. Azərbaycan Ordusu, xalqı, dövləti buna son qoymağın vaxtının çatdığını düşmənə göstərdi. Bu gün bütün Azərbaycan xalqı vahid bayraq altında birləşib, vətəndaşlarımız Ordumuzun yanındadır. Biz böyük tarixi anlar yaşayırıq. Qələbə Azərbaycanındır!

      - Azərbaycanın şəhər və rayonlarını, mülki əhalini qorumaq üçün nə kimi tədbirlər görülür?

      - Bu bir həqiqətdir ki, sentyabrın 27-dən başlayan Böyük Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı qələbələr düşmən tərəfi daha da azğınlaşdırdı və onlar hər zaman olduğu kimi savaş meydanında məğlub olub, mülki əhalini hədəfə aldılar. İlk başda Ağdam, Tərtər, Bərdə, Goranboy rayonları düşmənin atəş nöqtəsinə çevrilsə də, sonra hədəfi daha da böyüdərək namərd planlarına Gəncəni də daxil etdilər. Gəncədə bu yaxın günlərdə baş verən terror hadisələrində uşaqlar, qadınlar da daxil olmaqla dinc sakinlər həlak oldu. Bundan başqa, Ermənistan strateji obyektləri, beynəlxalq enerji layihələrini, Mingəçevir SES-i, Xızını, Abşeronu hədəfə alsa da, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən bu hücumların qarşısı alındı.

      Ölkə ərazisində hava hücumundan müdafiə sistemi həddindən artıq yüksək səviyyədə qurulub. Əgər belə olmasaydı, şəhərlərimiz yüksək səviyyədə müdafiə olunmasaydı, vaxtında bu istiqamətdə işlər görülməsəydi, indikindən 20 dəfə böyük zərbələr alardıq. Düşmən tərəfindən həm Gəncəyə, həm Mingəçevirə, həm Bakıətrafı yaşayış məntəqələrinə, Qəbələ və Kürdəmirə, həm də digər yerlərə atılan zərbələrin törətdiyi faciələrin miqyası daha böyük olardı. Əslində indiki miqyas çox azdır. Doğrudur, bu da olmamalı idi. Mülki əhaliyə o cür raketlər atılmamalı idi. Mülki əhaliyə heç bir silahdan atəş açmaq olmaz, o ki qaldı raket olsun. Bizim çox güclü peşəkar ordumuz var. Necə  ki, əks-hücumda çox böyük nailiyyətlər əldə etmişik, eyni zamanda hava hücumundan müdafiədə də çox böyük peşəkarlıq göstərilir. Qarabağda ermənilərə məxsus zenit raket komplekslərinin hamısını sıradan çıxartmışıq. Onlar artıq Ermənistan ərazisindən atırlar, bununla həm diqqətimizi yayındırmağa çalışırlar, həm də istəyirlər ki, digər ölkələri bu proseslərə cəlb etsinlər. 

       

       

       

      - Gəncəyə atılan raketlərdən sonra hərbi strategiyamızda hər hansı bir dəyişiklik oldumu?

      - Yaşayış binalarını hədəf alan Gəncə hücumundan sonra müdafiə sistemimiz haqqında bəzi əsassız fikirlər səsləndi. Bu, belə deyil. Bütün ölkə ərazisində, hər tərəfdə Azərbaycanın hava sərhədləri qorunur. Gəncədə də, Qazaxda da. Qazaxdan Naxçıvana qədər, oradan da Qusara qədər hər yerdə hava məkanı qorunur. Gəncənin müdafiəsiz olması doğru fikir deyil. Orada da çox sayda hava hücumlarının qarşısı alınıb. Bəzən həmin ərazilərdən qadın və uşaqların çıxarılması ilə bağlı fikirlər səslənir. Düşmənin məqsədi də elə budur ki, yeni qaçqın köçü yarana, xaos yarana. Ancaq xalqımız özü də çox mərd və cəsarətlidir, heç kim evindən çıxmır. Dövlət də baş verə biləcək təhlükələrin qarşısını alır. Heç kim istəməz ki, mülki əhali şəhid ola, dünyasını dəyişə. Bu qəbuledilməz haldır, dünyadakı bütün hüquqlara, bütün konvensiyalara ziddir. Düşmən cəbhədə çox böyük zərbə alır, canlı qüvvəsini, milyonlarla dəyəri olan hərbi texnikasını, əlindəki mövqeləri, yüksəklikləri itirir. Ona görə də azğınlaşırlar, mülki əhalini vururlar. Lakin bütün bu hücumların qarşısı alındı. Bundan sonra da alınacaq.

      - Sizcə hadisələr nə vaxt bitəcək, bir tarix vermək mümkündürmü?

      - Biz haqq yoldayıq. Bu, Quranla da belədir, beynəlxalq hüquqla da. Bəqərə surəsində Allah: “Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun!” – buyurur. Biz otuz ildir ki, bu problemin sülh yoluyla həll olunmasının tərəfdarıyıq. Amma bizə başqa həll yolu buraxmadılar. Və biz bu müharibəni beynəlxalq hüquq normativlərinə uyğun aparırıq. Allah bizimlədir. İnşallah, tezliklə zəfər bayrağımız bütün torpaqlarımızda dalğalanacaq!

      • Hits: 66 clicks

      Tecox component by www.teglo.info