Aqil ƏLİYEV - TALUT və CALUT

      Share

      Uca Allah Qurani-Kərimi bizlər üçün nəsihət, xatırlatma, zülmətdən nura, haqqa, həqiqətə çıxaran bir yol olaraq bəxş etmişdir. Hansı sahədə və istiqamətdə olursa olsun, hər kəs oradan özünə aid  bir işıq, aydınlığa qovuşduran nur tapmaqdadır. Çünki Qurani-Kərimdəki nəsihətlərin və orada anladılan peyğəmbər qissələrinin mərkəzində duran ana amil məhz biz insanlarıq.

      Vətən müharibəsi ilə qarşı-qarşıya qaldığımız bu günlərdə yenə də üzümüzü Qurana, onun nəsihətlərinə, xəbərdarlıqlarına və əziz peyğəmbərlərimizin mübarək həyat hekayələrinə tuturuq. Bir-birindən dəyərli və ibrətamiz bu hekayələr arasında günümüzlə çox yaxından əlaqəsi olan Talut və Calut qissəsi xüsusilə diqqətimizi çəkir. Hadisələr Hz. Davud (ə.s) peyğəmbərin gənclik illərində baş verir. Həzrət Musanın (ə.s) rəhbərliyində Fironun zülmündən xilas olan yəhudilər bu səfər Əmaliqə qövmü ilə qarşı-qarşıya qalırlar. Bir müddət zillət və əziklik içində yaşayan Bəni İsrail dövrün peyğəmbərinə (Samuel) müraciət edirlər ki, Allah onlara kömək etsin və Əmaliqə qövmünə qalib gələrək rifaha qovuşsunlar. Peyğəmbər onlara Talutu komandir təyin edir. İlk başda narazı olsalar da, daha sonra razılaşırlar. Talut komandir kimi təyin olunduqdan sonra Əmaliqənin başındakı Caluta qarşı döyüşmək üçün səfərə hazırlıq görür. Talut eyni zamanda hikmət əhli idi. O, bu səfərdə bir çox imtahanlarla qarşı-qarşıya qalacaqlarını və imtahanları səbirlə aşacaqları təqdirdə zəfər qazanacaqlarını bilirdi. Bunun üçün də öz ordusuna bəzi təlimatlar verir.

      Bu hadisə Qurani-Kərimdə belə nəql edilir: "Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!" (əl-Bəqərə, 249)

      Talut və Calutun döyüşündən bəhs edən bu ayənin təfsiri ilə əlaqəli bir çox izahlar verilmişdir. Əvvəlcə onu qeyd edək ki, elə Əmaliqəlilər də erməni vəhşiləri kimi zülm və vəhşilik edir, tez-tez İsrail oğullarına hücum edərək mallarını, canlarını qəsb edirdilər. Bu mənada bir növ İsrail oğullarının qədəri bizim Qarabağdan qaçqın düşən insanlarımız kimi olmuşdur. Bir müddət zillət və əziklik içində yaşadıqdan sonra maddi və mənəvi güc toplayıb öz yurd-yuvalarına qovuşmaq, düşmənlərinə lazımi dərsi vermək qərarına gələn Bəni İsrail qövmü bir çox imtahanlarla üzləşir. Zatən böyük zəfərlər hər zaman çətin sınaqlarla əldə olunmuşdur. Bu qissədən çıxaracağımız dərsləri belə sıralaya bilərik:

      Birincisi, döyüşə əzm etdikdən sonra səbir və dözümlülük göstərmək vacibdir. Talutun ordusu ilk başda 80000 nəfər olduğu halda çayı keçib döyüşə çıxanların sayı 4000-ə düşmüşdür. Bu, birinci ələmə olmuş, sonra onlar da azalaraq 313-ə düşmüşdülər. Bununla həqiqi mücahidlər, əzmkar döyüşçülər ortaya çıxmışdır.

      İkincisi, istər sülh dövründə olsun, istərsə də döyüşdə, mütləq şəkildə təyin olunmuş qaydalar vardır. Gündəlik həyatımızda olduğu kimi hər-hansı bir səfərdə də nizam-intizama, halal-harama, əmr və qadağalara tabe olmaq zəfər və qalibiyyət üçün mühüm amildir. Çayı keçmək əsnasında qoyulan qadağalara məhəl qoymayan əsgərlər sudan doyunca içdikləri üçün gücdən düşmüş və Calutun ordusu ilə vuruşa bilməyəcəklərini deyərək səfərə davam edə bilməmişdilər. Bunlar əmrə itaət etmədikləri üçün mənən gücdən düşmüş və ruhları çoxdan ölməyə üz tutmuşdu. Qadağalara əməl etməyib sağlam bir iradə göstərməmək insanları ruhdan salar, zəfərin və müvəffəqiyyətin gerçəkləşməsinə mane olar.

      Üçüncü məsələ çaydan su içməyən və ya icazə verildiyi qədər su içən az saydakı qrupun bu əmrlərə əməl etdikləri üçün qorxusuz olmaları və güc qazanmalarıdır ki, əmrə itaət etməyin nə qədər mühüm olduğunu göstərməkdədir. Burada qalib gələn tərəfin sayca olduqca az olması ayrı bir möcüzə olmuşdur. Az sayda olan bir qoşun da sayı qat-qat artıq bir qoşuna Allahın izni ilə qalib gəlməyə qadirdir. Döyüşdə Talutun ordusunda yer alan cılız və cavan bir əsgər – Davud (ə.s) bir sapand daşı ilə vurub Calutu yerə sərir. Bu da təkcə qol gücünün qalib gəlmək üçün kifayət etmədiyini göstərir.

      Dördüncü xüsus isə geridə qalan az sayda əsgərlərin Allaha güvənmələri, yardımı, zəfəri ancaq Ondan bilib, dua edib Allahdan güc-qüvvət və qalibiyyət istəmələridir. Silah ordusu ilə yanaşı dua ordusuna da daim ehtiyacımız vardır. Silah-sursatımız, ordumuz, texnikamız nə qədər müasir olursa olsun, zəfərin Uca Allahın əlində olduğunu unutmamalıyıq. Səfər bizdən, zəfər Rəbbimizdəndir! Allah ordumuza zəfər bəxş etsin!..

      • Hits: 66 clicks

      Tecox component by www.teglo.info