Ramiz MƏMMƏDOV - ONUN KİÇİK QARDAŞI

      Share

      Məkkə şəhəri, günlərdən bir gün... Bir ana uşaq dünyaya gətirəcək, amma köməyinə heç kimi çağıra bilmir... Ağlına Kəbə gəlir, dərhal oraya üz tutur... Tarixdə ilk dəfə Kəbədə bir uşaq dünyaya gəlir. Fatimə dünyaya gətirdiyi uşağa bir ad qoyur: “Əsəd”, yəni aslan! Adın insan üzərində təsiri olur deyirlər; insan isimlə müsəmma olub bu qədərmi eyniləşər? Aslanlara bir anlıq düşüncə verilsə, onların adının kimə qoyulduğunu gördüklərində şərəf hiss edərdilər, yəqin. Çünki onun cəsarəti, şücaəti, qorxmazlığı aslanları qısqandıracaq cinsdən idi. Hətta o, gələcəkdə “Allahın aslanı” olacaqdı.

      Məkkədə insanların əksəriyyəti ticarətlə məşğul olurdu. Çünki Məkkənin coğrafi mövqeyi əkinçiliyə imkan vermirdi. Maldarlıq da çox zəif inkişaf etmişdi. Belə bir coğrafi şərait insanları ticarətə məcbur edirdi. Məkkədə ticarətin inkişaf etməsinin başqa bir səbəbi də o şəhərdə yerləşən Kəbənin insanlar üçün müqəddəs bir məkan olması idi. Buna görədir ki, hər tərəfdən insanlar axın-axın oraya gəlirdi. Belə olan halda ticarət üçün münbit şərait yaranırdı. Məkkəlilər də öz növbəsində bu fürsəti lehlərinə çevirə bilirdilər.

      Əsəd dünyaya gözünü açanda atası ticarət məqsədi ilə Şama getmişdi. Əbu Talib Şamdan qayıdanda oğlunun doğulduğunu öyrənir və çox sevinir. Xanımı Fatiməyə: “Sən onu qoyduğun adla çağıra bilərsən, ancaq mən ona “Əli” adını verirəm”, - dedi.  Əlinin mənası şanı, şərəfi uca deməkdir. Onun şanı, şərəfi uca olsun deyə atası ona bu adı verdi.

      Əbu Talibin ailəsi böyük, özü də kasıb biri idi. Üstəlik həmin illərdə Məkkədə quraqlıq baş vermiş, ümumi olaraq xalqın vəziyyəti də pisləşmişdi. Hz. Peyğəmbər uşaq ikən onu himayə edən, ata nəvazişi göstərən,  uşaqlarından ayırmayan sevimli əmisi Əbu Talibi maddi çətinliklə baş-başa qoya bilməzdi. Odur ki, maddi vəziyyəti yaxşı olan digər əmisi Abbasa bu narahatçılığını dilə gətirdi. Əbu Talibin uşaqlarından birini onun, digərini də özünün götürməsini təklif etdi. Abbas bu fikri məmnuniyyətlə qarşıladı. Birlikdə Əbu Talibin yanına gedib fikirlərini ona söylədilər. O da onların bu təşəbbüsünə çox sevindi. Beləliklə, Cəfəri əmisi Abbas, Əlini də özü himayəsinə götürdü.

      Kiçik Əli Peyğəmbərimizin (s.ə.s) himayəsinə alındığında təxminən beş yaşında idi. Hz. Əli Peyğəmbərin yanında qaldığı dövrü belə anladır: “Uşaq idim, o məni bağrına basar, yanında yatırar, qoxlayar, loğmanı çeynəyib məni yedirərdi. Mən də daima dəvənin balası anasının ardınca getdiyi kimi onun ardından gedərdim. O, hər gün mənə xasiyyətindən birini öyrədər, ona tabe olmağımı buyurardı”.

      Yenə rəvayətə görə, Hz. Peyğəmbər Əlini çiyninə alar, Məkkənin dağlarında, ovalarında gəzdirərdi.

      Hz. Əlinin  tərbiyəsi ilə Peyğəmbərimizin şəxsən məşğul olması onun üçün böyük bir ilahi lütf idi. Elə buna görədir ki:

      * O, on yaşında bir uşaq olmasına baxmayaraq, Hz. Peyğəmbərin dəvətinə ilk icabət edənlərdən biri oldu. Peyğəmbərimiz ona: “Əvvəlcə atanla danış, sonra qərarını qətiləşdir”, -  desə də, o: “Allah məni yaradanda atamdan soruşdumu ki, mən də indi onun dininə girmək üçün atamdan icazə alım?” - demək fərasətini göstərdi.

      * Xeybər müharibəsində böyük bir sərkərdə olduğunu sübut etdi.

      * Hz. Peyğəmbərin hicrət etdiyi gecə ölümü gözə alıb onun yatağında yataraq cəsarət nümayiş etdirdi.

      * Hz. Peyğəmbərin (s.ə.s)  əmanətləri sahiblərinə çatdırması üçün məhz ona verməsi  onun əmin biri olduğunu göstərdi.

      * Öz loğmasını dəfələrlə başqasına verərək isarın zirvəsini yaşadı.

      * Öldürmək üzrə olduğu düşməninin onun üzünə tüpürməsi səbəbi ilə onu Allah rizası üçün yox, öz nəfsinə görə öldürəcəyindən ehtiyat edərək düşmənini öldürmədi, ən böyük səmimiyyət sahibi olduğunu göstərdi.

      * Hz. Peyğəmbərin: “Mən elmin şəhəri, Əli də o şəhərin qapısıdır”, - ifadəsinə məzhər oldu.

      * Hz. Peyğəmbərin: “Musaya Harun nədirsə, sən də mənə osan”, - iltifatına nail oldu.

      * Hz. Peyğəmbərin “Əhli-Beyti” olma şərəfinə nail  oldu.

      * Hz. Peyğəmbərin etimadını qazanıb vəhy katibi, kürəkəni, həm də sirdaşı oldu.

      * Hz. Peyğəmbərin xəlifəsi olma şərəfinə nail olanlardan oldu.

      * Hz. Peyğəmbər Mədinədə mühacir və ənsarı bir-birilərinə qardaş elan etdikdə  Rəsulullahın qardaş seçdiyi şəxs oldu.

      Nəhayət, O,  bu günə qədər unudulmayan İslam qəhrəmanlarından biri olaraq hər zaman möminlərin nümunə aldığı şəxsiyyət oldu. Bütün bunlar, əlbəttə ki, Hz. Peyğəmbərin tərbiyəsindən keçməyin nəticəsi idi.

      • Hits: 82 clicks

      Tecox component by www.teglo.info