Nurlan MƏMMƏDZADƏ - NƏ İZLƏYƏK?

      Share

      Bu ay “Nə izləyək?” rublikamızda qiymətli oxucularımıza yeni bir kino tanıtmaqdan daha çox, hamımızın dəfələrlə izlədiyi bir kino haqda bəzi maraqlı faktlardan söz açmaq istəyirik. Həzrət Peyğəmbərlə bağlı film və ya videomaterialdan söz düşəndə mütləq ağlımıza “Çağırış” filmi gəlir. Jurnalımızın buaykı buraxılışını nəzərə alaraq məhz həmin filmin maraqlı hekayəsini yazmağın yerində olacağını düşünürük.

      Dilimizə “Çağırış” kimi tərcümə edilən filmin orijinal adı “The Message”dir. İlk tamaşası 1976-cı ildə gerçəkləşən o məşhur filmin ssenari müəllifi H.A.L. Kreiq, rejissoru isə Mustafa Aqqaddır. Azərbaycan izləyicisinin filmlə ilk tanışlığı müstəqillikdən sonra 1990-cı illərin əvvəlində gerçəkləşmişdir. Hər həftənin şənbə günü Həmidə Ömərovanın təqdimatı ilə efirə gedən “Retro” verilişində Allahın elçisi Hz. Muhammədin həyatından bəhs edən bu möhtəşəm film tamaşaçıların qəlbinə işləmişdi. Böyüklü-kiçikli hər kəsin izlədiyi filmin təsirində qalaraq bazar günü səhərləri efirə gedən “Retro”nun təkrar buraxılışında bir daha izləmişdik. Sovetlər dövründə doğulan bir çoxları kimi mən də ilk dəfə azan səsini məhz bu filmdə eşitmişdim. Filmi izləyib namaza başlayanlar olduğu kimi Həzrət Peyğəmbərin həyatından bəhs edən, o vaxtlar nəşr olunan “Səma Elçisi” kimi kiçik kitabların satışında da artım müşahidə edilmişdi. Allah Rəsulunun İslama dəvətindən bəhs edən “Çağırış” filmi eyni zamanda ateist Sovet rejimindən azad olanların İslama çağırışı olmuşdu. Kinematoqrafiyanın bugünkü qədər inkişaf etmədiyi bir dövrdə belə bir əsərin ərsəyə gətirilməsi Mustafa Aqqadın rejissorluq məharəti ilə yanaşı, həm də Hz. Peyğəmbərin həyatını ən gözəl şəkildə insanlara çatdırmaq həssasiyyətindən xəbər verir. İndi isə keçək filmlə bağlı maraqlı məqamlara: 

      * Film Liviyanın devrilmiş sabiq lideri Müəmmər Qəddafinin sponsorluğu ilə çəkilmişdir. İşin başında Səudiyyə Ərəbistanı və Mərakeş hökuməti tərəfindən maliyyələşən film daha sonra inqilabi çalarlar daşıdığı üçün yarı yolda buraxılır. Çıxılmaz vəziyyətdə qalan Aqqadın və  mehmanxana xərcləri ödənmədiyi üçün oteldə çətinlik çəkən aktyorların imdadına yetən isim Qəddafi olur. 

      * Filmin çəkimləri üçün Məkkə şəhəri setinin qurulması tam dörd ay yarım çəkir. Setin hazırlanmasında 300 nəfərin işlədiyi bildirilir.

      * Filmdə Bilal Həbəşi roluna məşhur boksçu Məhəmməd Əlinin çəkilməsinə dair müzakirələr getsə də, rejissor Mustafa Aqqad belə olacağı təqdirdə izləyicilərin gözündə Məhəmməd Əlinin ön planda görünəcəyindən və filmin əsas məğzindən uzaqlaşılacağından ehtiyat edərək həmin rolu Coni Sekaya həvalə edir.

      * İslam tarixində daha sonra müsəlman olan Vəhşi rolunu qanalı Salem Gedara canlandırmışdır. Mustafa Aqqad sonralar verdiyi bir reportajda belə bir xatirəsini danışır: “Filmin vizyona girməsindən bir-iki il sonra telefonum çaldı. Dəstəyi götürdüm. Xəttin obiri başındakı adam “Məni tanıdınmı?”, - deyə soruşdu. Tanıdamığımı bildirdikdə özünü təqdim etdi. Zəng etdiyinə çox sevindiyimi bildirib halını xəbər aldım. Kaş soruşmayaydım: “Allah sənin bəlanı versin, sənin ucbatından küçədə insanlar üzümə tüpürür, hər gün həqarət edirlər. Sən Hz. Həmzəni necə öldürə bilərsən axı, deyib heç kim mənə iş vermir”, - dedi.    

      * Hz. Həmzənin şəhid edilməsi səhnəsi ilə bağlı başqa bir nüans da həmin səhnənin 5 dubldan sonra çəkilib tamamlanmasıdır. Aktyorlar oynadıqları rolla o qədər eyniləşmiş və Hz. Həmzəni o qədər sevmişdilər ki, gerçəkdən Vəhşi rolunu oynayan Salem Gedaranın onu öldürməsinə mane olurdular.    

      * Film eyni anda Antoni Quin, İren Papas, Maykl Forest, Robert Braun və Maykl Ansara kimi Qərb dünyasının tanınmış aktyorları tərəfindən canlandırılarkən həmçinin Şərqin müsəlman aktyorları tərəfindən də canlandırılmışdır. Eyni anda və eyni setdə həm ərəb, həm də ingilis dilində çəkilişlərin həyata keçirilməsi “Çağırış”ın özünəxas cəhətlərindən biri və kino tarixində bir ilkdir. Ümumilikdə filmin çəkilişlərində 28 millətin nümayəndəsi iştirak etmişdir.

      * Film 12 dildə dublyaj olunmuşdur.

      * Döyüş səhnələrinin çəkimləri üçün oyunçularla yanaşı atlar da xüsusi təlimdən keçmişdir. Eyni zamanda bu səhnələrdə Liviya ordusu əsgərləri də yer almışdır.

      * Filmə çəkildikdən sonra Həzrət Həmzə rolunu canlandıran Antoni Quinin İslamı qəbul etdiyinə dair şayiələr gəzsə də, şəxsən Mustafa Aqqad verdiyi reportajda belə bir xəbərin tamamən hüsn-zənn məhsulu olduğunu bildirmişdir.

      * Maraqlı məqamlardan biri də filmin musiqisi ilə bağlıdır. Hər dəfə eşidəndə bizi fərqli atmosferə aparan filmin musiqi bəstəsi fransız bəstəkar Moris Cara aiddir. Təbii ki, Mustafa Aqqadın onu seçməsi təsadüfi deyildi. 150 filmə musiqi bəstələyən və 3 dəfə Oskar mükafatı alan bəstəkarla görüşən rejissor İslam Peyğəmbərinin həyatını lentə aldığını və bu film üçün istifadə olunacaq musiqini məhz onun bəstələməsini istədiyini bildirir. Dahi bəstəkar işin nə qədər ciddi olduğunu anlayaraq səhra şərtlərini görmədən filmə yaraşan bir əsər ərsəyə gətirməyin mümkünsüzlüyünü bildirərək düz iki ay səhrada onun üçün qurulan çadırda yaşamalı olur. Bu iki ay ərzində qumların axışını izləmiş, əsən küləyin ritmini tutmuş, gecə səssizliyini dinləmiş və Hz. Peyğəmbərin həyatından bəhs edən kitabları da oxuyaraq o möhtəşəm musiqisini bəstələmişdir.

      Ecazkar musiqi sədaları altında uzaqdan gələn üç atlının səhnəyə girməsi ilə başlayan o möhtəşəm filmi bir daha izləməyə nə deyirsiniz?     

       

      • Hits: 85 clicks

      Tecox component by www.teglo.info