Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: İşdə qılınan namaz səbəbilə qul haqqına xələl gəlmiş olarmı?

      Cavab: Qeyd edək ki, dini etiqad azadlığının bir hissəsi də insanın ibadət hüququdur. Dini etiqad azadlığı haqqındakı qanunlara əsasən bir dinə inanan insan həmin dinin tələblərini yerinə yetirmək hüququna da malikdir.

       Odur ki, işdə hər hansı bir sui-istifadəyə yol vermədən işəgötürənin icazəsi və xəbəri olmadan qılınan namazda heç bir vəchlə qul haqqı yoxdur. Bundan əlavə, namaz qılarkən keçən vaxtı və işlə bağlı itkini aradan qaldırmaq da mümkündür. 

      Sual: Namaz borcu olanların yerinə başqaları həmin namazları qıla bilərmi?

      Cavab: Sırf bədənlə yerinə yetirilən ibadətlərdə başqasının yerinə həmin ibadəti etmək tamamilə etibarsız bir əməldir. Çünki hər bir kəs öz əməlinin hesabını verəcəkdir. Odur ki, bir kimsə vəfat edən və ya həyatda olan başqa bir şəxsin qılmadığı fərz namazları onun adına qıla bilməz. Belə olan halda hər bir kəs həyatda ikən ibadətlərini şəxsən özü yerinə yetirməyə cəhd etməli və Uca Allahın hüzuruna borclu olaraq getməməyə səy göstərməlidir.

      Sual: Televizor, radio və ya internet vasitəsilə canlı namaz qıldıran bir imama tabe olub namaz qılmaq olarmı?

      Cavab: İmam ilə namaz qıla bilmək üçün camaatın imama tabe olması şərtdir və bunun etibarlı olması üçün də imam ilə camaat eyni məkanda olmalıdır. Belə olan halda imamın namaz qıldırdığı yerdə olmayan bir kəs imama tabe olmağa niyyət edərək namazını qılarsa, onun namazı etibarsız olar. İmam ilə ona tabe olan camaat arasından keçən bir çay və yaxud geniş bir yol belə imama tabe olmağa əngəl hesab olunmuşdur. Odur ki, sözügedən vasitələrdən istifadə edilərək başqa məkanlardan imama tabe olub namaz qılmağa niyyət eməklə onun yanında namaz qılınmış sayılmadığına görə qılınan namaz etibarsız hesab olunur. 

      Sual: İmama tabe olmayanlardan biri imamın səhvini düzəldərsə, namaz pozularmı?

      Cavab: İmam namaz qıldırarkən qiraət zamanı səhvə yol verər və ya oxuduğunu davam etdirə bilməzsə, ona tabe olanlardan birisinin düzəltməsi və ya ona xatırlatması ilə namaz pozulmaz. Lakin ona tabe olmayan bir şəxsin onun səhvini düzəltməsi və yaxud ona xatırlatması nəticəsində imam ona tabe olarsa, namaz pozular. Çünki bu, öyrənmə və öyrətmə sayılır.

      Sual: Namazdan sonra məsciddə görüşmək bidətdirmi?

      Cavab: Görüşmək dostluq və qardaşlıq məqsədilə yerinə yetirilən davranış qaydalarındandır. Həzrət Peyğəmbərimiz (s.ə.s) buna əhəmiyyət vermiş və insanları gündəlik həyatlarında bu kimi davranışlara təşviq etmişdir. Belə ki, bir hədisi-şərifində belə buyurmuşdur: “Bir-biri ilə qarşılaşan iki müsəlman əl verib görüşdükdə onlar oradan ayrılmadan günahları bağışlanar” (Əbu Davud, Ədəb, 154). Müsəlmanlar arasında dostluq və qardaşlığa vasitə olduğuna görə namazdan sonra da görüşməkdə dinən hər hansı bir qəbahət yoxdur. Ancaq qeyd edək ki, bu kimi davranışları camaatla namazın ayrılmaz bir hissəsi kimi qəbul edib toplu halda əda edərək bir ayin halına gətirmək də məqsədəuyğun deyildir.

      Sual: Bir cənazəyə bir dəfədən çox cənazə namazı qılına bilərmi?

      Cavab: Cənazə namazı bir dəfə qılınmaqla fərz yerinə yetirilmiş olur. Bu səbəbdən təkrar qılınmasına ehtiyac yoxdur. Ancaq cənazə namazında iştirak edə bilməyənlər sonradan təkbaşına və ya birlikdə ayrıca təkrarən qıla bilərlər. Bununla bağlı nəql edilən bir rəvayətə görə, Həzrət Peyğəmbərimiz (s.ə.s) Ümmü Sədin cənazə namazında iştirak edə bilmədiyi üçün sonradan onun üçün cənazə namazı qılmışdır (Tirmizi Cənaiz, 47).

       

      • Hits: 79 clicks

      Tecox component by www.teglo.info